Gələn gəldi, gedən getdi

Düz 80 il bundan qabaq ən keşməkeşli günlərdə rayonumuzda “Yeni İsmayıllı” adında iki səhifəlik qəzet işıq üzü gördü. Kolxoz quruculuğu illəri idi. Öz hökmü, hərbə-zorbası, öz maraqlı əhvalatları ilə birlikdə həmin illərin hadisələri əməkdaşlar və həvəskar müxbirlər tərəfindən qəzetin səhifələrinə köçürülürdü. Zamanında yaşayanlar oxuyub getmişdi. Sonrakı nəsillər isə illər ötəndən sonra qəzet bağlılarını açıb səhifələdikcə, yenidən o illərə qayıdır, ötüb-keçən hadisələrin bir daha şahidi olurdu…
Gələn gəldi, gedən getdiGələn gəldi, gedən getdi

Düz 80 il bundan qabaq ən keşməkeşli günlərdə rayonumuzda “Yeni İsmayıllı” adında iki səhifəlik qəzet işıq üzü gördü. Kolxoz quruculuğu illəri idi. Öz hökmü, hərbə-zorbası, öz maraqlı əhvalatları ilə birlikdə həmin illərin hadisələri əməkdaşlar və həvəskar müxbirlər tərəfindən qəzetin səhifələrinə köçürülürdü. Zamanında yaşayanlar oxuyub getmişdi. Sonrakı nəsillər isə illər ötəndən sonra qəzet bağlılarını açıb səhifələdikcə, yenidən o illərə qayıdır, ötüb-keçən hadisələrin bir daha şahidi olurdu…
Zaman dəyişir, hadisələr bir-birini əvəz edir. Odlu-alovlu müharibə illərində soydaşlarımızın faşistlərlə döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar, eynilə sadə insanların arxa cəbhədəki fədakar əməyi ilə də bu qəzetin səhifələrində tanış olurduq…
Günümüzə daha yaxın olan illər… İsmayıllı zəlzələsinin həyacanları və ondan sonrakı quruculuq işlərinin icmalı ilə də bu səhifələrdə görüşürdük. 70-80-ci illərdə bütöv bir tikinti meydançasını xatırladan rayonumuzun mənzərəsi – üzüm plantasiyalarının salınması, emal zavodları və kəndlərdə müasir məktəb binalarının tikintisi barədəki gündəlik xəbərlər də qəzetin saralmış səhifələrindən bizə sarı boylanırdı. Bundan sonrakılar isə indiki nəslin gözləri qarşısında baş verdiyindən, yəqin ki, sadalamağa ehtiyac yoxdur. Bəli, bütün bu tarixi “Yeni İsmayıllı”, sonralar isə “Zəhmətkeş”, “Cavanşir yurdu” öz səhifələrində yaşadırdı. Amma özü yaşaya bilmədi, yaşamağa qoymadılar. Kimlərinsə yaratdığı süni maneələr nəticəsində sevimli qəzet bağlanmalı oldu…
Sonralar “Girdiman” adında ölü doğulmuş bir qəzet meydana çıxdı. Və təkəbbürlə elan etdi ki, bu, əvvəlllər rayonda çıxmış qəzetin davamı deyil. Niyə, nə üçün, nə səbəbdən imtina etdilər bu tarixdən, məlum deyil. (Adi oxucular üçün naməlum qalsa da, qəzetin əməkdaşları və dibdə əyləşənlər bunun nə üçün baş verdiyini yaxşı bilirdilər və susurdular). Sapı özümüzdən olanlar isə bu işdə digərlərinə yardımçı oldular. 70 illik tarixdən imtina olunması bir yana, o illərin tarixini, keçmiş illərin qəzet bağlılarını məhv etdilər. Sanki kimdənsə, nədən ötrüsə qisas alırdılar. Lakin qisas alınası bir kimsə yox idi. Qəzet fəaliyyətə başladığından sonra son gününə qədər üç nəsil dəyişmiş, bu “tarixi yaşadanlar”ın bir çoxu Haqqın rəhmətinə qovuşmuşdu.
