“Niyal” ansamblı xidmətdədir

Onu gəncliyindən tanıyıram. Ailəsi ilə ondan da əvvəl yaxından tanış idim. Bu ailədə nəslən nə musiqiçi, nə də bu sahəyə maraq göstərəni vardı. Ailənin ortancıl oğlu Arif istisnalıq təşkil edirdi. O, şəhər yeddiillik musiqi məktəbinin fortepiano şöbəsində oxuyurdu. Oranı bitirdi, ancaq hiss olunurdu ki, onun bu sahəyə marağı çox azdı, nəticədə, tamam başqa ixtisas seçdi. Haqqında söhbət açmaq istədiyimiz adam lap kiçik yaşlarından evdə fortepiano səsi eşidib. Zənn etmək olardı ki, ailənin sonbeşiyi lap körpəlikdən musiqinin cazibəsinə düşəcək və bu axınla gedəcək. Doğrudur, sonda o, bu musiqi dairəsinə düşdü, xeyli sonralar…

“Niyal” ansamblı xidmətdədir

Onu gəncliyindən tanıyıram. Ailəsi ilə ondan da əvvəl yaxından tanış idim. Bu ailədə nəslən nə musiqiçi, nə də bu sahəyə maraq göstərəni vardı. Ailənin ortancıl oğlu Arif istisnalıq təşkil edirdi. O, şəhər yeddiillik musiqi məktəbinin fortepiano şöbəsində oxuyurdu. Oranı bitirdi, ancaq hiss olunurdu ki, onun bu sahəyə marağı çox azdı, nəticədə, tamam başqa ixtisas seçdi. Haqqında söhbət açmaq istədiyimiz adam lap kiçik yaşlarından evdə fortepiano səsi eşidib. Zənn etmək olardı ki, ailənin sonbeşiyi lap körpəlikdən musiqinin cazibəsinə düşəcək və bu axınla gedəcək. Doğrudur, sonda o, bu musiqi dairəsinə düşdü, xeyli sonralar…

Atası bir maraqlı epizod danışdı: – Bir gün işdən evə qayıtdım, Nizami ağlayırdı, qardaşı Arif isə əsəbiliklə onu danlayırdı. Otağa daxil oldum və məsələ ilə maraqlandım. Arif:
– Mən buna pianoda “Cücələrim” mahnısını çalmağı öyrətmək istəyirəm, ancaq bu öyrənmək istəmir.
– Ay oğul, istəmirsə, güclə öyrətməyəcəksən ki,- deyə mübahisəyə yekun vurdum.
İllər keçdi, Nizami artıq şəhər 3 nömrəli orta məktəbinin VI sinfində oxuyurdu. Qonşudakı uşaqlar Səbuhi və Yalçın Nəzərov qardaşları, Asəf Yusifov və başqaları boş vaxtlarında toplaşaraq çalıb-oxuyurdular. Nizami də onlara qoşulur, onda musiqiyə həvəs oyanır, özü də ömürlük. Bu gün o, özünü heç cür musiqisiz təsəvvür edə bilməz. Musiqinin ecazkar yeddi notu onu öz sehrinə elə salıb ki, oradan çıxmaq qeyri-mümkündür.
Qonşu uşaqlar Səbuhi qarmonda, Yalçın gitarada, Asəf isə qoşa nağarada çalırdı. Nizaminin aləti yox idi.- Bir gün evimizə yaxın rabitə şöbəsindən bildiriş gətirib verdilər. Bildirilirdi ki, ünvanımıza qiymətli bağlama gəlib,- deyə Nizaminin atası danışır. – Getdim şöbəyə, pulunu ödəyib bağlamanı evə gətirdim, açanda oradan foyemi adlı kiçik bir musiqi aləti çıxdı. Onu bizdən xəbərsiz Nizami poçtla sifariş veribmiş. Bu kiçik alət onu musiqi aləminə apardı…

Nizami Bəybala oğlu Babayev 1973-cü ildə İsmayıllı şəhərində ziyalı ailəsində anadan olub. Şəhər 3 nömrəli orta məktəbi bitirib. Ordu sıralarında Qarabağda qulluq edib. Ordudan qayıtdıqdan sonra musiqi təhsili almaq arzusunu həyata keçirmək üçün xeyli çalışdı. 2001-ci ildə Sumqayıt şəhərindəki Soltan Hacıbəyov adına Musiqi Kollecinə daxil oldu və buranı fərqlənmə diplomu ilə bitirdi. Həmin kollecə əsasən IX sinfi bitirənləri qəbul edirlər. Nizami o yaşı çoxdan arxada qoyduğuna görə hamıdan yaşlı və böyük görünürdü. Aşağı kurs tələbələrinin bir çoxu onu müəllim sayırdılar. Müəllimlərin bir çoxu gəncin təhsilə olan marağını görüb ona böyük hörmətlə yanaşırdılar. Xüsusilə də, müəllimi Faiq Nağıyev onun xətrini çox istəyirdi. Nizami bir neçə il, həm kollecdə, həm də akademiyada təhsil alanda Faiq müəllimin tələbəsi oldu. Bu müəllim Nizaminin sözün əsl mənasında mənəvi atası olmuşdur, desək heç də səhv etmərik. Məhz onun təkidi ilə Nizami Bakı Musiqi Akademiyasında təhsilini davam etdirdi. Faiq müəllim kimi, təmiz qəlbli, xeyirxah, hər kəsə köməyə tələsən insanlar çox azdır. Nizami ondan çox şey öyrənib: həm musiqi sahəsindən, həm də həyat məsələlərindən.
Nizami 2004-cü ildə İsmayıllı Uşaq İncəsənət Məktəbində müəllimliyə başladı, iki il musiqi nəzəriyyəsindən dərs dedi. Sonra ali təhsil almaq məqsədilə işdən çıxdı və yenidən Sumqayıta qayıtdı. Faiq müəllimin rəhbərliyi altında musiqi akademiyasına hazırlaşdı. 2008-ci ildə nəhayət, çoxdankı arzusu çin oldu, Nizami Bakı Musiqi Akademiyasına daxil oldu. 2012-ci ildə akademiyanı bitirib nəzəriyyə ixtisası üzrə diplom aldı. Kollecdə həm də xormeyestr ixtisası alıb. Onu da qeyd edək ki, Nizami akademiyada qiyabi təhsil aldığı üçün 2009-cu ildə Rayon Uşaq İncəsənət Məktəbinə işə daxil olub.
İş əsnasında Rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Niyal” xalq çalğı alətləri ansamblının məşqlərində iştirak etdi. Elə oldu ki, onu ansambla bədii rəhbər çeçdilər. Razılaşdı və məşqlərə başladılar. Bu ansamblın yaşı 35-i keçib, buradan çox müğənnilər pərvazlanıb. Ansamblın bir dəyişməz üzvü var: Sahibə xanım Abdullayeva. Bu xanım haqqında çox yazılıb, deyilib. Rayonda elə bir şənlik, bayram tədbiri yoxdur ki, Sahibə xanım orada iştirak etməsin. Ansamblın üzvləri ona böyük ehtiram göstərirlər. O, “Tərəqqi” medalı ilə təltif edilmişdir. Ansambl və Nizami haqqında Sahibə xanımın və bəzi üzvlərinin rəylərini bilmək maraqlı olardı:
Sahibə Abdullayeva – müğənni:

– İncəsənət insanlar arasında gözəl ünsiyyət vasitəsidir. Xüsusilə mahnı və rəqs adamlarda nəcib hisslər oyadır, onları bir-birinə doğmalaşdırır. Kollektivimiz rayonun bir çox tədbirlərində konsertlər verir. Çıxışlarımız tamaşaçılar tərəfindən hərarətlə qarşılanır. Qazandığımız alqışlar təkcə kollektivin məharəti ilə deyil, həm də xalqımızın zəngin mədəniyyəti ilə bağlıdır. Çalışırıq ki, xalqımızın ulu keçmişini, nəcib hisslərini onlara musiqi dili ilə çatdıraq. Sevinirəm ki, məqsədimizə həmişə nail oluruq. Bu işlərdə bədii rəhbər kimi Nizami Babayevin xüsusi əməyi var. O, kollektivdə səliqəliyi, sadəliyi ilə seçilir. İstedadlı sənətçidir. Onunla məşqlərdə olmaq məsuliyyətimizi daha da artırır. O, professional musiqiçidir. Uzun illərdir ki, bu sənətdəyəm, ancaq bu gün Nizamidən çox şey öyrənirəm. Mən səhnədə olarkən çox vaxt ona baxır, sanki baxışlarından razı qalıb qalmadığını bilmək istəyirəm.
Tofiq Babayev – ansamblın üzvü:
– Ansamblımızda məsuliyyət, işə vicdanla yanaşma və səmimiyyət yüksəkdir. Bu, Nizami müəllimin əməyidir. Belə kollektivdə çalışmaq xoşdur. Buradan da uğurlarımız yaranır. Onun rəhbərliyi ilə məşqlərin səmərəliliyi də artıb, hər kəs işinə məsuliyyətlə yanaşır. N.Babayev yaradıcı, yenilikçi bədii rəhbər, həm də pedaqoq kimi doğru yoldadır.
Piralı Şıxıyev – müğənni:
– Nizami Babayev repertuar seçimində bütün diqqətini mahnılara verir. Bu mahnıların mövzuları aktualdır. Xalq və bəstəkar mahnılarına daha çox önəm verir. Bir mahnını dəfələrlə məşq elətdirir və istədiyini almazsa əl çəkən deyil. Fəaliyyəti, bacarığı, ətrafındakılara diqqət və qayğı ilə yanaşması ona kollektivin sevgisini qazandırıb. Bu gün ansamblımızda çalışan gənclər belə sənətkarlardan öyrənməlidirlər.
Azər Abbasov – Rayon Mədəniyət və Turizm Şöbəsinin müdiri:
– Rayonda kütləvi bayram şənlikləri keçirmək ənənə halını almışdır. Bütün bu tədbirlərdə “Niyal” ansamblı da iştirak edir. Ansamblın üzvləri üzərlərinə düşən vəzifəni çox yaxşı başa düşürlər. Burada çalışanlar əsl sənətkarlardır. Əsl sənətkar olmasan müvəffəqiyyət qazanmaq mümkün deyil. “Niyal” ansamblı və onun bədii rəhbəri Nizami Babayev fanat sənətkarlardandır. İşgüzar bir kollektiv yarada bilib. Şöbəmiz kollektivin işindən çox razıdır. Axı bu kollektivdə “Tərəqqi” medallı Sahibə xanım Abdullayeva çalışır. İnanırıq ki, kollektiv bundan sonra da xalqına yüksək səviyyədə xidmət göstərəcəkdir.
Nizami Babayevin çalışdığı Rayon Uşaq İncəsənət Məktəbinin direktoru Elşən Süleymanovun dedikləri:
– Nizami Babayev məktəbimizin istedadlı müəllimidir. Öz sahəsinin əsl mütəxəssisidir. Onun dərs dediyi şagirdlər müxtəlif müsabiqələrdə həmişə fərqlənirlər. O, məktəbimizdə musiqi nəzəriyyəsi fənnini tədris edir. Bununla belə “Niyal” ansamblına da bədii rəhbərlik edir. Bu kollektiv xalqın sevimlisinə çevrilib. Nizami müəllimin çoxlu yetirmələri var və daim onlarla əlaqə saxlayır, lazım gələndə köməyini onlardan əsirgəmir.

Kiçik bir musiqi kollektivindən, elə bir ansambldan söhbət açdıq ki, həmişə insanlara xoş əhval-ruhiyyə bəxş edir. Qoy insanlarımız həmişə xoş əhvalda olsunlar.
Hacıməmməd Məmmədov

Şərh Yaz