Dünyaya baxanda, dünya nə gözəl…

Şair Musa Yaquba açıq məktub
“Musa Yaqub – şeirimizin Səttar Bəhlulzadəsi,
Sərrast Bəhlulzadəsi, Əttar Bəhlulzadəsi”,
(Qabil)
Çox hörmətli Musa müəllim. Həm həyatda, həm də poeziyamızda palıdlaşan, nağıllaşan vaxtımızda mən, yaradıcılığınızın pərəstişkarı, kiçik bir soydaşınız, ürəyimdəki sözləri nağılvari şəkildə sizə çatdırmaq istəyirəm.

Dünyaya baxanda, dünya nə gözəl...Dünyaya baxanda, dünya nə gözəl…

Şair Musa Yaquba açıq məktub
“Musa Yaqub – şeirimizin Səttar Bəhlulzadəsi,
Sərrast Bəhlulzadəsi, Əttar Bəhlulzadəsi”,
(Qabil)
Çox hörmətli Musa müəllim. Həm həyatda, həm də poeziyamızda palıdlaşan, nağıllaşan vaxtımızda mən, yaradıcılığınızın pərəstişkarı, kiçik bir soydaşınız, ürəyimdəki sözləri nağılvari şəkildə sizə çatdırmaq istəyirəm.
Mən ucqar bir kənddə dünyaya göz açmışam. Bu kənd ucalıq, təmizlik, saflıq rəmzi olan bir yaylada yerləşir. Buradan uzaq ənginliklərə baxanda daim başı qarlı, zirvələri göylərə meydan oxuyan, əlyetməz, ünyetməz, quşqonmaz uca Qafqaz dağları, aşağı boylananda qarşıda halal süfrə kimi açılan bərəkətli Şirvan düzünün intəhasızlığı canlanır. Bir sözlə, doğma Vətənin cənnət bir guşəsi. Siz demiş:
Harda bu saydığım, gözəllik olsa,
Orda Azərbaycan torpağı vardır.
Hələ müasir maşınların yaxşıca ayaq açmadığı bu kənddə insanların qəlbində ümid çırağı yandıran, zehninə bilik nuru çiləyən, ürəklərə şirin duyğular toxumu səpən bir məbədgah – məktəb binası vardı. Bu məktəbdə elm yoluna çıraq tutan ziyalılar vardı, kitabxana vardı.
Bir də lap həyət qapısının önündəcə düzəlmiş skamyada oturub abunə olub-olmamağın fərqinə varmadan kimə gəldi qəzet, jurnal paylayan (bir azca gec gəlsəydin, qəzet almaqdan məhrum olardın) poçtalyon Zaman dayı vardı bu kənddə. Mən də hər gün qəzet almaq üçün Zaman dayının qapısının ağzını kəsdirərdim. Mənim üçün sanki dünyaya pəncərə Zaman dayının vaxtilə qara olub, sonradan rəngi solub-bozarmış çantasından açılardı. Aldığım qəzet və jurnalları bir nəfəsə oxuyar, təzə-tər məlumatlar əldə edər, yeni yaradıcılıq nümunələri ilə tanış olardım. Bu nümunələrin heç də hamısı insan qəlbinə dərin nüfuz etmirdi.
Və günlərin bir günü rayon qəzetinin səhifələrində balaca, bapbalaca cəmi dörd misradan ibarət bir şeir oxudum:
Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil, bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki mən.
Çürüyüm, bir ovuc torpağın artsın!
Nəhəng bir fikrin sadə fəlsəfi yozumu məni ovsunladı. Bu mövzuda çox oxumuş, şeir əzbərləmiş, nəğmə zümzmüə etmişdim. Nizaminin “Bərdənin tərifi”, Füzulinin “Vətənimdir”, M.Arazın “Vətən mənə oğul desə… ” və nələri, nələri xatırladım.
Hətta sizin “Altımışıncılar” nəslindən olan Camal Yusifzadənin 30 il əvvəl yazdığı orijinal fikri də indi yadıma saldım:
Qırx bahar adlamışam
Ömrə-günə min bərəkət.
İçimdə daş, Gözümdə yaş:
Gedirəm torpaq olmağa.
