Oxucularımızın yaradıcılığı

Həyat – bu dünyayla, ata-anayla,
Əmiylə, qardaşla, bacıyla görüş.
Ulduzla, günəşlə, buludla, ayla,
Dünyanın dərdiylə, ehtiyacıyla,
Dünyanın toxuyla, acıyla görüş.
Həyat – oyuncaqla, beşiklə görüş.
Kitabla, qələmlə, evlə, eşiklə,
İtlə, canavarla, pişiklə görüş.
Dünyanın özüylə görüşəydik biz,
Ümidlə, dözümlə görüşəydik biz.
Görüşə gəlmişik öz-özümüzlə,
Otlarla, dostlarla, dərəylə, düzlə,
Gecəylə, gündüzlə görüşəydik biz.
Gecə də, gündüz də görüşəydik biz.
Oxucularımızın yaradıcılığı

Hərdən bir nisgil də olur içimdə;
Hər görüşün sonu bir ayrılıqdı.
Bu var ki, hər dəfə dünyadan köçüb
Yenidən dünyaya qayıdırıq biz –
Bir az başqa donda, başqa biçimdə.
Bizimdir əbədi torpaq, göy, dəniz…
Oğula, uşağa, nəvəyə dönüb,
Lap elə bir qızıl laləyə dönüb,
Bir az təzələnib, belə tərtəmiz
Yenidən görüşə qayıdırıq biz.
Deyirəm, oturub batmayaq yasa,
Dünya işıqlıdı, dünya ilıqdı.
Həyat görüşlərin təkrarıdırsa,
Ölüm müvəqqəti bir ayrılıqdı!
Maarif Soltan

Yazdı, ay Allah!
Bu novruz çiçəyi, tər bənövşələr,
Bahara salamdı, yazdı, ay Allah!
Nəğməsi dilində ötən bulaqlar,
Nə qədər oxusa azdı, ay Allah!

Bir ümid göyərir solumda, sağda,
Əllərim torpaqda, gözüm budaqda,
Yaşıl köynək geyir çəmən də, dağ da,
Çaylar da yolunu azdı, ay Allah!

Lalələr döşdədi, bənövşə kolda,
Duman zirvələrdə, cığırda, yolda,
Sonalar əylənir dumduru göldə,
Kefləri yuxarı, sazdı, ay Allah!

Yurduma gözəllik, can verir Fələk,
Tarlalar məxmərdi, yamyaşıl ipək,
Min bir naxışlıdı xallı kəpənək,
Böcəklər torpağı qazdı, ay Allah!

Pərişan deyiləm ruhum havalı,
Əllərim qabarlı, dilim dualı,
Köksümdə nəğmələr oynayır yallı,
Ürəyim sədəfli sazdı, ay Allah!

Murad Məhərrəmov


Ölümə hazır deyiləm

Ürəyim, infarkta hələ üz vermə,
Gözüm, işığını hələ itirmə.
Əlim, qoru, saxla öz qüdrətini,
Hələ də üstümdən götürməmişəm
Tarixin ən ağır bir töhmətini,
Taleyin ən ağır bir lənətini.
Haqqım yoxdur bu gün qaralım, sönüm,
Uzaq dayan məndən, uzaq, son günüm!
Mən hələ ölümə hazır deyiləm!

Yada yurd verənin Allahı yoxdur,
İnan imanının batilliynə.
Ən adi bir ömür yaşadım, yetər,
Dözmərəm ölümün adiliyinə.
Allahı dəlitək sevə-sevə mən
Ölmək istəmirəm Allahsız kimi.
Layiqli bir qisas alıb düşməndən,
Qanla yumalıyam öz əllərimi.
Mən hələ ölümə hazır deyiləm!

Ey ölüm, heçliktək çökmə canıma,
Qara yuxu kimi gəlmə yanıma.
Soyuq bir su kimi çilənmə, aman,
Od dolu hissimə, həyəcanıma.
Mən öldürməliyəm ölməzdən əvvəl,
Bir şəhidlik kimi gəlirsənsə, gəl!
Can alanın canın alım, görüşək,
Qatilin qatili olum, görüşək!
Döyüşdüyüm yerdə yaxala məni,
Hücumda, səngərdə yaxala məni.
Mən indi ölümə hazır deyiləm!

Ölmək istəmirəm evdə, otaqda,
Rahat çarpayıda, yumşaq yataqda.
İnsanlıq adına bir ləkə olan
Düşmənimə gülüb getmək istərəm,
Sadə bir kəfəndə od tutar canım,
Bayrağa bükülüb getmək istərəm.
Sonuncu döyüşdə son mərmi kimi
“Qələbə” sözünü gərək mən deyəm.
Mərdlik kitabının səhifəsində
Təzə qızıl sətrə çevrilməliyəm.
Əcəl, gözlə döyüş başlananadək,
Daşnak Şeytan kimi daşlananadək.
Mən hələ ölümə hazır deyiləm.
Oqtay İsmayıllı

Əmanət qalır
(Məzun şagirdlərimə)
Arzu diləyiniz axan bulaqdır,
Zərif duyğularla üzünüz gülür.
Qayıdıb baxdıqca ötən illərə,
Şirin niyyətiniz, sözünüz gülür.

Nə qədər əzizdir ötən o çağlar,
Üstündən ötsə də neçə bahar, qış.
Hər kəsin öz eşqi, məhəbbəti var,
Bir kimsə o sayaq aşiq olmamış.

