Həyat həqiqətləri

Hərdən soruşurlar: Şair, necəsən?
İşlər necə gedir, təzə nə xəbər? –
İşim çoxaldıqca, sevinirəm mən,
İş-gücün içində itir dərdi-sər

Həyat həqiqətləriHəyat həqiqətləri
Hərdən soruşurlar: Şair, necəsən?
İşlər necə gedir, təzə nə xəbər? –
İşim çoxaldıqca, sevinirəm mən,
İş-gücün içində itir dərdi-sər

Elə bilməyin ki, canım ağrayır,
Elə düşünməyin süfrəm kasaddır.
Haqqı bəyənməyən özün haqq sayır,
Dərd budur, beləsi ruhuma yaddır.

Günəşin gözünə baxa bilməyən,
Qara pərdə tutur işığa, nura.
Sular var, dənizə axa bilməyən,
Dənizi şərləyib, axır nohura.

Ağacın meyvəsi düşər dibinə,
İnsanın əməli zatından keçər.
Ucalmaz şər ilə qoyulan binə,
Haqq şərin ən qalın qatından keçər.

Zəmanə xarabdır! – deyənlər çaşır,
Yer yenə fırlanır, gün yenə çıxır.
Yolu düz gedənlər tez ayaqlaşır,
Məsləki əyrini döngələr sıxır.

İnsana bab halda dəyişir zaman,
Gizlədə bilmirəm bu sirri səndən.
Hər səsə dönməyib yolunu karvan,
İt qorxub həmişə qulaqkəsəndən.
Şahməmməd Dağlaroğlu

Şərh Yaz