Qızlarımız çempion oldular

Futbolçu qızlarımız Azərbaycan çempionu oldular. 2014-2015-ci il mövsümü üçün AFFA tərəfindən 13 yaşadək (U-13) qız futbolçulardan ibarət komandalar arasında Azərbaycan çempionatı keçirilib.Qızlarımız çempion oldularYarış 3 zonada keçirilmiş və 35 komanda iştirak etmişdir. İsmayıllı rayonunun Hacıhətəmli kənd məktəbinin “Babadağ” komandası baş məşqçi Ədalət Əhmədovun rəhbərliyi ilə “Qərb” zonasında mübarizə aparmış və qrupu maksimim nəticə ilə lider kimi başa vurmuşdur. Rayonumuzun təmsilçiləri növbəti mərhələlərdə qələbə qazanıb finala yüksəlmişdir. Bakının “Bayıl-Arena” stadionunda keçirilən final oyununda isə qızlarımızın rəqibi Bakının “Təhsil” komandası olmuşdur. Gərgin keçən oyun 2-2 hesabı ilə başa çatmışdır. Xatırladaq ki, bakılı futbolçular oyunun sonuna 4 dəqiqə qalmış 2-1 hesabı ilə irəli çıxsalar da, həmyerlilərimiz əzmlə mübarizə apararaq son saniyələrdə bərabərlik qolu vurmuşlar. “Babadağ” komandası rəqibi 11 metrlik zərbələrdə 4-3 hesabı ilə məğlub edərək U-13 Azərbaycan çempionu adını qazanmışdır. Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Təhsil Nazirliyinin Məktəbdənkənar Fəaliyyətin Təşkili Şöbəsinin müdir müavini Vasif Məmmədov və Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanov təqdim ediblər. 23 qolla U-13 qızlar liqasının bombardiri “Babadağ” komandasının oyunçusu Günel Əhmədli xüsusi kubokla təltif edilib. Rayonun idman tarixinə gözəl səhifə yazmış Hacıhətəmlinin futbolçu qızlarını rayon idman ictimaiyyəti və pərəstişkarları adından ürəkdən təbrik edirik. Onu da qeyd edək ki, qızlarımızdan 3 nəfəri respublikanın milli komandasının heyətində çıxış etməyə dəvət alıb.
Xeyrulla Ağayev
Qızlarımız çempion oldular
Qızlarımız çempion oldular

Şərh Yaz