O yollar bir daha keçilə bilməz,
Gör illər yadıma nələri salır?
Sevilib böyüyən kiçilə bilməz,
Sevginiz yanımda əmanət qalır.

Yox
Əvvəl-axır bu dünya,
Vurar səni dişinə.
Lap deyək arxa durdun
Sən üçünə, beşinə,
Sənə arxa duran yox.

Atəşinə qızındı
Çoxları yanan canın.
Eh, bu yollar uzundu,
Nadürüstün, nadanın
Qulağını buran yox.

Bu dünya çox qarışıq,
Ağıllı var, axmaq var.
Neylər kor gözə işıq?
Hər əldə bir toxmaq var,
Bir nöqtəyə vuran yox.
Oxucularımızın yaradıcılığı
Hacıməmməd Məmmədov

Yerində deyil
Ağzına daş basdığım,
Ağzı yalaq olubdu.
Sirr saxlaya bilməyir,
Bir badalaq olubdu!

And içsə də andına,
Sadiq qalmır, ay ana.
Heç səni də düşünüb,
Yada salmır, ay ana!

Əhmədi-biqəm olub,
Huşu yerində deyil.
Orda, burda dəm olub,
Naşı yerində deyil.

Təkər oxdan çıxıbdı,
Həm də çoxdan çıxıbdı.
Vardan, yoxdan çıxıbdı,
Başı yerində deyil.

Təki ürək gen olsun
Üfüq təmiz, göy açıq,
Nəyə gərək hirs, acıq.
Çox darsa da alaçıq,
Təki ürək gen olsun!

Deyib gülən bol olar,
Sağ da dönüb sol olar.
Müşkülə də yol olar,
Təki ürək gen olsun!

Bir vaxt dağlar aşan canım
Dərd əlindən ağırlaşdım,
Yazıqlaşdım, fağırlaşdım,
Hamar yolda sapdım, çaşdım,
Bu da bir dərd oldu mənə!

Bir vaxt dağlar aşan canım,
Çaylar kimi coşan canım,
Durnalarla uçan canım,
İndi düşdü duman, çənə!
Oxucularımızın yaradıcılığı
Mövlud Teymur

İsmayıllının
Xeyir duasını Tanrıdan alıb,
Hər yanı sərvətdi İsmayıllının.
Lövbərin düzəndə, ormanda salıb,
Adı bərəkətdi İsmayıllının.

Ziyarət ocağı Baba dağında,
Min bir gözəllik var sağı-solunda.
Quşlar da dil açır bağça-bağında,
Görkəmi ismətdi İsmayıllının.

Yayılır hər yana şanı, şöhrəti,
Uca dağlarıdı varı, dövləti.
Xaliq özü verib dəyər, qiyməti,
Qucağı cənnətdi İsmayıllının.

Övladı danışır ana dilində,
Ərənlər ad alır kəhər belində.
Qoxusu məlhəmdi daşın, gülündə,
Torpağı nemətdi İsmayıllının.

Cavanşir buranı son məkan seçib,
Orduya təlimin burada keçib.
Ağsuçay suyundan doyunca içib,
Bulağı şərbətdi İsmayıllının.

İdris, bu yerlərin sərindi yayı.
Dağlara hay salır Girdiman çayı,
Əziz qonağına ən şirin payı,
Həmişə hörmətdi İsmayıllının.
İdris İbrahimov

Çal ay aşıq
Yenə saz havası düşüb könlümə,
Çal, ay aşıq, barmaqların var olsun.
Bir sığal çək qananların ruhuna,
Qanmazların qulaqları kar olsun.

Cəngə çağır Koroğlunu, çal, bizi,
“Sarıtel”lə özümüzdən al bizi,
“Kərəmi”nin atəşinə sal bizi,
Oxu, səsin el-obaya car olsun,
Çal, ay aşıq, barmaqların var olsun.

Aşıq aşıq olmaz ustad görməsə,
Təcnis, dastan, dodaqdəyməz bilməsə,
Sazın, sözün meydanına gəlməsə,
Belə aşıq el içində xar olsun
Çal, ay Aşıq, barmaqların var olsun.

Saza, sözə çoxlarında var həvəs,
Haqdan gəlir hikmətli söz, şirin səs,
Pula görə sazı gözdən salan kəs,
Sənə külli eyib olsun, ar olsun
Çal, ay Aşıq, barmaqların var olsun.

Xəyal, zərin zərgər bilər qiymətin,
Arif olan vurğunudur sənətin,
Kim danırsa ulu sazın qüdrətin,
Qəbirdə də yatan yeri dar olsun
Çal, ay Aşıq, barmaqların var olsun.

Allah istəsə
Günəş səmalardan od ələyəndə,
Yay vaxtı qar verər Allah istəsə.
Zimistan fəslinin oğlan çağında,
Bağlara bar verər Allah istəsə.

Bu sirli, sehirli kainat ki, var,
Allahın əmrilə olub bərqərar.
Varlının dövlətin əlindən alar,
Yoxsula var verər Allah istəsə.

Yaradan hər anda bir fərman verər,
Xəyal hər dərdinə o dərman verər.
Ölünü dirildər daşa can verər,
Kor gözə nur verər Allah istəsə.
Xəyal Orucov,
Topçu kəndi

Şərh Yaz