Xeyirxahlıq əvəzsiz sərvətdir

Tariximizdə elə böyük, elə nəhəng şəxsiyyətlər, maraqlı hadisələr olub ki, onlar haqqında yazılmadığından tarixin yaddaşından silinib. Əksinə, qələmə tuş gəlib vərəqlərə həkk olunan şəxsiyyətlər və hadisələr tarixi yaddaşını təşkil edirlər. Açıq deyək, həm də insan yaddaşında kök salmış dəyərli hadisələr, xatirələr ictimaiyyətləşərək tanıdıldıqca, xeyirxah işə çevrilir və bir stimul, örnək şəklində daha həvəslə davam etdirilir.

Xeyirxahlıq əvəzsiz sərvətdirXeyirxahlıq əvəzsiz sərvətdir

Tariximizdə elə böyük, elə nəhəng şəxsiyyətlər, maraqlı hadisələr olub ki, onlar haqqında yazılmadığından tarixin yaddaşından silinib. Əksinə, qələmə tuş gəlib vərəqlərə həkk olunan şəxsiyyətlər və hadisələr tarixi yaddaşını təşkil edirlər. Açıq deyək, həm də insan yaddaşında kök salmış dəyərli hadisələr, xatirələr ictimaiyyətləşərək tanıdıldıqca, xeyirxah işə çevrilir və bir stimul, örnək şəklində daha həvəslə davam etdirilir.
Xeyirxahlıq əvəzsiz sərvətdir
İnsanlarda olan nadir xeyirxahlıq, alicənablıq, səmimilik, səxavət böyük Yaradanın öz bəndəsinə sevərək bəxş etdiyi əvəzsiz sərvətdir. Azərbaycanın, mübaliğəsiz demək olar ki, hər yerində Aydın Soltanmahmud oğlu Cəfərov bu keyfiyyətləri daşıyan, həm də zəkası, bütün daxili duyğuları saf olan, həmvətənləri ilə daim təmasda olan bir şəxsiyyət kimi tanıyırlar. Hər bir insanın özünəməxsus xarakteri olur. Həyata, insanlara aydın, sevgili baxışı olan Aydın Cəfərovun xarakterinin əsasında isə əsl mənada vətənpərvərlik, xeyirxahlıq, Azərbaycançılıq və ziyalılıq durur. Bir-birilə möhkəm vəhdətdə olan bu xüsusiyyətləri özü ilə bu gündən sabaha aparan Aydın müəllim onu tanıyanlar arasında sevilir və daim yüksək nüfuz sahibi kimi qarşılanır.
Aydın Cəfərovun insanlara, onların əməyinə qiymət vermək bacarığına ancaq qibtə etmək olar. Hər bir insanda müsbət keyfiyyətləri görməyi bacarır və ona istinad edərək xüsusi psixoloji ustalıqla bir iş adamı kimi düzgün, faydalı yola bacardığı işə yönəltməyi bacarır. Xeyirxah işə öz humanistliyinin ifadəsi hesab edən insanlar onun gözünün işığıdır.
Onun kimi gözütox, səxalı adamlara nadir hallarda rast gəlmək olar. Arxasızlara, kimsəsizlərə əl tutmaq onun üçün adi haldır, xeyirxahlıq təbiətinin, zəngin xarakterinin ayrılmaz hissəsidir. Allah adamı, böyük inam və iman adamı olduğundan pislik etmək, insan qəlbinə toxunmaq onun təbiətinə yaddır. Həmişə “Basqallıyam” sözünü qürurla işlədən, həmvətənlərinə dar ayaqda dayaq duran Aydın Cəfərov Basqaldakı Hacı Bədəl məscidi ilə üzbəüz, yanğın nəticəsində tamamilə dağılmış yardımçı otağı yenidən tikdirmişdir.
Savab iş görməyi özünün pozulmaz adətinə çevirmiş Aydın müəllim artıq 15 ildən çoxdur ki, hər il Novruz, Qurban, Ramazan bayramlarında Basqalda yaşayan əhalinin demək olar ki, hamısına layiqli bayram töhfəsi göndərir. Çəkisi 6-7 kiloqram olan polietilen kisədə ət, yağ, düyü, qaysı, kişmiş, konfet ilə hər bir böyük ailə bayramı gen-bol keçirə bilər.
Yetmiş ildən artıq hökm sürən Sovet imperiyası təbiətin genetik qanunlarını inkar etməklə insanın əsil-nəcabətini də inkar edirdi. Halbuki, hər bəşər övladının özünəməxsus söykökü, şəcərəsi vardır. Aydın Cəfərovu, xeyriyyəçiliyini, səxavətini müşahidə edən yaşlı adamlar heyrətlənmirlər, “ot kökü üstə bitər, rəhmətlik atası Soltanmahmuda, babası Ağəliyə, ulu babası Nəsrullaya çəkib”, deyirlər.
Aydın müəllimi atası Soltanmahmud (1920-2002) lap yeniyetməliyindən həddindən artıq ağır, məhrumiyyətli günlər, aylar, illər görmüş, lakin bu dözülməz çətinliklərin qurğuşun yükü onu əyməmiş, sındırmamış, vüqarını, ləyaqətini, mənliyini məhv etməmişdi. Atası Ağəli 1933-cü ildə otuz beş yaşında bu fani dünyanı tərk edəndə ailənin yeganə oğul övladı 13 yaşlı Soltanmahmud, anası və dörd bacısı ilə baş-başa qalmışdı. On beş yaşına kimi atasının qoyub getdiyi az-çox ruzi ilə birtəhər yaşayışı yola vermiş, Basqal məktəbinin yeddinci sinfini bitirərək anası Rüxsarə, bacıları Nabatbəyim, Göyərçin, Mina və Zəkiyyə ilə birlikdə “Allaha pənah!” deyərək 1935-ci ildə Şamaxıya köçmək məcburiyyətində qalmışdı.
Bu qeyrətli, təəssübkeş insan namuslu əməyin, həyata şüurlu baxışın nəticəsində bütün çətinlikləri arxada qoydu, bacılarına, anasına ləyaqətlə başçılıq edərək, hər sahədə böyük uğurlara nail oldu.
Soltanmahmud kişi ilə əlaqədar bir neçə xatirəni oxucularla bölüşmək istəyirəm. Zəhmətin, zəkanın insanın təkamülündə hüdudu olmayan rolunu Soltanmahmud Cəfərovun timsalında görmək olar.
1945-ci ildə müharibə yenicə qurtarmışdı. Hətta, rayon mərkəzlərinə, qəsəbələrə, kəndlərə nəqliyyatın gəlməsi maraqla qarşılanırdı. Soltanmahmud artıq zəhmətlə bərkimiş, həyatın ağır sınaqlarından keçmişdi. Basqal bazarına ən yeni tipli motosikleti 25 yaşlı Soltanmahmud gətirdiyini görəndə hamı həm sevindi, həm də onun inkişafının hələ qarşıda olacağını dedilər.
1950-ci ilin may ayında tələbə yoldaşlarımla Nizami kinoteatrında yazıçı Boris Polevoyun eyni adlı romanı əsasında çəkilmiş “Əsl insan haqqında povest” filminə baxırdıq. Filmin nümayişindən əvvəl həmişə 10-15 dəqiqəlik kinojurnal göstərirdilər. Mayın 1-də Şamaxının 13 kilometrliyində Muğanlı kəndinin yaxınlığında tikilmiş nümunəvi yeməkxananın açılışı lentə alınmışdı. Respublika rəhbəri 1948-ci ilin yayında Mingəçevirdən gələndə soyuq su mənbəyi olan bu yeri görmüş və burada həmin yeməkxananın tikilməsi haqqında tapşırıq vermişdi.
Kinokamera iri planla o zaman Bakıda tək-tək görünən “Pobeda” maşınını və onun sahibi Soltanmahmud Cəfərovu göstərəndə ürəyimi fərəh hissi bürüdü. Tünd qəhvəyi rəngli “Pobeda” maşının qarşısında dayanmış həmyerlimlə tələbə yoldaşlarımı da iftixar hissi ilə qiyabi tanış etdim.
İllər keçdi, Soltanmahmud Cəfərov zamanın ağır sınaqlarına özünün zəhmətsevərliyi, zehni, mənəvi, fiziki qüvvəsi ilə qalib gəldi. Bacılarına qardaş olmaqla yanaşı həm də ən qayğıkeş atanı əvəz etdi. Bacıları hamısı ailə sahibi, oğul-uşaq sahibi oldular. Özü də ailə qurdu, övladları dünyaya gəldi.
Şamaxıda, Bakıda yaşadı, ancaq ata-ana yurdu Basqalı bir an da unutmadı. Oğlu Aydına da bu sevgini bütövlüklə ötürdü. Basqalda zövqlə tikdirdiyi evdə övladları ilə rahatlıq, şəfa tapırdı.
2002-ci ilin iyun ayında kinorejissor Eldar İskəndərzadə mənim çapdan yenicə çıxmış “Basqal əcdadlarımızın əks-sədasıdır” kitabımın əsasında “Basqal” adlı bir saatlıq sənədli telefilm çəkmişdi. Onu da deyim ki, Az tv (Azərbaycan televiziyası) kanalının çəkdiyi mənim aparıcı olduğum həmin telefilm uğurlu çəkilişinə görə bu günə qədər hər ay ekranda görünür. Biz həmin filmdə iki əziz insanı – Hacı Həbib Tağıyevi və Soltanmahmud Cəfərovu öz bağ evlərində canlandırmaqla, onlara sanki əbədilik qazandırdıq. Soltanmahmud kişinin Basqala, onun tarixi keçmişinə, şəfa verən havasına, suyuna, mənzərəsinə olan sevgisini ekrandan bildirirdi: “Mən çox yerdə olmuşam. Şimali Qafqaz kurortlarında dincəlmişəmsə də, oralardan yarımçıq qayıtmışam. Basqalın əvəzini heç yerdə tapmıram. Buraya xəstə gəlirəm, dəvasız, dərmansız sağalıram”.
Əfsuslar olsun ki, böyük yaradan tərəfindən verilən ömür payını bir an da nə artırmaq, nə də azaltmaq olar. 2002-ci ilin dekabr ayında Aydın Cəfərovun atası Soltanmahmud kişi də bu müvəqqəti dünya ilə vidalaşdı. Kainatın bəzəyi, ənbiyanların əşrəfi həzrəti Məhəmməd əleyhissəlam (s.ə.a.s) buyurub: “ O insanlar ki, bəşəriyyət üçün, özü üçün, öz ailəsi üçün xeyirli iş görüb axirət dünyasına köç edirlər, onlar ölməzlik qazanıb öz Rəbbinin sevimlisi olurlar.
Rəhmətlik Soltanmahmud kişinin el-obaya sədaqət, xalqa xidmət yolunu tutması çoxlarına, o cümlədən oğlu Aydına örnək olmuşdur. Yalnız zəhmətə qatlaşmaqla həyatın hər hansı sahəsində yüksəlişə nail olmaq mümkündür. Aydın Cəfərovun keçdiyi yol heç də hamıya müyəssər olmur. O, heç vaxt heç kəsə güvənməyib, güvənc yeri öz iradəsi, qətiyyəti, əzmkarlığı olub. Aydın müəllim bütöv xarakter sahibidir. Onda cəmləşən güclü xüsusiyyətlər həyat yollarında qələbəsini təmin edir. Həyat onun üçün insanlara yaxşılıq etmək, qurub-yaratmaq, yaşayıb-yaratmaqdır.