Bəli, Vətən haqqında nəğmələrin hərəsi qəlbimi bir cür duyğulandırmış, doğma elə, obaya, təbiətə məhəbbətlə süsləndirmiş, uca dağa döndərmişdi. Lakin onların içərisindən bu bir bəndlik şeir qədər ürəyimə nüfuz edən, əbədilik məskən salan olmamışdı. Bir andaca insana məxsus ən ali duyğular, həyat, yaşayıb-yaratmaq arzusu qaynadı qəlbimdə. İnsan olmağımla, belə böyük ideallar, nəcib duyğular daşıdığıma görə fəxr etdim. Elə bu andaca başqa bir şairin başqa məqsədə yazdığı şeir yadıma düşdü: (şairin dediyi fikirləri deyil, qəlbimdəki sevinc və fərəhi bəyan etmək üçün)
Qalxıb Şah dağına söz istəyirəm
Çatsın hay-harayım dinləyənlərə…
Görəsən, bu nə ilə bağlı idi? Biz eyni bölgənin müxtəlif güşələrində dünyaya göz açmışıq. Ayrı-ayrı vaxtlarda: siz analığın ən müqəddəs duyğularının təmsilçisi olan anamın həyata gəldiyi illərdə, mən isə çox sonralar.
Siz həyatın, dünyanın qarışıq illərində-insanın insana yağı kəsildiyi, düşünən beyinlərin torpaq olduğu 37-ci illər repressiyasının (bəlkə də, həmin müqqədəslərdən birinin sönən ruhu sizə keçib), bəşər cəmiyyətinin görünməmiş fəlakətlərə düçar edən alman faşizmi ilə müharibə illərinin, müharibədən sonrakı dövrün- yaraların acısının təzə-təzə qaysaq bağladığı günlərin ağrı-acısını yaşamısınız.
Mən isə nisbətən sakit illərin, qocaların təbirincə desək: “müharibə görməyən bəxtəvərlər” nəslinin nümayəndəsiyəm. (Hərçənd sonralar bu sözlərin bədəlini beşqat ödəməli olduq).
Siz müqəddəs Babadağın bir addımlığında, Canalının ətəyində, meşələr və dağlar qoynunda, tarixlər şahidi Göyçay çayının sahilində, dünyanın 1001 gözəlliyinin simvolu olan bir torpaqda, bu gün hər bir poeziyasevərin təvəccöh nöqtəsi olan Buynuzda, müdrik atanızın son vəsiyyətini etdiyi və bu gün fəxrlə, qürurla vəsf etdiyiniz bir məkanda dünyaya gəlmisiniz:
Atam son sözündə demişdi mənə,
Dünyanı bu yerdən baxanda sevim.
Yer var
Himalaydan görünməz mənə,
Ən dərin dərədən görünər evim.
Mən isə bunlardan uzaqda – Azərbaycan torpağının başqa gözəlliyi ilə seçilən aran bölgəsinə bitişik olan bir kənddə həyata göz açmışam.
Siz bu gözəlliyə – qoynu məxmər meşəli Canalıya, palıd vüqarına, böyürtkən koluna, ayna bulaqlara, zümrüd çəmənlərə daha yaxın idiniz, onların nəfəsini daha yaxından duyurdunuz. (Hərçənd bu duyğular hər adama nəsib olmur. Yadıma Səməd Vurğunla bağlı bir rəvayət düşdü: Şöhrət zirvəsində qanad çaldığı illərdə şairin oxucularla görüşü keçirilirmiş. Birinci sırada həyat yoldaşı ilə oturan və gənclik illərindəki bir çox şeirlərinin qəhrəmanı olan Dürrə ayağa qalxıb deyir ki, çox qürrələnmə, səni şair edən mən olmuşam. S.Vurğun da gülə-gülə:
– Bu doğrudursa, yanındakı uzunqulağı da şair edəydin də, – deyərək tutarlı bir cavab verir.
Bu ülvilikdən, bu gözəllikdən, bu saflıqdan aldığınız təəssüratlar şeirə, şərqiyə dönür, doğma Vətən torpağına yapılır, Babadağın məlhəm mehinə, Göyçayın zümzüməsinə, bülbüllərin xoş avazına qoşulur və ucqar bir kəndə ərməğan gəlirdi. Biz uşaqlar hələlik saflığın bol olduğu mühitdə bu insanlıq, gözəllik şərqilərinin işığında böyüyür, insani duyğuları qəlbimizə həkk edirdik.
