Nüfuzlar səfərbər olunduqda

İsmayıllı bələdiyyəsində qurum ərazisindəki 25 minə yaxın əhalini əhatə edən 15 məhəllə komitəsi yaradılmışdır.
Bu komitələr bələdiyyə ilə sakinlər arasında əlaqələndirici rol oynayacaq.
Məhəllə komitələri bələdiyyənin səlahiyyətlərinə aid məsələlərin həllində onlara kömək məqsədi ilə vətəndaşların yaşayış yeri üzrə öz təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir. Məhəllə komitələri yerli özünüidarənin həyata keçirilməsində əhalinin iştirakının digər formalarından biridir.
Bələdiyyənin məhəllə komitəsi ərazi prinsipi üzrə yaradılır. Məhəllə komitəsinin fəaliyyət göstərdiyi ərazinin hüdudları ilə müəyyən edilir.
Bir neçə gün əvvəl İsmayıllı bələdiyyəsi yanında fəaliyyət göstərən məhəllə komitələri sədrlərinin bələdiyyə üzvləri ilə birgə iclası keçirilib. Bələdiyyənin sədri Pərviz Ağayev məhəllə komitələrinin səlahiyyətləri barədə geniş məlumat verib. O bildirib ki, məhəllə komitəsi yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyə qarşısında vəsadtət qaldırır, həmçinin, yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaşdırılması, sanitariya vəziyyətinin yaxşılaşdırılması, uşaq və idman meydançalarının, avtomobil yollarının, küçələrin, səkilərin, parkların və digər obyektlərin tikintisi, yenidən qurulması, təmiri və saxlanması işində əhalinin iştirakını təşkil edir.
Bunlarla bərabər, təbiətin, tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqında mövcud qanunvericiliyə riayət olunmasına kömək edilməsinə, əhalinin asudə vaxtlarında istirahətinin təşkili, mədəni-kütləvi tədbirlərin, uşaq və gənclərin istirahəti, idmanla məşğul olması üçün şərait yaradılmasına kömək edir.
Yığıncaqda məhəllə komitələrinin səlahiyyətlərinə aid olan digər məsələlər də müzakirə olunub.
Bələdiyyənin sədri vətəndaşların vergi mədəniyyətinin yüksəldilməsində məhəllə komitələrinin rolundan da söz açıb. Bu sahədə maarifləndirmə işinin aparılmasının vacibliyi məsələsinə toxunub.
İsmayıllı bələdiyyəsinin məhəllə komitəsi sədrləri Ağasəf Əliyev, Nizami Əhmədov, Rahib Ağayev, Rizvan Orucov, Qalib Bəşirov məhəllə komitələrinin yaradılmasını nüfuzların səfərbər olunması kimi dəyərləndiriblər və bunun müsbət nəticələri olacağına ümidvar olduqlarını bildiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz