Oxucularımızın yaradıcılığı

Elə bil ulduzlar göydən enərdi,
Şəbnəm süsləyəndə tər bənövşəni.
Aləm nurlanardı, ətirlənərdi,
Yaxama düzəndə, yar, bənövşəni.

Doldu bulud-bulud hayqırdı səma,
Əsdi bəd ruzigar buz dama-dama.
Bir bahar axşamı yetməmiş kama,
Vurdu vaxtsız yağan qar bənövşəni.
Oxucularımızın yaradıcılığı

Bənövşəni
Oxucularımızın yaradıcılığı
Elə bil ulduzlar göydən enərdi,
Şəbnəm süsləyəndə tər bənövşəni.
Aləm nurlanardı, ətirlənərdi,
Yaxama düzəndə, yar, bənövşəni.

Doldu bulud-bulud hayqırdı səma,
Əsdi bəd ruzigar buz dama-dama.
Bir bahar axşamı yetməmiş kama,
Vurdu vaxtsız yağan qar bənövşəni.

Töküldü ləçəyi, qaraldı üzü,
Qaranlıq gecəyə döndü gündüzü.
Nisgilin, həsrətin yağdırar gözü,
Dindirmə dünyası dar bənövşəni.
Xatın

Gedəcəksən
Oxucularımızın yaradıcılığı
Bu dünyanın malı dünyada qalır,
Əli boş gəlmisən, boş gedəcəksən.
Yaxşılıq, xoş niyyət qazancın olur.
Deməsinlər: “ başına daş”, gedəcəksən.

Bir az gözü tox ol, ürəyi geniş,
Yoxdu keçənlərdən geriyə dönüş.
Həyat yollarında nə çoxdu eniş,
Bilinməz ya bahar, qış gedəcəksən.

Nailə söyləyər sözün düzünü,
Haqq açar onun da yolu, izini.
Yaman adamların yaman gözünü,
Yaradan doldurar yaş, gedəcəksən.
Nailə Yırğançaylı

Get…, qal
Oxucularımızın yaradıcılığı
Şərlə xeyir arasında,
Bitən deyil bu qalmaqal.
Bir ömürlük çarpışmada
Öldüm, məndə qalmadı hal.

Zaman dönüb cin toyuna,
Salıb bizi hər oyuna.
Həyat baldır, söz yox buna,
Zəhərlənib amma bu bal.

Hər gülümün üstdə bir xar,
Varkən yoxam, yox ikən var.
Məni tamam çaşdırıblar ;
Ruh deyir: “get”, can deyir: ”qal”.
Oqtay İsmayıllı

Mənim

Dolan, a sevdam, dolan, çıxma başımdan mənim,
Nə qədər canda can var, qorxma yaşımdan mənim.

Tələbəlik illərim ürəyimdə, qanımda,
Getməz o kənd uşağı ağlım, huşumdan mənim.

Ziyalandım elm ilə, ədəb-ərkanla hər gün,
Həmişə nur töküldü gözüm, qaşımdan mənim.

Ömrümün hər anında nə xeyirim, nə şərim,
Nə günahım olubsa çıxmaz qarşımdan mənim.

Dedim zövq əhli olum, döyüşdüm öz-özümlə,
Qaçammadım ömrümə gələn qışımdan mənim.

Yetmədiyim arzular ürəyimdə qəm oldu ,
Üzüm əyildi içib öz göz yaşımdan mənim.

Çalışdım gecə-gündüz, dedim bir həyat qurum,
Sonda heç nə çıxmadı qəpik-qurşumdan mənim.

Kim nə bilir nə çəkdim, nə zülümlər gördüm mən,
Qırx il bəlli bir sapda duran daşımdan mənim.

İşıq telləri kimi əsəblərim yükləndi,
Canıma azar doldu hər gün işimdən mənim.

Bilirəm mən də bir gün gedəsiyəm dünyadan ,
Axı, nəyim artıqdı gedən qoşundan mənim ?

Dərd budur, Nazir Ziya, ölüb gedəm mən niyə ?
Namərd, nadan əhd ala düşən daşımdan mənim.
Nazir Ziya (Talıstanlı)


Bir yanım

Oxucularımızın yaradıcılığı
Nazir Ziyanın “ Dönübdür “ şeirini oxuyarkən

Baxıb yan-yörəmə görürəm hərdən,
Bir yanım dolusa, bir yanım boşdur.
Taleyin əlində ömür oyuncaq,
Bir yanım sağlamsa, biri naxoşdur.

Pisliyə köklənməz könlüm heç zaman,
Yaşayır qəlbimdə sabaha güman.
Sevinc doğulanda ölür ah-aman,
Bir ümid acısa, birisi xoşdur.

Bu gün də, sabah da gözəldir dağlar,
Birində əzəmət, birində vüqar.
Şeirlə, nəğməylə ötür bulaqlar,
Biri ayıqdırsa, biri sərxoşdur.

Göyləri gömgöydür, buludu bəyaz,
Torpağı qızıldır, qayası almaz.
Vətən məhəbbəti bitib, qurtarmaz,
Bir arzu baharsa, birisi qışdır.

Qızıl da, altun da, zər də yoxumdu,
Bax elə bu vətən azım-çoxumdu.
Əbədi laylası şirin yuxumdu,
Bir yanım torpaqsa, bir yanım daşdır.
Murad Məhərrəmov

Gələrəm

Gedirəm, gələrəm payız gələndə,
Quşlar köç edəndə qayıdaram mən,
Qəlbim sevinəndə, üzüm ğüləndə,
Həsrəti sevinclə ovudaram mən.

Yaman kövrəlmişəm çiskin, dumantək,
Dağlara qar yağar, yağmaz gələrəm.
Məni gözləyərsən ümid, gümantək,
Bu həsrət dünyama sığmaz, gələrəm.

Darıxma, darıxma fırlanar zaman,
Bulanmış sular da durular bir gün.
Tale bəxş edərsə, verərsə aman,
Bizə də yetişər sevinci ömrün.
Rüstəm Məbudoğlu

Kimi

Yenə də kəndimiz düşüb yadıma,
Gözəl günlər kimi, xoş anlar kimi.
Üz tutub gedirəm onu görməyə,
Həsrətdən saralıb solanlar kimi.

Dağların havasın çəkib canıma,
Gedirəm Lahıcdan Pirəqanıma,
Çevrilib baxıram dörd bir yanıma,
Neçə il qürbətdə olanlar kimi.

Atamın gəzdiyi yerdi bu yerlər,
Rəhmətlik babama pirdi bu yerlər,
Neçə mərd oğullar gördü bu yerlər,
Tarixdə iz qoyub qalanlar kimi.

Mulux, Cülyan, Daxar, Müdrüsə, Vaşa,
Müdriylə doğmatək verib baş-başa,
Nanıca çatanda gəlirsən coşa,
Sinəsi şairtək dolanlar kimi.

Salman seyr eylədi gələndən bəri,
Ona doğma olan gözəl yerləri,
İstəməyir dönsün, qayıtsın geri,
Meylini bu yurda salanlar kimi.
Salman Mehdiyev

**
Qəzəl
Oxucularımızın yaradıcılığı
Mən güləm, gülzara heyran kimiyəm,
Aşiqəm, eşqimə qurban kimiyəm.

Hicranı rədd eləməm, dözümüm çox,
Mənzilə yetmədə tərlan kimiyəm.

Hər gecə aya baxıb işıqlandım,
Hüsnümlə özüm də yanan kimiyəm.

Bilməyirsə də qədrimi çoxları,
Elimdə hər dərdə dərman kimiyəm.

Əsirəm yel kimi dərdli görəndə,
Dərd əlində özüm giryan kimiyəm.

Coşuram təbim mehmanım olanda,
Çün özüm təbimə mehman kimiyəm.

Gülxaram, yad edirəm əslimi mən,
Sanma əslim-köküm danan kimiyəm.
Gülxar Cəbiqızı

Salam, Günəş
Oxucularımızın yaradıcılığı
Səhər seyrə çıxdım bağçaya, bağa,
Ruhumu oxşadı sərin küləklər.
Baxdım şehlə dolu gülə, yarpağa,
Gecə “ağlamışdı” otlar, çiçəklər.

Günəş üfüqlərdə görünən kimi,
Güldü çiçəklərin qəmli dodağı.
Ana qayğısına bürünən kimi,
Qurudu islanmış ”ağlar” yanağı.

Salam, təbiətin anası Günəş,
Səni çox görməsin bizə Yaradan.
Heç zaman sönməsin bu od, bu atəş,
Sənsən yer üzündə cənnət yaradan !
Südabə Şeyda

İstilərdə

Gedib yazın yarısı, yay gəlir yavaş-yavaş,
Keçər inşallah, günüm mənalı istilərdə.
Gedib Baba dağına yenidən çəkərəm baş,
Eyləyərəm ziyarət Niyalı istilərdə.

Yaşamaram o qədər qışdakı kimi əzab.
Pərişan olmaz halım, kefim sayılmaz xarab.
Həll edib çətinliyi, taparam düzgün cavab,
Vermərəm öz-özümə sualı istilərdə.

Çəkilər başım üstdən bulud, çən də, duman da,
Tənbəl gedib iş görər, həlimləşər yaman da.
Günəş darayar saçın, dolanar asimanda,
Görünər bər-bəzəkli, xınalı istilərdə.
Tamam Nur (Tağlabiyanlı)

İtirdik

Çox şeylər itirdik biz tarix boyu,
İtirdik ünvanı, itirdik soyu.
İtirdik, tapmadıq biz Araz boyu,
Qaldıq el-obaya həsrət, itirdik.

Yağılar sevinib çalanda təbil,
Yaş tökdü, ağladı Təbriz, Ərdəbil.
O gündən qəmlidir hər iki sahil,
Millətlər içində hörmət itirdik.

Sənədlər yazıldı hey məxfi, saxta,
Bir zalım, qan içən əyləşdi taxta.
Ortada yeyənlər gəzdi qıraqda,
Nə qədər var-dövlət, sərvət itirdik.

Zəngəzur, İrəvan, şimaldan Dərbənd,
Bölündü vətənim, daraldı sərhəd.
Böyüklü, kiçikli neçə şəhər, kənd,
Neçə Cəfər, Müşfiq, Əhməd itirdik.

Yaxşı ki, o günlər keçmişdə qaldı,
Xalqımız azadlıq zəfəri çaldı.
Enməz bayrağımız yenə ucaldı,
Nə dövlət, nə də ki, millət itirdik.
Mirəli İsmayıllı

Şərh Yaz