Ürəyimizdəki nisgilli hisslərin tərcümani idi sizin poeziyanız. Bu mənada böyük alman şairi İ.Hötenin fikirlərini xatırlamaq yerinə düşər: “Poeziya dərdin anasıdır, hər bir əzab çəkən və ağlayan insan şairdir, hər damla göz yaşı şeirdir, hər bir ürək poemadır”.
Bəli, lap uşaqlıqdan sizin yaradıcılığınızı izləyir, ürəyimdən keçənləri zaman-zaman sizə çatdırmaq istəyirdim. Hətta orta məktəbdə oxuyarkən düşüncələrimi rayon qəzetinə yolladım. Çap eləmədilər. Yəqin düşünüblər ki, bu fikirlər uşaq-muşaq işi deyil. Və nəhayət, belə bir gözəl fürsət ələ düşdü. Yaradıcılığınızdan diplom işi yazmalı oldum. Arxivinizi nəzərdən keçirəndə söhbət əsnasında yüzlərlə oxucu məktubunu köçhaköçdə itirdiyinizi dediniz. Böyüklüyünüzün, ucalığınızın sübutu: siz kimlərəsə şöhrətpərəstlik xatirinə şair kimi görünmək naminə yazmırsınız. Bütün bunlar minlərin, milyonların ürəyini təlatümə gətirən ülvi, bəşəri hisslərin ifadəsidir.
Onları kimdənsə qorumaq heç ağlınıza da gəlmir: axı özünü özündən necə və niyə qoruyasan?!
Qərara gəldim ki, sizə demək istədiklərimi mətbuat vasitəsilə göndərim. Axı necə inanasan ki, müdrik ruhunuz hansı küləyinsə xoş rayihəsinə qarışıb uzaqlara pərvazlananda, hansı dağınsa ucalıq sehri ilə sərhədləri aşanda, ənginliklərə uçanda onu da itirməyəsiniz.
Hörmətli Musa müəllim. Mən bir oxucu kimi fikirlərimi ifadə etmək istəyirəm. Bu, dəryada damlaya bənzəyir. (Lakin dərya da damlalardan ibarətdir.) Dediklərim kimin üçünsə bəsit görünə bilər. Axı bu bir oxucu sözüdür. Buna görə həm sizdən, həm də oxuculardan üzr istəyirəm.
Dünyaya baxanda, dünya nə gözəl...
Bəli, bir həqiqət məlumdur ki, Azərbaycan xalqını şair xalq adlandırırlar. Çünki əli qələm tutan hər kəs özünün cızma-qarasını-şeirini yazır. Lakin bu “cızma-qara” sahiblərinin heç də hamısı şair ola bilmir. Siz də qəlbinizdə vulkan kimi püskürəcək böyük duyğuların ilk lavasını – ilk şeirinizi təbii hadisə kimi xatırlayırsınız:
Sabir adlı sinif yoldaşınızın uşaqları başına yığıb şeir oxumasını, bunun təsiri ilə “Koroğlunun qocalığı”nı, “Qıratın tərifi”ni özünüz bildiyiniz şəkildə nəzmə çəkməsini danışırsınız.
Yadıma Məmməd Arazın şeir yazma əhvalatı düşdü: “Doqquzuncu sinifdə dostlarımdan kiminsə qoltuğunda iri bir kitab gördüm. Maraqlandım – Səməd Vurğunun “İstiqbal təranəsi” idi. Alıb baxdım. Ortadan açdım. Gözünə ilk dəyən “Dilcan dərəsi” şeiri oldu. Bu misra məni elə tutdu, elə tutdu ki: Yenə səni gördüm, Dilcan dərəsi: ”Elə bil bundan sonra milon illərlə beləcə duran lal-dinməz dağları, dərələri gözüm gördü…!”
Şeir yazmağa başlamaqda bir oxşarlıq var hər ikinizdə. Lakin heç də hər kəsin qəlbində qığılcımdan alov törəmir”… Ürəyində ali duyğular, nəcib hisslər yaşadanların şakəridir bu.
Sonralar Göyçay Pedaqoji Məktəbində oxuyarkən “Qalibiyyət bayrağı”, doğma kəndə qayıtdıqdan sonra rayon qəzetinin səhifələri qəlbiniz və oxucu arasında mənəvi körpü oldu.
Artıq 1959-cu ildə böyük sənətkarların nəzər-diqqətini cəlb edən ilk poemanız – “İki qəlb, iki dünya” “Azərbaycan gəncləri” qəzetində dərc olundu. Məmməd Rahim kimi bir sənətkar sizə uğurlu yol arzuladı.
Sonralar sizin imzanızı həm yerli, həm də respublika mətbuatında – “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Sovet kəndi” , “Kommunist” qəzetlərində, “Azərbaycan” jurnalında tanıyır və gözləyirdilər.
Və nəhayət, qəzet və jurnal səhifələrində sətir-sətir oxunan şeirləriniz daha böyük oxucu kütləsi ilə görüşə gəldi: 1966-cı ildə ilk kitabınız – “Yarpaqlar oxuyur” çap olundu.
Artıq sizi fərqli bir şair kimi tanıdılar: İlk əvvəl “təbiət şairi” adlandırdılar. Nəyi pisdir ki?! “Dərdimi dağlara, daşlara yazdım” – deyiblər müdrik babalarımız.
Lakin mən yaradıcılığınıza məhdudiyyət qoyulması ilə razılaşmıram. Bəli, çoxları kimi siz də təbiəti düzgün qiymətləndirirsiniz. Biz təbiətə də ana deyirik. Ona görə ki, anadan sonra ikinci həyatı təbiət bəxş edib bizə. İnsan ondan həm maddi, həm mənəvi qida alıb, ucalıq tapıb. Təbiət insan övladının varı, dövləti, gücüdür.
Siz də gözəl məkanda -təbiət qoynunda həyata göz açmısınız. Səhərlər Babadağın məlhəm mehi saçınızı darayıb, sinəsi məxmər meşəli Canalı dağının ucalığı qəlbinizi qürurlandırıb. Bülbüllərin xoş avazını dinləyib, ayaqlarınızı səhər şehi ilə yuyub günəşin al şəfəqləri ilə qurutmuş, tarixlər şahidi Göyçayın şirin zümzüməsi ilə yuxuya getmisiniz.
Təbiətin min bir çaları çoxlarının qəlbini gözəl hisslərlə doldurub. Lakin heç də bütün bəşər övladı əvəzsiz xəzinədən lazımınca bəhrlənməyib. Bu sahədə həssas ürək sahibləri olan siz şairlərə qibtə edilə bilər. “Təbiət şairi” təyini verilən Hüseyn Arif, Məmməd Aslan da bu sirli-sehirli səsi dinləyib, özlərinə məxsus şəkildə onu ifadə etməyə çalışıblar. Amma etiraf edək ki, təbiətə Musa Yaqub münasibəti, Musa Yaqub baxışı tamam fərqlidir. Belə müdrikcəsinə, filosofcasına, insan mənafeyi prizmasından özünəməxsus şəkildə qiymətləndirmək- bu, “Musa Yaqub təbiətşünaslığı” deməkdir.
Bu fikrin təsdiqini məcazi deyil, həqiqi mənada sizin yaradıcılığınızda gördük. Kimsə “rahatca oturub mənzilində” (B.Vahabzadə) yazır. Siz isə ürək sözlərinizi sal daşlara, böyürtkən yarpağına, palıd qozasına, dağdağan ağacına, ayna bulaqlara yazırsınız. Şeirləriniz təbiətin fotosu deyil. Heç gözləmirsiniz də ki, təmənna ummursunuz da ki, onlar şeir adlansın. Qorumağa da çalışmırsınız. Təbiət özü onları şeirləşdirir, nəğmələşdirir (Onlar elə hazır nəğmədir, çünki bəstəkarı təbiətdir), zümzümələşdirir və bununla da minlərin, milyonların ürəyinə yol tapır, beyinlərə həkk olunur, gözəlliyi ilə ürəkləri ehtizaza gətirir.
Bəli, təbiət onu istəməyənə minnət qoymadığı kimi, siz də şeirlərinizin oxunması üçün kimdənsə təmənna ummursunuz.
