AÇIQ MƏKTUB

Hörmətli Şura üzvləri, Sizi dağlar gözəlimiz İsmayıllıdan salamlayıram. Sizinlə bir növ həmkarıq, mən də jurnalistəm, Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsini bitirmişəm, 34 ildən çox rayon qəzetində işləmişəm. Jurnalist daim insanlarla təmasda olur, yaxşı yazı yaza bilmək üçün ailələri, insanları daha dərindən öyrənməyə çalışır, hər gün onlarla müxtəlif taleli insanlarla rastlaşır. Rastlaşdığım bəzi məqamlarla bağlı Sizi narahat edirəm. Məlum həqiqətdir ki, bu gün ölkəmizdə boşanmalar, ailə münaqişələri, intiharlar xeyli artıb. Bunun bir çox səbəbləri var.
AÇIQ MƏKTUB
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına, Azərbaycan Mətbuat Şurasına
AÇIQ MƏKTUB
AÇIQ MƏKTUB
Hörmətli Şura üzvləri, Sizi dağlar gözəlimiz İsmayıllıdan salamlayıram. Sizinlə bir növ həmkarıq, mən də jurnalistəm, Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsini bitirmişəm, 34 ildən çox rayon qəzetində işləmişəm. Jurnalist daim insanlarla təmasda olur, yaxşı yazı yaza bilmək üçün ailələri, insanları daha dərindən öyrənməyə çalışır, hər gün onlarla müxtəlif taleli insanlarla rastlaşır. Rastlaşdığım bəzi məqamlarla bağlı Sizi narahat edirəm. Məlum həqiqətdir ki, bu gün ölkəmizdə boşanmalar, ailə münaqişələri, intiharlar xeyli artıb. Bunun bir çox səbəbləri var. Təəssüf ki, mətbuatın mənfi rolu səbəblər sırasında öndə yer alır. Televiziyalarımızda maraqla izlənilən, çoxsaylı tamaşaçı toplayan verilişlər az deyil, lakin ümumilikdə televiziyalarımız, xüsusən özəl kanallar günün tələbatından çox-çox uzaqdırlar.
Bu ilin yanvar ayında rayonumuzda 11 yaşlı bir məktəbli oğlan özünü asaraq intihar etmişdi. Oğlanın ailə üzvləri ilə söhbətdə bilirsiz nə eşitdik – uşaq televiziyada geniş “reklam” olunan intihar xəbərlərini və intihar edənin əzizlərinin “vay-şüvən” səhnələrini görəndə maraqla soruşarmış: – mən də belə etsəm siz mənimçün belə ağlayarsız? Və uşaq məhz özünü asaraq intihar edir, amma təbii ki, sağlamlıq imkanları məhdud 2 övladdan sonra sağlam bir övlad sahibi olmuş və onu da bu şəkildə itirmiş valideynlərinin yeri-göyü inlədən fəryadlarından xəbərsiz qalır. Və ya… Rayonda baş vermiş ən son intihar hadisəsində qadın məclisində deyilən sözlər: – görünməmiş iş deyil ki, gündə neçə adam canına qıyır, televizoru nə vaxt açırsan özünü öldürənlərdən danışır.
“Dördüncü hakimiyyət” adlandırılan mətbuat ən böyük təbliğat və tərbiyə vasitəsidir, xüsusən televiziya. Əksər evlərdə televizor bütün gün açıq olur və birbaşa beyinə təsir edir. Yorulmadan, usanmadan şou əhlinin dəbdəbəli həyatının təbliği gənc qızlarımızda, gənc qadınlarımızda, elə kişilərin özündə də belə yaşam istəyi doğurur: nəticədə, ailədə münaqişə yaranır, boşanmalar çoxalır, asan yolla zəngin həyata qovuşa bilmək arzusu qızlarımızı, oğlanlarımızı arzuolunmaz yollara salır. Olmazmı ki, televiziyalarımız Vətənpərvərlik, əxlaq, milli-mənəvi dəyərlər mövzularına geniş yer versinlər və bu mövzuda olan verilişləri də şou əhli barədə olan verilişlər qədər baxımlı qursunlar?! Olmazmı ki, istər özəl, istər dövlət kanallarımız bizim üçün o qədər tanış olmayan biznes layihələr barədə söz açsınlar, adi bir kənd adamının pay torpağında işi səmərəli qurmaqla necə qazanc əldə edə biləcəkləri haqqında mütəxəssislərin iştirakı ilə verilişlər təşkil etsinlər? Bununla bağlı qabaqcıl təcrübəni öyrənib yaysınlar?! Bu gün insanların əksəriyyəti stresdən, əsəb gərginliyindən, yuxusuzluqdan əziyyət çəkir, bunun bir səbəbi həyat şəraitimizlə bağlıdırsa, ikinci səbəbi televiziyadan həyatımıza daxil olan mənfi amillərin nəticəsidir. Axı nə qədər, yorulmadan, usanmadan “filan yol yenə qana boyandı”, “daha bir intihar xəbəri”, “filanıncı sinif şagirdinin intiharına nə səbəb oldu”, ”az sonra” deyə-deyə, veriliş boyu dəfələrlə göstərilən, tamaşaçının məcburən gözünə, beyninə dürtdürülən qana, ölümə, asılmış ilgəkli kəndirlərə baxmaq olar?! Cizgi filmindən tutmuş, adi filmlər, verilişlər, xəbərlər insana, xüsusən gənc nəslə yaxşı heç nə öyrətmir, əksəriyyəti ölüm, qan qoxuyur. Deyəcəksiz ki, baxmayın – axı baxa bilinən əksər kanallar bu vəziyyətdədir. Bəs onda tamaşaçı deyilən bu kütlə nəyə baxsın, nədən örnək götürsün? Yenilənən cəmiyyətə yeni düşüncə tərzi deyirik, o tərzi haradan, kimdən öyrənsin bu millət?! Hər bir halda televiziyalarımızdan yox – çox təəssüf!
Çoxlarının “əyalət” deyib keçdiyi rayonlardan bu deyilənlər daha aşkar görünür, çünki şəhər camaatının işdən sonra gedəcəyi parkı var, kinosu var, əyləncə mərkəzi var, rayon adamı isə asudə vaxtının əksər hissəsini ekran qarşısında keçirir. Və istəsə də, istəməsə də dediyimiz o verilişlərin məcburi tamaşaçısı olur.
Mən bu məktubla nəyinsə dəyişəcəyinə çox ümid etmirəm, bəlkə də deyəcəksiz ki, “özəl televiziyalardı və bizdən asılı olan elə də çox şey yoxdur”. Təbii ki, elə deyil. Şura ən azından “dəlinin yadına daş salmaq” məsəlini andıran intihar xəbərlərinin saytlarda, televiziyada, qəzetlərdə verilməsinə qadağa qoya bilər, necə ki, Norveç və İsveçdə qoyulub. Bu qadağa həmin ölkələrdə dövlət səviyyəsində yox, jurnalist təşkilatlarının təklifi ilə qəbul olunub. Türkiyədə kanallar hansısa verilişə görə cəza olaraq bir neçə günlük bağlanardı, bizdə hələ ki elə bir iş olmayıb: ya pis veriliş, qayda pozan jurnalist yoxdur, ya da ona nəzarət edən qurum. Nə isə… Sadə tamaşaçı televiziyadan, biz ziyalılar isə güvəndiyimiz Sizlərdən – hörmətli Şura üzvlərindən çox şey gözləyirik-ən azından Şuranın adında ehtiva olunmuş millilik. Özəl televiziyadır deyib yaxasını kənara çəkməyə heç kəsin haqqı yoxdur: özəl təsis ola bilər, amma o milyonların həyatına, beyninə, şüuruna daxil olursa, ictimailəşirsə, o Dövlətin, vətəndaşın, müstəqil Azərbaycan Respublikasının tələblərinə, milliliyə cavab verməlidir, əks mövqedə olmamalıdır! Dövlət ailənin, vətəndaşın toplumudur, güclü ailə, güclü vətəndaş GÜCLÜ ÖLKƏ deməkdir. Bu güclülərin yetişməsində isə valideyn, məktəb və cəmiyyətlə yanaşı kütləvi informasiya vasitələri də böyük rol oynamalıdır. Bu rolun layiqli oynanılmasında isə Milli Televiziya və Radio Şurası, eləcə də Mətbuat Şurası öz layiqli rolunu oynamalıdır!
Şəxsən mən möhtərəm Prezidentimizin sərəncamı ilə yaradılmış bu Şuralardan daha çox şey gözləyirəm və istəyirəm. Ən azından bir tamaşaçı, bir oxucu, bir vətəndaş kimi…
Lətifə Ziyad qızı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz