Elm və mədəniyyət məbədgahı

Gözümü dünyaya açanda hər tərəfi nura boyanmış gördüm . Bu, milyon illərdi ki, insanlara işıq, sevinc, istilik bəxş etmiş bir möcüzənin-günəşin nuru idi. Həmin möcüzənin işığında xəyallara, sirli-sehirli aləmə bürünmüş uşaqlıq illərim keçdi.
Hər gün bir pillə də böyüyərək başqa bir işığa can atdım . Məktəb adlı bir məbədgaha üz tutdum. Burada ürəkləri nurla dolu müəllimlərim məni gözləyirdilər. Onlar səbirlə, təmkinlə zəkalarının ziyasını beynimə, qəlbimə köçürdülər. Nura boyanmış həqiqətlərin, möcüzələrin işığında böyüdüm. Qəlbim əsrarəngiz arzularla dolu idi: daha yüksəkliklərə can atmaq, elm və bilik adlı möcüzənin işığına bələnmək və bu işığı insanlara paylamaq.
Elm və mədəniyyət məbədgahıGözümü dünyaya açanda hər tərəfi nura boyanmış gördüm . Bu, milyon illərdi ki, insanlara işıq, sevinc, istilik bəxş etmiş bir möcüzənin-günəşin nuru idi. Həmin möcüzənin işığında xəyallara, sirli-sehirli aləmə bürünmüş uşaqlıq illərim keçdi.
Hər gün bir pillə də böyüyərək başqa bir işığa can atdım . Məktəb adlı bir məbədgaha üz tutdum. Burada ürəkləri nurla dolu müəllimlərim məni gözləyirdilər. Onlar səbirlə, təmkinlə zəkalarının ziyasını beynimə, qəlbimə köçürdülər. Nura boyanmış həqiqətlərin, möcüzələrin işığında böyüdüm. Qəlbim əsrarəngiz arzularla dolu idi: daha yüksəkliklərə can atmaq, elm və bilik adlı möcüzənin işığına bələnmək və bu işığı insanlara paylamaq.
Müəllimlərimin gözündə özümlə bağlı bir inam oxuyurdum. Bu inamın, bu mahnının sədaları altında bir arzu tez-tez təkrarlanırdı: sən ali təhsil almalısan. Ali məktəblərin içərisində bir ad da hallanırdı: Azərbaycan Dövlət Universiteti (BDU) Yaxınlarım, doğmalarım da onu tez-tez mənə xatırladır, haqqın, ədalətin mizan-tərəzisi olduğunu deyirdilər. Qəlbimdə bir ümid, bir inam çırağı yansa da, mən belə fikirlərdən qorxurdum. Hər daşında, kərpicində ulu bir tarix yazılan, neçə-neçə elm fədaisinə, korifeyinə beşik olan, layla çalan müqəddəs elm,bilik məbədgahı ucqar dağ kəndində doğulub-böyüyən bir uşağa arzularının gerçəkləşdiyi məkan ola bilərmi?. Bu təzadlar içində sənədlərimi hazırlayıb dayılarımın müşayiəti ilə yarı zor, yarı xoş ayaq basdım astanasına.
Qarşıdakı lövhədə “Ədəbiyyat” sözünü görməyən (filologiya sözünün mənasını başa düşmədilər)Eldar dayımın, Şakir dayımın birinci və üçüncü mərtəbələr arasında ayaq döymələri (sənədləri iki mərtəbədə qəbul edirdilər) geri qayıtmaq fikrimi bir az da reallaşdırdı. Nəhayət, yorulandan sonra ərizəmi qarşıma qoyub filologiya fakültəsi yazanda ikisinin birdən: “Ədəbiyyat” istəmirsən, niyə “filologiya” yazırsan? Sualı hamının xoş gülüşünə səbəb olanda,sanki bu səmimiyyət və saflıq nə vaxtdır qəlbimdə gəzdirdiyim böyük arzuya rəvac verdi, məni ürəkləndirdi.
Qəbul imtahanları zamanı üzlərinə nur qonan müəllimlərin səmimiyyəti, mehribanlığı, xüsusən, Cəlal müəllimin Sabir yaradıcılığının təhlilindən, Elburus müəllimin dillə bağlı cavablarımdan razı qalmaları qəlbimdəki-özümün və ətrafdakıların mənə təlqin etdiyi fikirlərin reallıq işartılarını görür, bu da ürəyimi xoş duyğularla doldurur və ədalətli gələcəyə inamımı qat-qat artırırdı.
Nəhayət, başqa bir günəşin işığına sığındım. Ulularımızın min bir əziyyət həm də sevinclə binə etdikləri bir ulu məbədin, məkanca və mənəviyyatca uca, şanlı- şöhrətli bir ali məktəbin tələbəsi oldum.
Doğma kəndimizə xoş bir xəbər yayıldı. Böyüyün, kiçiyin gözlərindən oxuduğum inam və sevinc hissi məni göylərdə pərvaz etdirsə də, çox tezliklə qarşımda hansı ağır və məsuliyyətli vəzifənin qoyulduğunu anladım. Bu böyük və müqəddəs vəzifəni öhdəsindən layiqincə gəlmək, qapısını açdığım qarşımdakı böyük xəzinədən bacardığım qədər yararlanmaq üçün “yoruldum” demədən çalışdım. Necə çalışmağımın meyarı tələbə yoldaşlarımın zarafatları oldu: “universiteti bir ildə artırsalar, bu qız qəbirdə çürüyəcək”.

Elm və mədəniyyət məbədgahı

Mən isə heç nəyin fərqində deyildim. Qarşımda taybatay açılan bir xəzinədən bacardıqca daha çox bəhrələnmək arzusu və həvəsi ilə arı öz pətəyinə damla-damla bal topladığı kimi, babalarımızın hikmət xəzinəsini-şifahi xalq yaradıcılığını, Nizami dühasından yayılan işığı, Nəsimi fəlsəfəsini, Xətayi dəyanətini, “söz peyğəmbəri” Füzuli məhəbbətini, Vaqif ziyasından doğan nikbinliyi, qan içən zəmanədə öz ürək qanları ilə qidalanan, xalq, millət vətən üçün göz yaşlarını gilə-gilə ürəklərinə “axıdan” “Molla Nəsrəddin”çilərin ölçüyə gəlməz fədakarlığı, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri ucalığı, adları qərinələrə sığmayan digər söz korifeylərini, bu gün onların layiqli davamçıları olan söz sərkərdələrini, dağ çayı kimi şaqraq, saf, təmiz dilimizin əzəmətini, dünya ədəbiyyatı öncüllərinin hikmətlərini öyrənməklə bərabər, sanki pillə-pillə ucalan bir insanlıq dərsi aldım. Ən çətin dəqiqələrdə adlarını nağıl qəhramanları kimi xatırladığım, çox vaxt əfsanəvi şəxsiyyətlər saydığım nurani, humanist müəllimlərimin münasibətləri dünyanın ən böyük möcüzəsi olan əsl insan adına qəlbimdə uca bir heykəl ucaltdı. Keçmişdə qalan, bəlkə də başqaları üçün adi görünən, mənim üçün isə xoş xatirələrlə xatırlayacağım məqamlar, həyatımı zinətləndirən səhifələrdir. Suallara inamlı cavablar verərkən dodaqlarına xoş təbəssüm qonub razılıqla baş tərpədən müəllimlərim, Tofiq müəllimlə Üzeyr Hacıbəyov kəlamları üzrə yarışa girməyimiz, Ağamusa müəllimin: “Bakıya yaxın olduğuna görəmi cavabların belə inamlıdır?”-sualı, Cəfər müəllimin “Orxon-Yenisey” abidələrindən danışarkən üzünə yayılan sevinc, Əlyar müəllimin imtahanında tələbələrin özlərini yaddan çıxararaq mənim qiymət alma aqibətimi gözləmələri, Bəxtiyar Vahabzadə imtahanında çox bəlağətli ifadələr işlətməyim, onun isə zarafatla dediyi: “Ay qızım, mənə gopologiya elmi lazım deyil, real hadisələrdən danış”,-sözləri, Mahir İsrayılov “Məntiq”indən qiymət almağın sevinci, katibə qızın sevinə-sevinə: “ Vəkil müəllimdən qiymət alıb, ey,” -sözləri, diplom işinin müdafiəsinə buraxılmamağımla əlaqədər haqsızlıqla barışmayan Gülhüseyin Hüseyinoğlunun dekanlıqda dediyi: “Belə tələbələr universitetimizin sütunlarıdır, onlara bu münasibət yaramaz” fikri, Pənah müəllimin, Abduləhəd müəllimin “əla”ları, diplom müdafiəsi zamanı söz korifeylərimizin “sual yağışı” və bu “yağış”dan sonra: Abbas müəllimin “Hansı rayondandır?” sualı, çıxandan sonra katibə qızın: “Afərin, dilin varsa, dilçəyin də var” cümləsi, dövlət imtahanından aldığım “əla,” neçə il sonra qəbul imtahanında rastlaşdığım tələbə yoldaşım Güllünün oğlunun yanında: “Bunu universitetdə barmaqla göstərirdilər” ifadəsi və bir çox başqaları həmişəlik düşüncələrimə həkk olunan, həyatımın saf məcraya yönəldilməsində xüsusi rol oynayan, mənə bəxş etdiyin qiymətli həyati töhfələrin cüzi bir hissəsidir, əziz universitetim.
Qanlar, canlar bahasına azadlıq arzusuna qovuşan ana yurdumun ilk və qocaman təhsil ocağı, nur ocağı.
Yarandığın gündən bütün şərq aləminə işıq ziyası saçan, nur çırağım dövlətimizin və xalqımızın elmi-pedoqoji fikrinin inkişafına ən böyük töhfəsini verən və bu gün də həmin işi fəxirlə davam etdirən, ilk təhsil ocağım… aydın, nurlu, günəşli bir səhərin açılmasına işarə olan Dan ulduzum.
Fəaliyyətdə olduğun tarix boyunca milli ideoloji düşüncələrimizin, mənəvi əxlaqi dəyərlərimizin ən mükəmməl təbliğatçısı və keşikçisi olan, zəngin tarixi keçmişi və tədris ənənəsi olan, dünyanın əksər qabaqcıl ölkələrində tanınan təhsilimizin baş məbədi.
Başının üstündə nə qədər tufan, boran əsdi. Neçə-neçə qəlbi vətən eşqi ilə yoğrulan övladlarını bu haqsız tufanlar apardı. Lakin sən sarsılmadın, yeni-yeni fidanların çiynində ucaldın, ucalardan ucalara qalxdın.
Təhsilimizin baş tacı ! Qartal kimi vətənimizin ürəyi olan Bakının göylərində qıy vurursan. Sənin məğrur-məğrur cövlan etməyin hər bir soydaşımızın qəlbini qürurla döyündürür.
Ən çətin günlərində, qəmli anlarımda adını xatırlayıb dərdimi unutmuşam.
Mötəbər məclislərdə çıxış edəndə, hər dəfə dərsə başlayanda, bəzən narahat hadisə ilə, bir nadanla üzləşəndə adın, ucalığın, təlqin etdiyin ən ali insani duyğular köməyimə çatıb, məni ruhdan düşməyə, sınmağa qoymayıb. Həmişə adın mənə dayaq olub, dəstək olub.
Qəlbimə hopan ali düşüncələrin işığında qazandıqlarımı təmiz və saf, gözləri oxumaq, öyrənmək həvəsi ilə alışıb-yanan vətən övladlarına fəxrlə təlqin etməyə çalışmışam. Onların çoxunu sənin qoynuna pərvazlandırmışam. Əksəriyyəti də təhsilini bitirib vətənimizin müxtəlif guşələrində işləyirlər. Yaxşı bilirəm ki, onlar da qoynunda əxz etdikləri elm və biliklə bərabər, özləri ilə böyük inam, insanlığa böyük məhəbbət, adınla bağlı nur çırağı aparırlar. Bu çıraqlar birləşib vətən torpağının günəşi olacaq və onu əbədi nura, işığa qərq edəcəkdir.
Vətənpərvər babalarımızın qiymətli mirası, nur çələngimiz, demokratik-elmi fikrimizin milli-ideoloji düşüncəmizin sönməz ocağı əziz universitetim, bu tədris ilində sənin 95 yaşın tamam oldu.
Bu qısa vaxtda elm, bilik təşnəsi olan, dünyaya gözəllik bəxş etmək ehtirası ilə alışıb-yananlara yol göstərən mayak oldun. Adın dünyanın 100 ən reytinqli ali məktəblərin siyahısına düşdü 950 yaşın tamam olanda da başqa büsatın olacaq. Qoynundan pərvazlandırdıqların təkcə elm, bilik yükü deyil, qəlblərində insanlıq adına qoyulmuş əbədi bir heykəl aparacaqlar.
Nə qədər Azərbaycan var, nə qədər xalqımız var, adın dövlət rəmzlərimizin bir addımlığında olacaq, Vətən odunu, istisini bütün dünyaya yayacaqdır.
Bu böyük həqiqəti, o böyük məşəli görüb indidən qəlbim qürurlanır, sevincimi bütün kainata püskürmək istəyir, adının ucalığına tapınıb qoynunda çalışan və növbəti tədris ilinə sonsuz arzu və istəklə başlayan Azərbaycan təhsilinə yeni-yeni töhfələr bəxş edən müdrik müəllimlər müəllimlərinə, elm, bilik adlı bir ümmanın üzgüçüləri olan tələbələrinə müqəddəs adınla uğur diləyir, uca zirvələr arzulayıram.
Rəna Mirzəliyeva
“İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin üzvü

Şərh Yaz