İsmayıllı hər sahədə inkişafdadır

Rayonumuz son zamanlar inkişaf yolundadır. Tikinti-abadlıq, aqrar sahələrdəki inkişaf daha ürəkaçandır. Təkcə rayon mərkəzində deyil, kəndlərimizdə də yeni obyektlərin tikintisi davam etdirilir. Bu, ən başlıcası, yeni iş yerlərinin açılması deməkdir. Yeni ətçilik, südçülük təsərrüfatlarının istifadəyə verilməsi ərzaq məhsullarının bolluğunu təmin edəcəkdir. Bitkiçilik sahəsindəki nailiyyətlər, xüsusilə taxıl istehsalının artırılması rayon əhalisinin maddi-rifahının yüksəldilməsinə yeni təkandır. Rayonun demoqrafik vəziyyəti də artan xətlə inkişaf edir.Biz bu yazıda 2015-ci il yanvarın 1-nə olan tarixə rayonun demoqrafik vəziyyəti barədə bəzi rəqəmləri nəzərə çatdırmaq istərdik. İsmayıllı rayonu Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Rayon dəniz səviyyəsindən Şirvan düzündə 200 metr, dağ silsiləsində 3629 metr hündürlüyə malikdir.
İsmayıllı rayonu Bakıdan 185 kilometr məsafədə yerləşməklə, Şamaxı, Ağsu, Göyçay, Qəbələ və Quba rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 2074 kvadrat kilometr, əhalinin sıxlığı hər kvadrat kilometrə 40,5 nəfər təşkil edir. Bu göstərici respublikanın kənd rayonları arasında orta göstəricidir.
1 yanvar 2015-ci il vəziyyətinə rayon əhalisinin təbii və miqrasiya göstəricilərinə əsasən sayı 83957 nəfər olmuşdur. 2014-cü ildə əhalinin sayı təbii artım hesabına 846 nəfər artmışdır. Rayon əhalisinin 67,57 faizi kənd yerlərində, 32,43 faizi isə şəhər və qəsəbələrdə yaşayır. Əhalinin 42155 nəfərini kişilər, qalanlarını isə qadınlar təşkil edir. Rayonun əhalisi son 12 ayda 1,02 faiz artmışdır.
Rayonda 871 məcburi köçkün ailəsində 3481 nəfər məcburi köçkün məskunlaşmışdır.
2015-ci il 1 yanvar tarixə rayonda demoqrafik vəziyyəti nəzərdən keçirək. Həmin tarixə doğulanlar 1539 (keçən il 1488) nəfər olmuşdur. Bir yaşa qədər ölən uşaqların sayı 10 nəfər olmuşdur.
2014-cü ildə rayonda doğulanların 826 nəfəri oğlan, 713 nəfəri qızdır. Həmin dövrdə 789 nikah bağlanmış, 95 nikah isə pozulmuşdur.
Keçən ilin yanvar- dekabr aylarında rayona 89 nəfər daimi yaşamağa gəlmiş, 170 nəfər isə rayondan getmişdir. Beləliklə, rayonda miqrasiya saldosu 81 nəfər təşkil etmişdir.
Ə.Əzizov,
İsmayıllı rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz