Ay səni!.. Diş kimin idi?

Toy həmişə doğmalar üçün ən xoşbəxt qismətlərdən sayılır. Məmmədəli bu günü neçə il idi ki, qəlbində yaşadırdı. Yalvarırdı, yaxarırdı, İkram isə heç cür yaxasını ələ vermək istəmirdi:
– Qaqaş, qoy hələ bir babat maaş alım, onda baxarıq.
İkram anadan beş yaşında yetim qalmışdı. On beş yaşa çatanda isə qocalmış atası qəflətən vəfat etdi.Ailənin bütün ağırlığı Məmmədəlinin çiyinlərinə düşmüşdü. Özündən iki yaş böyük bacısı Xanım, özü, hətta İkramdan üç yaş kiçik olan bacısı Əminə də ailə qurmuş, Allahın mərhəməti ilə oğul-uşaq sahibi olmuşdular.


Ay səni!..
Diş kimin idi?

Toy həmişə doğmalar üçün ən xoşbəxt qismətlərdən sayılır. Məmmədəli bu günü neçə il idi ki, qəlbində yaşadırdı. Yalvarırdı, yaxarırdı, İkram isə heç cür yaxasını ələ vermək istəmirdi:
– Qaqaş, qoy hələ bir babat maaş alım, onda baxarıq.
İkram anadan beş yaşında yetim qalmışdı. On beş yaşa çatanda isə qocalmış atası qəflətən vəfat etdi.Ailənin bütün ağırlığı Məmmədəlinin çiyinlərinə düşmüşdü. Özündən iki yaş böyük bacısı Xanım, özü, hətta İkramdan üç yaş kiçik olan bacısı Əminə də ailə qurmuş, Allahın mərhəməti ilə oğul-uşaq sahibi olmuşdular.
İkram Bakıda sənət məktəbində oxumuş, çilingərlik sənətinə yiyələnmişdi. Fərasəti, zəhməti ilə iki otaq almışdı. Nəhayət, tay-tuşunun danlağından sonra otuz yaşlı gənc daşı ətəyindən ataraq evlənməyə razılıq vermişdi. Nişanlandığı qız atasız böyüsə də, idarələrin birində mühasib işləyən anası qızına yetimlik acılarını yaşamağa imkan verməmişdi.
Qız başqa bölgədən idi. Bakıda doğulmuş, orada da yaşamışdı. Gəlini bir gün əvvəl gətirib Məmmədəlinin xalası qızının evində qoymuşdular. Cehizlər də gətirilmişdi. Bu axşam isə el adəti ilə, böyük şadyanalıqla oradan bəy evinə gətirəcəkdilər.
Bəli, bu gün qədim qəsəbədə toy idi. Çalğıçılar, xanəndə, toya xidmət edəcək gənclər buyruğa müntəzir idilər. Əllinci illərin axırına kimi toylarda indikinə bənzər lüzumsuz, mənasız israfçılıq yox idi. Bakı və ətrafındakı kəndlərdə toy süfrəsinə zəfəranlı küftə-bozbaş, bizim Şirvan elində isə yağlı qoyun ətindən bişirilən bozbaşı, kələm dolmasını hamı böyük iştahla, ləzzətlə yeyirdi.
Toyun başlanmasına bir saata yaxın vaxt qalırdı. Məclisdəkilərin hamısında şən toy ovqatı vardı.
– Qoy, toya xidmət edənlər naharı məclis başlanana kimi eləsinlər, sonra macalları olmayacaq. Təklifi məclisə böyüklük eyləyənlərin hamısı bəyəndi.
Bozbaşı peşəkar aşpaz kişi, dolmanı isə Məmmədəlinin qonşuları olan, təmizkarlığı ilə seçilən yaşlı qadınlar bişirmişdilər. Ortalığa iri nimçələrdə kələm dolması, kasalarda bozbaş, təndirdən təzə çıxarılmış behişt qoxusu verən çörək düzüldü.