Yeri gəlmişkən qeyd edim ki, 30-cu illərdən bəri rayon mətbuatında çalışan insanlar və onların fədakar əməyi unudulmasın deyə, qəzetimizin veteranı, qocaman jurnalist Bəybala Babayev “Tarixi yaşadanlar” adlı çox maraqlı bir kitab yazıb ərsəyə gətirmişdir. 70 il ərzində fəaliyyət göstərən qəzetin əvvəlki redaktorları və əməkdaşlarından tutmuş, həvəskar (ştatdankənar) müxbirlərə qədər, hamının həyat və fəaliyyəti ilə bu kitabın səhifələrində tanış olmaq mümkündür. Çəkinmədən deyə bilərik ki, bu günə qədər respublikamızda heç bir rayon qəzeti haqqında belə kitab yazılmamışdır. Təəssüf ki, iki ilə yaxındır yazılıb tamamlanmış bu kitabın çapına yardım edəcək bir kimsə (”sponsor”) tapılmır…
Yaxşı ki, bir gün tanınmış ziyalı və sevilən şair Şahməmməd Dağlaroğlu müstəqil bir qəzetin bünövrəsini qoymaq fikrinə düşdü. Dostları, tanışları, həmfikirləri onun bu ideyasını bəyəndilər, dəstək olacaqlarına söz verdilər. “İsmayıllı xəbərləri” belə yarandı. Bugünkü yeniləşən İsmayıllının quruculuq işlərinin salnaməçisi olmaq onun qismətinə düşdü. Az zamanda oxucuların sevimlisinə çevrilmiş “İsmayıllı xəbərləri” bu şərəfli vəzifənin öhdəsindən ləyaqətlə gəlir.
Yuxarıda “Yeniləşən İsmayıllı” ifadəsini işlətdim. Bu ifadə tez-tez işləndiyindən, indi də gəlişigözəl sözlər kimi qəbul edilə bilər. Lakin belə deyildir. İllərdən bəri gələn gəldi, gedən getdi, əvvəldən mövcud olmuş bir neçə istirahət məkanına əl gəzdirib adını dəyişdirmək və bir küçəni “abadlaşdırmaqdan” savayı elə bir ciddi yenilik gözə dəymədi. Hər il baş küçədəki səkilərin örtüyünü və dirəklərini dəyişməklə gözə kül üfürərək, yenilik illüziyası yaratmağa çalışırdılar. Lakin əsas vəzifələri başqa idi.
Şair Ramiz Qusarçaylı şeirlərinin birində belə məmurları “yer acları” adlandırır. Hər yeni gələn “yer acları” daha çox qamarladıqca, yerlərini qoruyub saxlamaq və daha da möhkəmlətmək arzusundan başqa bir amalı olmayan bəzi qələm tutan məmurlar tərəfindən daha çox təriflənir, göydən yerə enmiş mələklər səviyyəsinə qaldırılırdı. Nəticəsi isə acınacaqlı oldu…
Nəhayət ki, bu yerin həqiqi vətənsevər, yurdsevər oğlunu tapıb RİH başçısı göndərdilər. İlk gündən qolunu çırmayıb işə girişdi. Az vaxtda yeni İsmayıllının qurucusu kimi tanındı. Əgər desək ki, İsmayıllıda son iki ildə 20 ildə görüldüyündən çox iş görülüb, yəqin ki, şişirtmə sayılmaz. Məhz bu yeniləşən İsmayıllıda gedən quruculuq işlərinin salnaməçisi olmaq, bu yeni tarixi öz səhifələrində əks etdirərək oxuculara çatdırmaq vəzifəsi “İsmayıllı xəbərləri”nə nəsib oldu. Bu işdə ona uğurlar diləyirəm. Qəzetimizin əməkdaşlarını və oxucularını Milli Mətbuat bayramı münasibətilə təbrik edirəm.

Gələn gəldi, gedən getdi
Məmməd Mirzə,
Azərbaycan Yazıçılar Birliyinin və AJB-nin üzvü

Şərh Yaz