Başqa bir tərəfdən dahi söz allahlarının mötəbər fikirləri yada düşür. “Sən ey fələklər qədər uca, dəyərli insan“ – deyən dahi Nizami “Sirlər xəzinəsi” poemasında “Adəmin yaradılması haqqında” adlanan birinci məqalətdə Qurandan, Peyğəmbərin hədislərindən və başqa mötəbər dini qaynaqlardan istifadə yolu ilə insanı Tanrının ancaq xeyir işlər, xoş əməllər üçün yaratdığını və insanın bunu heç vaxt unutmamasını tövsiyə edir.
“İnsan yoxdursa, dünyanın da mənası yoxdur dünyanın gözəlliklərini yalnız insan dərk edib lazımınca qiymətləndirər”, – deyən Nəsimi də bu fikrin ortağıdır.
Zaman-zaman bir həqiqəti dərk edib təbiətə bu mövqedən yanaşan əsl şairlər bir-birindən qiymətli fikirlər irəli sürmüşlər: çəmənin çiçəkləri gözəlin yanağından qızarmışdır, sərv ucalığı, palıd vüqarı, dağ əzəməti insandan almışdır, bulaq ona görə sevimlidir ki, gecə-gündüz onun başına nazənin sənəmlər dolanır, aşiqin sinəsində göydəki ulduzlar qədər naz-qəmzənin oxu var, bu büti-zibanı hətta gül ləçəyinin sayəsi də incidə bilər və s.
Bu bənzətmələri istənilən qədər sadalamaq olar. ”Şeirinə, sözünə oxşayan Musa Yaqub”da (S.Rüstəmxanlı) isə kiminsə fikrinin təkrarı yoxdur: özü kimi təmkinli, ağlamaqdan, sızlamqdan, boş hay-küyçülükdən uzaq poeziya. ”Olduğu kimi görünən, göründüyü kimi olan” (C.Rumi) Musa Yaqub. Təbiətə baxışı ayrı, bənzərsiz olan Musa Yaqub.
Etiraf edək ki, kənddə böyüyənlərin bir çoxu ən adi bitkilərin adını bilmir. Ayaq altında qalan bu dünya nemətlərindən xəbərsizdir. Sizin isə təbiətə bələdliyiniz hamını heyran qoyur. Siz nəinki hər gülü, çiçəyi öz adı ilə tanıyır, onların müalicəvi əhəmiyyətini bilir, hətta romantik “düşüncələrindən” də xəbərdarsınız. Əgər siz təbiəti estetik zövq xatirinə təqlid edib vəsf etsəydiniz bu, adi bir şeir, adi bir uşaq marağı olardı. Həmin fikirləri düşüncələrinizin fəlsəfi süzgəcindən keçirəndə isə aləm başqalaşır. Axı cəmiyyətə yol təbiətdən başlanır. Bu, bizim poeziyamızın əzəli və əbədi çağrışlarından biridir: insanı saflığa, şəffaflığa, şərə qarşı mübarizəyə səsləmək. Bu yolda bir çox sənətkarlarımız kimi “qərəzsiz xeyirxahlıq (B.Vahabzadə) nümunəsi, təbiətin ən gözəl sifətlərini-saflığı, xeyirxahlığı, təbiiliyi insanda axtaran Musa Yaqub cismən də, mənən də saflıq etalonudur. Təkcə bir şeiriniz – “Yarpaqlar oxuyur”, kifayətdir ki, bu həqiqət öz təsdiqini tapsın. Burada hər şey saf insan mənəviyyatı ilə bağlı olduğu kimi, sizin (eyni zamanda hər bir oxucunun) vətənpərvərlik duyğularının tərcümanıdır.
Və təbiətə bu şəkildə şərqi demək yalnız Musa Yaqubun ağlına gələrdi:
Yarpaqlar bir cürə danışır, dinir.
Gəzsən bu dünyanın hər diyarını;
Bizim yarpaqlara fikir verin bir
Oxuyur azəri mahnılarını.
Bu bəs deyilmiş kimi, mahnıların “izahı” da var: qərənfilin yuxusu, bənövşənin qoxusu da nəğmədir. Daşlar canı var kimi dilə gəlir, tər otlar tarın simi kimi köklənib: küləyin bir mizrabına bənddir, oxuyacaqdır. Çinar “Koroğlu” cəngisini oxuyur, çöl-çəmən musiqi dilində dinir. Qovaqlar muğamat üstündə ötür, yalqız yasəmən “Sənsiz”i oxuyur. Sanki torpaq musiqi məclisi düzəldib. Məclis isə elə bil, Üzeyirin getdiyi gündən torpağa nəğmə öyrətməsi ilə bağlıdır.
Kitabdakı hər şeir bəndində bir “dastan” yatır. Lakin onlardan biri nəzər-diqqəti çox cəlb edir. Həmin şeir təkcə məzmunca deyil, sənətkarlıq baxımından da gözəldir, təkrarolunmazdır. Yadıma sevimli şairimiz B.Vahabzadənin ürəkləri riqqətə gətirən sözləri düşdü: “Talıstan” poemasında elə bil təbiət özü oxuyur, özü danışır. Azərbaycan təbiətinin gözəllikləri, onun əlvan mənzərələri, dağları, çayları dilə gəlir… “Talıstan” poeması Azərbaycan təbiətinin səslərdə deyil, sözlərdəki nəğməsidir”.
Sizin bu şeirinizdə də bütün Azərbaycan təbiəti nəğmə “oxuyur”. Hər misranın əvvəlində təkrar olunan anafora (burda) nəinki şeirə ağırlıq gətirir, əksinə, təbiət gözəlliklərinin bənzərsizliyini ifadə etməklə bərabər, Azərbaycana olan böyük, ölməz və təkrarolunmaz məhəbbətin ifadəsidir:
Burda hər meşənin min cür ağacı,
Burda hər ağacın yamyaşıl tacı.
Burda hər tac üstə sarmaşıq saçı,
Hər saçın küləkdən darağı vardır.
Vətənə təbiət gözü ilə belə vurulmaq əsl qəhrəmanlıq deyilmi?!
Bəli, qəlbinizdə insanlığa xas olan ən ali bir hiss-məhəbbət vardı. Elə bu məhəbbətin işığında 1970-ci ildə “Bu məhəbbət yaşadar məni” adlı ikinci kitabınız çap olundu. Çox şeydən: dağların gecələr qəribə olmasından, Qara dənizin ülviyyətindən, Nazim həsrətindən, payız duyğuları ilə bağlı fəlsəfi düşüncələrimizdən, ilk dəfə ata olmaq sevincindən, tarixlər şahidi Cavanşir qalasından, Cakondaya heyrətinizdən, Əli Kərim həsrətindən, gözəllik ünvanı Hacıkənddən, 416-cı Taqanroq diviziyasının igid döyüşçüsü Vahab Osmanovun məktublarından və sairdən yazırdınız. Özünüzə məxsus şəkildə, öz fəlsəfi prizmanızdan heç kəsə bənzəmədən yazırdınız. Lakin bütün bunların fövqündə bir şeir vardı o kitabda: “Ana ömrü”.
Dünya binə olandan bəşəriyyətin beşiyi başında durub onu yırğalamış ülvi, müqəddəs varlıq haqqında kimlər söz deməmişdir?! Olanlardan sonra insan qəlbinə bu qədər nüfuz edən söz demək olardımı? Deməli, olardı! Və siz bacardınız. Başqa əsərlərinizdə olduğu kimi, “Altımışıncılar” üçün səciyyəvi, o cümlədən sizin poeziyanızın canı olan bənzərsiz bədii təsvir və ifadə vasitələri ilə bu müqəddəs varlığın obrazını yarada bildiniz:
Ana ömrü-bir laylanın diliylə,
Sənə yanmış, mənə yanmış bir ömür.
Ana ömrü-körpəsinin əliylə
Yuxuları oğurlanmış bir ömür.
Yaşımız üstə yaş artır, biz böyüyür, sizin qələminiz isə püxtələşir, müdrikləşirdi. Artıq mötəbər bir təşkilatın – Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildiniz.
İlhamlı qələminiz isə dayanmaq bilmirdi. Elə hey yazır, yazırdı… Durna qatarı kimi, “Karvan” kimi kitablarınız səf-səf düzüldü: “Mənim kainatım” (1973), “Üzü bəri baxan dağlar” (1977), “Yaxşı ki sən varsan” (1979), “Bir sim üstə”(1983), “İki qəlbin işığı”(1985), “Mənim sevgi taleyim”(1988), “Ürəyimdə yerin qaldı” (1992), “Nanə yarpağı(1996), “Payızdan yaza yol varmı” (1999), “Ruhumla söhbət” (2004), “Bu dünyanın qara daşı göyərməz” (2007), “Dövrün dəyirmanı” (2012)
Bu kitabların məziyyəti haqqında danışmaq bir məktuba sığmaz. Qalaq-qalaq tədqiqat əsərləri yazılsın ki, onların mənaları açılsın.