Məmmədəli ovcunu ovcuna sürtdü, üzü güldü, könlü açıldı. Faraş kələmlə bükülmüş dolmanın, bozbaşın ətri onu ovsunlamışdı. Süfrə əsl müsəlman süfrəsi idi, içgi-filan yox idi. Məmmədəli ibadət sahibi idi.
– Afərin, eşq olsun bizim aşpazlara! Yeyin, qardaşlar, yeyin! Bu təamlar gedən mədələrə azar-bezar getməsin!
Mətbəxdən Gövhər xalanın:
– Xörəyi tərifləməkdənsə, xələtimizi göndərin, – deyən səsi gəldi.
Məmmədəli, İkram səxavətlə xələt göndərdilər və aşpazlara bir daha sağ ol dedilər.
Qonşu Kərim kişi də dolmanı xoşlamışdı. Hələ oturanlar: – Bissmillah! – deyib süfrəyə əl uzatmamışdılar. Qoca Kərim kişi isə artıq ikinci dolmaya hücum etmişdi. Birdən qoca sağ əlinin şəhadət barmağı və baş barmağı arasında nəyi isə tutub yuxarı qaldırdı:
– Deyin görək, bu nədir, təriflədiyiniz dolmanın içindən çıxdı?
Cərrah xəstənin böyrəyindən və ya başqa daxili orqanından çıxardığı yad əşyaya necə baxırdısa, Kərim kişi də barmağının arasında tutduğu əşyaya baxır, həm də nahar edəcək adamların gözü qarşısında onu nümayiş etdirirdi.
– Bilmək istəyirsiniz ki, bu nədir? Bilin: -Bu dişdir, özü də yekə bir diş. Heç adam dişinə də oxşamır.
Bir an içərisində məclisdəkilərin toy ovqatı pozuldu. Oturanlar əllərini yeməkdən çəkib Kərim kişinin əlində nə olduğuna baxdılar. Doğrudan da saralmış, kökü qaralmış iri bir azı diş kökündən qopmuşdu.
Məmmədəli aşpaz qadınların üstünə düşdü. Onların hamısı bir ağızdan and-aman elədilər ki, neçə illərdir ağızlarında protez diş gəzdirirlər. Bəziləri protezi çıxarıb Məmmədəliyə göstərmək də istdilər. Bunsuz da məlum idi ki, bu əcaib diş başqa yerdən düşüb. Hamını bir sual düşündürürdü: -bəs bu şoğərib diş dolmanın içinə haradan düşüb?
– Hə, mən tapdım, – deyə Nabat xala əllaməlik elədi: – Axşam biz dolma tutanda Xalidə dişini qurdalayırdı. Lap yəqin ki, diş onunkudur…
Toya dəvət olunanlar yavaş-yavaş toplanırdılar. Masa üzərinə qoyulan ləzzətli nemətlər əl vurulmadan yığışdırıldı.
Qadınlar binəva Xalidəni çağırıb təhqiqat aparmaq istəyirdi ki, cavanlardan biri Kərim kişinin hələ də üsyankarlığı davam etdirən üzünə baxanda gördü ki, onun çənəsini qan bürüyüb. Alt dodağından çənəsinə tərəf qan sızması davam edir.
– Ay kişi, səni qan aparır, bəlkə həkim çağıraq? -deyə cavanlardan biri dilləndi.
Bu sözləri eşidən Kərim kişi barmağını damağına sürtdü, yəqin etdi ki, dolmasından çıxan diş özününkü imiş və tez-tələsik toyxanadan uzaqlaşdı.
“Cinayətkar” tapılmışdısa da, mətbəxdə çalışan arvadların mübahisəsi hələ kəsilməmişdi. Xəbər onlara da çatdı, qadınlardan biri:
– Ay səni od aparsın, Kərim, bizi rüsvay elədin, – deyə onun qarasınca danışdı.
Miryavər Hüseynov

Şərh Yaz