Ədliyyə naziri İsmayıllı rayonunda vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 19-da ədliyyə naziri Fikrət Məmmədov İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində yerli sakinlərin, eləcə də Qəbələ və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.Ədliyyə naziri İsmayıllı rayonunda vətəndaşları qəbul edib
Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək, Ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbula yazılış qabaqcadan aparıldığından vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq qəbula birbaşa yazılmaq imkanı yaradılıb.
Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıq edərək, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı naziri F.Məmmədov yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti, həmçinin iş şəraiti ilə tanış olub, hakim və ədliyyə işçiləri ilə görüşərək ölkə Prezidentinin vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ilə bağlı tələblərini diqqətə çatdıraraq aidiyyəti tövsiyə və tapşırıqlarını verib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz