Yodlaşdırılmış duzdan istifadə edin

Duzun yodlaşdırılmasının əhəmiyyətiİnsan orqanizmində maddələr mübadiləsində duz həlledici rol oynayır. Duzun gündəlik istehlakının optimal miqdarı 6 qramdan artıq olmamalıdır. İnsanlar tərəfindən istehlak olunan duzun 80 faizi hazır məhsullar vasitəsilə qəbul edilir, əlavə duzlamaq üçün gündə 2-3 qram duzdan istifadə edilir.
Duz orqanizm üçün tələb olunan yodun mənimsənilməsində ən təsirli vasitələrdən biridir. Lazım olan hormonların yaranması üçün yodun orqanizmə daxil olması vacib şərtlərdən biridir. Məhz bu səbəbdən yodlaşdırılmış duzdan istifadəyə xüsusi əhəmiyyət verilməlidir.
Yaş qrupundan asılı olaraq gündəlik yoda olan tələbat:
Bir yaşa qədər uşaqlara 50 mikroqram (mkq), kiçik yaşlı (2-6 yaş arası) uşaqlara 90 mkq, 7-12 yaş arası uşaqlara 120 mkq, hamilə qadınlar və körpə əmizdirən analara 200 mkq, yaşlı insanlara 100 mkq yod tələb olunur.
Yodlaşdırılmamış duzun fəsadları:
Yodlaşdırılmamış duzdan istifadə edilməsi aşağıdakı fəsadlara yol aça bilir;
* yod çatışmazlığı və artıqlığı hipertireoza səbəb olur;
* qida maddələrinin tərkibində lazımi miqdarda yod olmadıqda, orqanizmdə qalxanabənzər vəz hipertrofiyaya (endemik ur xəstəliyi) uğrayır;
* orqanizmdə maddələr mübadiləsinin, xüsusilə zülal və karbohidratların mübadiləsini zəiflədir;
* orqanizmin müqavimətini azaldır;
* cinsiyyət orqanlarının fəaliyyətini zəiflədir;
* uşaqların əqli və fiziki inkişafdan qalmasına səbəb olur;
* hamilə qadınlar arasında erkən doğuşa və ölü döl doğuşuna səbəb olur və sair.
Duzun yodlaşdırıldığının müəyyən edilməsi üsulları
Duzun qablaşdırılmasında onun yodlaşdırıldığına dair məlumat qeyd olunmalıdır.
Duzun yodlaşdırıldığının müəyyən edilməsində laboratoriya təhlilləri əsas vasitələrdən biridir.
Normativ-texniki sənədlərin tələblərinə görə duzda yodun kütlə payı 40 mkq (10 mkq az, ya da çox) olmalıdır. Duzda nəmliyin kütlə payı isə bir faizdən çox olmamalıdır.
Məişət şəraitində duzun yodlaşdırıldığını müəyyən etmək üçün müxtəlif üsullardan istifadə olunur. Stabilləşdirilmiş nişastanı duzun üstünə tökdükdə, göy ləkənin əmələ gəlməsi onun yodlaşdırıldığını göstərir.
Bunları bilmək vacibdir:
* Duz alarkən onun istehsal tarixinə və saxlanma müddətinə diqqət yetirin;
* yodlaşdırılmış xörək duzunun hazırlandığı gündən etibarən istifadəyə yararlıq müddəti 9 aydır;
* yodlaşdırılmış duzu quru, sərin və qaranlıq yerdə, qapağı bağlı qablarda saxlamaq lazımdır:
* yemək hazırlayarkən yod itkisinə yol verməmək üçün duz son mərhələdə əlavə edilməlidir.
Rayonumuzdakı içməli suların tərkibində yod çox az olduğu üçün satış şəbəkələrində ancaq yodlaşdırılmış duzlar satılmalıdır. Bəziləri belə hallara lazımi əhəmiyyət vermir. Ancaq çox nahaq. Hər il nə qədər adam məhz yodsuzluqdan yaranan xəstəliklərlə həkimlərə müraciət etməli olur. Yadda saxlayın ki, sağlamlığımız öz əlimizdədir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz