Gülgəz ana!


Sən gəldin dünyaya, güldü bir ocaq,
Güldü atan-anan, sən Gülgəz oldun.
Böyüdün, parladın lap günəşsayaq.
Aya ulduza da, sən əvəz oldun.
Gülgəz ana!

Sən gəldin dünyaya, güldü bir ocaq,
Güldü atan-anan, sən Gülgəz oldun.
Böyüdün, parladın lap günəşsayaq.
Aya ulduza da, sən əvəz oldun.

Yanağın al idi, lalələr kimi,
Hüsnünü görənlər lap əsir oldu.
Sevən ürəyinin şahı, hakimi,
Elin igid oğlu, Daşdəmir oldu.

Qanlı müharibə başlayanda sən,
Qaldın üç uşaqla, qəlbində kədər.
Hələ bu az imiş, gəldi cəbhədən.
Ümidləri qıran qara bir xəbər…

Tamam dağılmışdı dünya gözündə,
Günəş də doğmurdu, səninçün onda.
Yaxşı ki, yaxşılar var yer üzündə,
Yaxşı ki, sevənlər var bu cahanda.

Birləşdi Lahıcla Qalacıq yolu,
Birləşdi qırılmış iki ömür-gün.
Sevindi bu işə uşaq, həm ulu,
Sevincə qərq oldu aləm büsbütün.

Sən sadə xalçaçı, ərin müəllim,
Hamıya dərs oldu bu bəxtiyarlıq.
Qırıq könülləri kim calayar, kim?
Sizi örnək etdi mahala Varlıq.

Sən sənət öyrətdin qıza, gəlinə
Bu sənət tanıdır bir eli indi.
Adın çox əzizdir Lahıc elinə,
Çox üzlər adınla güldü, sevindi.

Belədir, qalmayıb dünya heç kimə,
Çatdın öz əlinlə səadətinə.
Toxudun ömrünü sən ilmə-ilmə,
Tuş gəldin bir elin məhəbbətinə.

Haqq-sayı itirməz bir qədirbilən
Daim bizimləsən, sən Gülgəz ana!
Xalçaya vurduğun naxışlarla sən,
Bəzəksən Lahıca, Azərbaycana!

Şahməmməd Dağlaroğlu

Şərh Yaz