Aydın Cəfərov 14 fevral 1951-ci ildə Basqal qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. 1952-ci ildə ailəsi Xırdalan qəsəbəsinə köçmüş, orada orta məktəbi bitirdikdən sonra 1967-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun mexanika fakültəsinin axşam şöbəsinə daxil olub. 1973-cü ildə mühəndis-mexanik ixtisası almaqla institutu bitirib. Əmək fəaliyyətinə 1968-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin 1 nömrəli avtobazasında başlayıb, dərin istehsalat qabiliyyəti, ciddi intizamı nəticəsində sıravi çilingər işindən mühəndis vəzifəsinə qədər yüksəlib.
1974-1975-ci illərdə keçdiyi hərbi xidmət onun məqsədyönlü səyi ilə üzvi surətdə birləşərək onun həyatdakı inkişafına biləvasitə təkan verib. 1977-ci ildə Aydın Cəfərov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Avtomobil Müfəttişliyinin xüsusi təyinatlı tağımın komandiri vəzifəsinə təyin olunub.
Aydın Cəfərov xoşbəxt insandır ki, tale insan varlığını sınağa çəkəni mtahanlardan cəsarətlə çıxmış, inkişaf yolunu özü tapmışdır. Aydın Cəfərovun qanında yaşamaq, yaratmaq ehtirası qaynayır. Adamlarla işləməyi bacarır, özünəməxsus yanaşma tərzi var. Çoxlu dostları var, deməli ümumi dil tapa bilir. Həyatdakı hər şeyə çox çətinliklə nail olub. Amerikalı şair, memar R.Y.Elirson deyib ki, “Hər gün hər hansı bir təhlükəni dəf etməyən şəxs həyatda heç bir şeyi öyrənə bilməz”. Aydın Cəfərovun hər mənada çətin günləri olub, lakin ruhdan düşməyib, daxildən gələn əzm və iradə, həyat və arzu pillələri ilə büdrəmədən irəliləməsinin əsas mənbəyi olub.
1983-1991-ci illərdə Aydın müəllim Bakı şəhər Binəqədi (keçmiş Kirov) rayonunda Dövlət Avtomobil Müfəttişliyinin rəisi vəzifəsində çalışıb. 1991-1992-ci illərdə Dövlət Avtomobil Müfəttişliyi idarəsində şöbə rəisi, 1992-1995-ci illərdə alay komandiri, 1995-2001-ci illərdə Sumqayıt şəhər imtahan-qeydiyyat şöbəsinin rəisi, 2001-2003-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi dəmir yolu idarəsində rəis vəzifəsində çalışıb.
2003-cü ildən təqaüdə çıxan Aydın Cəfərov ehtiyatda olan polkovnikdir. Respublikanın ictimai həyatında fəal iştirak edən Aydın müəllim 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd kimi qeydə alınmışdır.
Aydın Cəfərov xoşbəxt insandır ki, atasından, anasından aldığı tərbiyə yolunu ləyaqətlə davam etdirir. Onun portretini ümumiləşdirmək lazım gələrsə, şəxsiyyət kimi qabarıq nəzərə çarpan üç cəhəti xüsusi qeyd edərdim: tərbiyə, mədəniyyət, xeyirxahlıq zənnimcə, bu xüsusiyyətlərin cəmləşdiyi insan həyatda hər şeyə nail ola bilər. Aydın Cəfərovun nail olduğu səviyyə dediklərimi sübut edir.
Aydın müəllim çox qayğıkeş, eyni zamanda tələbkar ailə başçısıdır. Övladları ali təhsil almış, həyatda öz layiqli yerlərini tutmuşlar. Oğlu Zaur Bakının Səbail rayonunda Yol polisinin rəisidir. Qardaşı Xoşbəxt Cəfərov təqaüddə olan polis mayorudur.
Aydın Cəfərovun səkkiz nəvəsi sələflərinin keçdiyi şərəfli yolla daha böyük inamla addımlayır.
Miryavər Hüseynov

Şərh Yaz