Dağ çiçəkləri

Korrupsiyaya qurşananlara

Vaxt var idi qoyun-quzu, dana-buzov
Lap uzağı at yeyərdi canavar.
İndisə nə var?!
Torpq yeyir, dağ udur, dəniz içir ,
Hektar- hektar zəmi biçir
Canavar! Dağ çiçəkləri

Canavar

Korrupsiyaya qurşananlara

Vaxt var idi qoyun-quzu, dana-buzov
Lap uzağı at yeyərdi canavar.
İndisə nə var?!
Torpq yeyir, dağ udur, dəniz içir ,
Hektar- hektar zəmi biçir
Canavar!
Nə gülləyə gəlir,
Nə tələyə düşür.
Yaşayır rahat-rahat
Telinə çəkir tumar
Canavar!
Ağ günün qara “ cipləri “,
Bəmbəyaz “ Mersedes ” lər,
Şütüyür oğlunda, qızında,
Amma bir yetimə qıymaz,
Həyətinin tozun da.
Çapır atını belədən- beləyə,
elədən – eləyə.
Milyonlar əlində,
“ Vətən “, “ xalq “ kəlməsi
yalançı dilində.
Qarşısında yox nə sədd, nə divar
Canavar!
İmarətlər, villalar
baş vurur göylərə.
Ancaq baxmır heç zaman
Qabarlı əllərə.
Oynayır hamıyla “ qumar “
Canavar!
Xalqa məhəbbət, insanlara hörmət,
yoxdur canında.
Hiylə, məkr cövhəri qaynayır qanında,
Qıcanmış dişlərlə
Göz gəzdirir hər yana,
Amma baxırsan, oxşayır insana.
Kəlmələr ütülü, hamar,
Fikirlər tumar-tumar
Qəlbindəsə didmək, parçalamaq
Milyonlar gəmirmək həvəsi var!
Canavar! Canavar!
Murad Məhərrəmov

Vurur

“Ötən illərin şeirləri “ sisiləsindən

Kişinin qarnına bax, gedəndə ləngər vurur,
Çün səhər ” yüz” ilə xaş, günorta xəngəl vurur.

Qəssabın nə vecinə ət bahadır, pul da yox,
Əlinə düşən leşə on yerdən çəngəl vurur.

Bu nə qızdır, nə qadın, bu nə tanrı bəndəsi ?
Açılıb hər tərəfi, göz-qaşı “ sən gəl ” vurur.

Yuxusu qaçıb yenə son günlər müdirlərin,
Dəyişir abı-hava, işləri əngəl vurur.

Meşəçi “KamAZ”-“KamAZ” ağac satır, maşallah,
Nazir də boş-boşuna kol-kosa məngəl vurur.
Nazir Ziya (Talıstanlı)

Gəl

60 yaşıma

Açmışam sənə qolları,
Gəl, gəl, ay atmışım, gəl.
Sorma hansı yerdən keçib,
Hansı yerdə batmışam, gəl.

Hər ağrısı ürəyimdə,
Hər şələsi kürəyimdə.
Hər arzumda, diləyimdə
Mənlə boy atmışım, gəl.

Uddun hər dövləti, varı,
Verdim sənə ixtiyarı.
Bütün şirin duyğuları
Qəmlə boyatmışam, gəl.

Can deyil ki, daha bu can,
Üzü, gözü basıb duman.
Getdiyim bütün yollardan
Dönüb qayıtmışam, gəl.

Dəymə Nazirin canına,
Az qalıb ömrün sonuna.
Özüm məzarın yanına
Bəlkə də çatmışam, gəl.
Nazir Ziya (Talıstanlı)

Təki

Bir güman əlimdən tutub aparır,
Bir iman yolumu bağlayır mənim.
Bağrımın içinə hıçqırtı düşüb,
Bir arzu qəlbimdə ağlayır mənim.

Bir həsrət arayıb axtarır məni,
Gözümün içinə gözü yol çəkir.
Gah güldürür məni, gah qırır məni,
Verdiyi fərmana özü qol çəkir.

Nədir Allahımın hökmü, görəsən,
Bircə qəzəbinə tuş olmayaydım.
Baxışı göyləri həsrətlə gəzən,
Qanadı qırılmış quş olmayaydım.

Dözəydim ömrümün ta sonunacan,
Verdiyi qismətə əyilsin başım.
Bir gün olacaqsa qəbrimi qucan,
Xəcalət çəkməsin təki başdaşım.
Xatın

Sən qaytar özümə məni

Namaz qılarkən Tanrıya yalvarışlarım

Min bir təbib olsa, dərmanım səndə,
Şah, sultan olsam da fərmanım səndə,
Ümidim, pənahım, gümanım səndə,
İlahi, sən qaytar özümə məni.

Nə qədər diləyim, nə qədər arzum,
Qalır ürəyimdə nə qədər sözüm,
Yolumu gözləyir baharım, yazım,
İlahi, sən qaytar özümə məni.

Yığılıb dövrəmə dost, tanışlarım,
Qəm çəkir könlümün telini tarım,
Görünmür gözümə dövlətim, varım,
İlahi, sən qaytar özümə məni.

Qovuşmaq istərəm sənə ürəkdən,
Kömək ol, dərd yüküm düşsün kürəkdən,
Qoru ocağımı yeldən, küləkdən,
İlahi, sən qaytar özümə məni.

Yollarım uçruma tuşlanan anda,
Tanrım, sən saxladın məni amanda,
Yenə qoyma qalım çəndə, dumanda,
İlahi, sən qaytar özümə məni.
Gülxar Cəbiqızı

İstəmir

Anama ithaf

Bu günəcən qalsa da anama olan borcum,
Anam dilə gətirib verəcəyimi istəmir.
Bu borc elə borcdu ki, qaytara bilməsəm də,
Anam şələ altına girəcəyimi istəmir.

Darıxdırsa da borcum məni hey bu zamanda,
Ümidim boşa çıxıb üzülsəm də gümanda,
Anam ilə üzbəüz dayananda, duranda,
Əzablara sinəmi gərəcəyimi istəmir.

Borcluyam anama mən nəfəsə, cana görə,
Vətənimlə, elimlə əhdə, peymana görə.
Bu ürəyə, sevgiyə, bu təmiz qana görə,
Ehtiyaca mən ətək sərəcəyimi istəmir.

Anam məni çağırıb axtarırsa da tez-tez,
Xəyalı məndən ötrü gəzirsə də dərə-düz,
Anamın ünvanına tutsam belə hər gün üz,
Anam borc üçün onu görəcəyimi istəmir.

Bu torpağa, bu yurda, xalqa layiq olmağı,
Ədalətə, xeyirə, haqqa dayaq olmağı,
İstəyir tək Vətənçin ayıq-sayıq olmağı,
Oturub bir nəfəsimi dərəcəyimi istəmir.
Tamam Nur (Tağlabiyanlı)

Çətinmiş

Taxt-taca əyləşib öyünmək asan,
Elə arxalanıb dayanmaq asan,
Sevmək, könül vermək, bəyənmək asan,
Qız atası olmaq daha çətinmiş.

Daş olub divara hörülsən də sən,
Dəlitək çöllərdə görülsən də sən,
Azadlıq yolunda bölünsən də sən,
Qız atası olmaq daha çətinmiş.

Dabandan soyulmaq şandı – şərəfdi,
Deyilən hər düz söz zərdi, sədəfdi.
Ovçunun gözündə şikar hədəfdi,
Qız atası olmaq daha çətinmiş.

Zindantək çəkiclə döyülsən də sən,
Haqsız danlansan da, söyülsən də sən,
Əyrilər əlində əyilsən də sən,
Qız atası olmaq daha çətinmiş.
Rüstəm Məbudoğlu

Fırlanır

Dünya binə tutub yaranan gündən,
Mərdin başı üstə daşı fırlanır.
Əzəldən belədir, öz məqsədinə,
Ağıllı düz gedir, naşı fırlanır.

Daha üç alması düşmür nağılın,
Qiymətini verən yoxdur nağılın.
Ata- anasından bezən oğulun,
Ehsanda halvası, aşı fırlanır.

Gözəllər olubdur tamahın qulu,
Var-dövlətdən keçir sevginin yolu.
Görsə yox cibində “Məcnunun“ pulu,
Dodağı büzülür, qaşı fırlanır.

Dil deməyə anasını çağırın,
Hey daşıyır bu şələnin ağırın.
Addımbaşı haqqı itən fağırın,
Düşür yanağına yaşı fırlanır.

Dünya əl götürmür köhnə vərdişdən,
Gəl indi razı qal belə gərdişdən.
Dünyanın özünün tutduğu işdən,
Dünyanın özünün başı fırlanır.
Südabə Şeyda

Bir quşcuğazla söhbət

Pəncərəm önündə nəğmə deyirsən,
Ruhumu oxşayır bu səs, bu avaz.
Libasın özgədir,bülbül deyilsən,
Nəğmən ki, şirindir, oxu quşcuğaz.

Sən hardan gəlmisən, haçan gəlmisən,
Yığıb gətirmisən bütün varını.
Yoxsa öz eşqinə uyğun bilmisən
Qəmli ürəyimin duyğularını.

Payızdır, çöllərdə xəzan çağıdır,
Gül-çiçək hardadır, heyranın olsun.
Ürəyim açıqdır pəncərəm kimi,
Həkk elə adını, ünvanın olsun.

Bu nəğmə bəxtinə gəlibdir haqdan,
Oxu nə qədər var əlində fürsət.
Bəlkə sabah sən heç olmayacaqsan,
Çəkər girdabına səni təbiət.

Oxu öz nəğməni, oxu , quşcuğaz,
Nə qədər ürəyin təzədir, tərdir.
Həyatı nəğməyə çevirənlərə,
Səadət bir nəğmə ömrü qədərdir.
Şahlar Hacıyev

Yoxdur

Dəyişib çoxunun yolu, yerişi,
Yolçunun bir izi, filanı yoxdur.
Çaqqal ov ovlayır şir oylağında,
Atlar qatır doğur, qulanı yoxdur.

Qanı qarışıqdır, qapır, dişləyir,
Tamahı güc gələn üçü beşləyir.
Yol bilən, iş bilən pulsuz işləyir,
Pulla işləyənin planı yoxdur..

Meşədə palıdın çoxlıb dərdi,
Gələn düzü kəsdi, bu tir, bu pərdi.
Kasıbın bəxti yox, dərdi göyərdi,
Dərdinə bir çarə qılanı yoxdur.

Namərd duya bilməz vurduğu dağı,
Çünki seçə bilmir qaradan ağı.
Reklamla satılır bal, kərə yağı,
Şorun da tərifsiz alanı yoxdur.

Könlümdən uzaqdır pislik, bəd niyyət,
Doğan günəşimdir, düzlük, məhəbbət
Hacıyam, mayamdır saflıq, həqiqət,
Dilimin duzu var, yalanı yoxdur.

Hacıməmməd Məmmədov

Şərh Yaz