Yol təhlükəsiz olmalıdır

İsmayıllı get-gedə Azərbaycanın turizm bölgəsi kimi tanınır. Rayona şəxsi nəqliyyatları ilə gələnlərin sayı da artmaqdadır. Bəzən elə olur ki, qonaqlar çətinliklərlə qarşılaşırlar. Çətinlikləri törədən nədir? Bu, yolların kənarlarında istiqamət göstərən lövhələrin olmamasıdır. Məsələn, Muğanlı-İsmayıllı yolu ilə şəhərə daxil olub, Göyçay istiqamətinə, yaxud Qəbələyə getmək istəyən qonaq İstiqlal dairəsinə çatanda istiqaməti soraqlaşa-soraqlaşa qalır. Əbülhəsən Ələkbərzadə küçəsinin başlanğıcında belə lövhəyə zəruri ehtiyac var.

Ümumiyyətlə, şəhərə üç istiqamətdən giriş var. Bunun biri – Muğanlı istiqaməti haqqında yuxarıda söhbət açdıq. Digər giriş yolu Qaraməryam-İsmayıllı-Şəki şossesidir. Üçüncüsü isə, Qəbələdən gələn yoldur. Buradan gələn qonaq Bakı tərəfə də gedə bilər, Göyçay tərəfə də. Şəhərin içərisində belə yol azanlara hər birimiz rast gəlmişik.
Bütün bu narahatlıqların aradan qaldırılmasının bircə çarəsi var, həmin yollarda istiqaməti göstərən iri lövhələr yerləşdirməkdir. Bu da problemin asan həlli. O qədər də böyük xərc tələb etməyən bu iş görülərsə, qonaqların minnətdarlığını qazanmış olarıq. İndi söz əlaqədar təşkilatlarındır.
Söz yoldan düşmüşkən, bir məsələyə də diqqət yetirmək vacibdir. Bu da şəhərin Heydər Əliyev prospektinin Qəbələ şossesi ilə kəsişdiyi yerdə işıqforların qoyulmamasıdır. Burda bəlkə də işıqfor deyil, yeni tikilmiş “Zamin” bankın önündə keçid-körpünün qurulması daha məqsədəmüvafiq olar. Bu fikri mütəxəssislərin öhdəsinə buraxırıq. Şəhərin 5 nömrəli məktəbinə yol da buradan keçir. Nəqliyyatın intensiv hərəkət etdiyi bu yolda nəinki məktəblilər, həm də digər piyadaların hərəkəti üçün böyük təhlükə var. Adamların bu yollardan necə qorxa-qorxa keçdiklərini azmı şahidi olmuşuq? Şəhər məktəblərinə keçən yolların əksərində vəziyyət bu cürdür.
Şəhər küçələrinin bəzi yerlərində piyadaların keçməsi üçün zolaqlar var. Belə zolaqlar işıqfor olmayan küçələrdə piyadaların təhlükəsizliyini təmin edir. Zolağa çatan sürücü yolu keçmək istəyən piyadaları gözləməli, ora çatmamış nəqliyyat vasitəsini saxlamalı, adamlara yol verməlidir. Ondan sonra hərəkətini davam etdirməlidir. Acınacaqlı haldır ki, şəhərimizin əksər sürücüləri bu sadə qaydaya riayət etmirlər. Əksər hallarda nəqliyyat vasitəsini düz zolağın ortasında saxlayırlar. Çox təəssüf ki, həmin zolaqlar pozulub, nəzərə çarpmır. Zolaqların yenidən rənglənməsi heç kəsin yadına düşmür.Bunlar ilk baxışda kiçik nöqsanlar sayıla bilər. Unutmayaq ki, yol qəzaları da elə bu cür kiçik nöqsanlardan başlayır. Bir sual isə məni həmişə düşündürüb: bəzi sürücülərimiz sadə yol hərəkəti qaydalarını bilmirlər, yoxsa, qaydalara məhəl qoymurlar?
B.Babayev

Şərh Yaz