Və mən: “Hər çəməndən bir çiçək”, – deyərək ürəyimdəki bəzi söhbətləri davam etmək, bəzi mətləbləri açmaq istəyirəm.
Kənddə müəllim idiniz.Müəyyən biganəliklər, ədəbi aləmdən, dostlarından uzaq idiniz. İstəyirdiniz ki, gedəsiniz, daha çox yazıb-yaradasınız. Buynuzdan Bakıya köç oldu. ”Azərbaycan” jurnalına şöbə müdiri təyin etdilər, sizə hər işdə kömək edən dostlar da tapıldı. İlk baxışda taleyinizdən razı idiniz. Ancaq təbiətin bir parçası olan ürəyiniz bununla razılaşırdımı? Əgər razılaşırdısa, niyə hər daşdan, kəsəkdən, güldən, çiçəkdən, Yelligədikdən, Canalı dağından, Şaxşaxa bulağından, Zarat çalasından-bir sözlə, qəlbinizə yazılan hər şeydən üzr istəyirdiniz:
Ay ana torpağım
Yamacım, dağım,
Özün qal salamat, bağışla məni.
…Tutdun ətəyimdən böyürkan kolum
Yox, qala bilmərəm, bağışla məni!
Yadıma yenə ana yurdun başqa bir vətənpərvər şairi, M.Araz, onun ana yurda məhəbbətinin ifadəsi olan ”Salamat qal” şeiri düşdü:
Ey dəvə yal,düşdüm daha belindən,
Ovsar, çıxdın daha əlimdən,
Balam çiçək bir də öpüm telindən
Salamat qal,
Salamat!
Qəlbinizi az qala sizin qədər duyan yenə də şair dostlarınız oldu. Ana yurdun söz yükünü çiyinlərində daşıyanlar dözmədilər:
– “Şair, qayalara, dağlara söykən” – Məmməd Araz nidası idi bu.
– S.Rüstəm qaşlarını çatıb sual etdi:
Qələm dostum, dağları
Kimə tapşırıb gəldin?
Büllur buz bulaqları
Kimə tapşırıb gəldin?
Şair dostunuz Z.Yaqubun aşağıdakı misraları sanki bu münasibətlə yazılmışdı və bir uşağa nəsihət edirmiş kimi, qoyub getdiyin gözəllikləri yadınıza salıb ürəyinizi kövrəltmək istəyirdi:
Dağ çeşməsi istərəm, dodağından öpməyə
Dağ yağışı istərəm, ürəyimə səpməyə,
Dağ zirvəsi istərəm, qanadlanıb süzməyə,
Dağ yolları istərəm, sinəsində gəzməyə.
Dağ çeşməsi istərəm, ətiriylə məst olmağa,
Dağ qartalı istərəm, könlümcə dost olmağa.
Dağları səsləməkdən dilimdə dağ bitdi, dağ.
Dağsız dağlar oğluna çətin olur yaşamaq!
Bu şeirlər bir bəhanə oldu.
(Onu da deyim ki, təkcə bir şeirinə 80-dən çox nəzirə yazmaq sizə qismət olub). Təbiətlə bahəm döyünən qəlbiniz bu ayrılığa, bu təlatümlərə dözmədi. Ürəyinizin ardınca yenidən bu torpağa döndünüz. Qəzet redaktoru oldunuz. İşə başlamazdan əvvəl Buynuza baş çəkməyi qərara aldınız. Axı vaxtilə Soyuqbulağın yanında tərəzinizi qoyub şeir yazırdınız. Vərəqiniz qurtaranda palıd yarpağına, böyürkan koluna, çobanyastığı çiçəyinə yazır, tərəzinin bir gözünə atırdınız. Axırda o qədər yazdınız ki, tərəzinin bir gözü ağırlığa tab gətirmədi, yuxarı qalxdı. Tərəzinin o bir gözünü doldurmağa adam axtarırdınız. Qoç Koroğlu kimi bir Dəmirçioğlu həsrətində idiniz. Bakıya gedəndə də belə idi, qayıdanda da. Axırda səbriniz tükəndi. “Dağ çiçəkləri”ndən gözəl bir dəmət bağlayıb üz tutdunuz “Zəhmətkeş” qəzeti redaksiyasına. Özünüz də dağ ətirli şeirlərinizi yazmaqdan bir an da olsun əl çəkmədiniz.İnsafən, pis alınmadı. Xoş rayihəyə yığışanların sayı gündən-günə artdı. Şeir, sənət həvəskarları böyük inam hissi ilə sizin köməyinizdən yararlandılar, şair oldular. Onların bəziləri indi nəinki vətənimizdə, hətta digər ölkələrdə yaxşı tanınırlar.
Siz nə az, nə çox düz 20 il qəzet redaktoru oldunuz.
1995-2000-ci illərdə Milli Məclisin deputatı oldunuz, xalqı layiqincə təmsil etdiniz. Şərəfli işlər idi. Ancaq hər halda nə qədər poeziya nümunələri ”Doğulmadı” .Sizin şeir yazmaqdan ayrılan anlarınız yadıma böyük Şəhriyarın bank hesabdarlığı və bunun da yerə-göyə sığmayan şair xəyalına dar gəlməsi, ruhunu sıxıb-əzməsini əks etdirən ”Şeir və hikmət” şeirini saldı:
…Bu dərdlər mənimdir, düşünsən əgər
Qələm istəyirəm, sayğac verirlər.
Mənə nə idarə, nə möhür gərək,
Söz üstə odlanan bir ömür gərək.
Bu aslan könlümü çox incitməyin,
Şiri şifrələrə əsir etməyin…
Şeir azadlığım, şeir həyatım,
Ömrüm, səadətim, müqəddəratım.
Qartalı səmadan ayırmayın siz.
Övladı anadan ayırmayın siz…
İllər ötsə də, bəzi əsərləriniz geciksə də ”Bütöv Azərbaycana bütöv bağlı” olan (B.Vahabzadə) ruhunuz dəyişmədi.
Vətən məhəbbətli sevgi şeirlərində də, təbiətə şərqi deyəndə də, haqsızlığa, namərdliyə, şərə, eybəcərliyə, vəzifə naminə tülkülənənlərə meydan oxuyanda da sözünüz bənzərsizdir.
Müəllim ömrünə:
Otuz sinifdə var-gəl edibsə,
Bəlkə də yol gedib Magellan qədər, – bənzətməsində də,
– Gəl məni özünə öyrətmə belə,
Əlini əlimə öyrətmə belə,
Gözümü gözünə, öyrətmə belə, – deyən sevgi nəğməsində də,
– Bir gözün mən əydim,bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən.
Sən çeşmə qurudan, mən ağac kəsən
Bir günah sənindir, bir günah mənim, – deyib əxlaqımızı təmizləməyə içinizdə bir inam hissi yaşadanda da, hər an istedadlara paxıllıq hissi ilə badalaq gələnlərə:
Sən ey xain, sən ey paxıl qan qardaşını,
Bu quyudan burax məni,
Ey xəbərçi quş cələsi,elçi daşım,
Bu oyundan burax məni
Çıxım gedim azadlığa, – deyəndə də,
Sən Allah, ona bax. Baş əyə-əyə,
Ölür baş sarayda tülkülənməyə,
Ölür satılmaqdan, satmaqdan ötrü
Ölür bir mənsəbə çatmaqdan ötrü.
Bu dovşan adamlar, yovşan adamlar,
Bu beli büküklər, üzü dönüklər,
Bu ağzı köpüklər yandırır məni.
Cəhənnəm əhliyçün ocaq püfləyən
Bu qarnı körüklər yandırır məni –
deyib maskalanmış ”tülkülərə” bir tikə haram çörəyi balalarına yedirtmək üçün dondan-dona girən buqələmunlara, hətta bu yolda qarşısına çıxan bütün mənəviyyat sədlərini ”Uf!” demədən aşan “dağ gövdəli iblislərə”meydan oxuyanda da:

Dünyaya baxanda, dünya nə gözəl...
Rəna Mirzəliyeva

Şərh Yaz