Yaddas kitabcasi

İsmayıllıda 1918-ci il erməni vəhşilikləri

1918-ci ilin yazında məlum mart hadisələrindən sonra Şamaxı, Ağsu, İsmayıllı bölgəsində də erməni başkəsənləri fəallaşmışlar. Bu ərazidə başkəsənlərə Sovet dövründə “görkəmli bolşevik” kimi “26-lar”ın siyahısına salınmış mənfur Əmiryan qardaşları başçılıq etmişlər. Göyçay istiqamətində döyüşlər ərəfəsində XKS-nin qoşunları əlverişli şərait yaratmaq məqsədilə birinci Hacıhətəmli kəndini hədəf seçiblər, çünki bu kənd erməni kəndlərinin əhatəsində idi, coğrafi mövqeinə görə Göyçaya yaxın idi və yüksəklikdə yerləşir.Kəndin alınması Göyçaya hücum üçün əlverişli şərait yaradırdı. Kəndə hücum ərəfəsində ermənilər kəndin yüzbaşısı Zülfüqarı və daha bir neçə sakini xüsusi qəddarlıqla qətlə yetirmişlər. Uzun müddət orduya çağrılmadıqlarına görə silah atmağı bacarmayan kənd cavanları çar ordusunda xidmət edib, döyüşməyi öyrənən ermənilərlə müqayisədə çox zəif idilər. Həmçinin, erməni kəndlərinin əhalisini təşkil etmək üçün silahlı nizami dəstələr göndərilirdi. Belə bir şəraitdə Hacıhətəmli camaatı pis vəziyyətdə qalmışdı. Gecə ikən ermənilərin kəndə silahlı hücum edəcəyindən xəbər tutan kənd camaatı at-arabalarla Göyçay istiqamətində qaçıb canını xilas edir. Həmin hadisələrin şahidi olmuş atam İdris Məmmədov söhbət edirdi ki, o vaxt 10-12 yaşım vardı. Göyçayın yaxınlığında çayın sahilində alaçıqlar qurub yerləşdik. Yaşıdlarımla mal-qara otarırdıq, gördüm ki, dəstə-dəstə nizamlı əsgərlər gəlir, qaçıb gizlənirdik. Sonradan bildik ki, onlar erməni deyil, türk qardaşlarımızdır. Azərbaycan xalqının köməyinə gələn Qafqaz Türk Ordusunun əsgərləri topların köməyilə Hacıhətəmli istiqamətində hücuma keçdilər, kənd cavanları da onlara qoşuldular. Mollaisaqlı kəndinin yaxınlığında “İrəmə” deyilən yerdə erməni topunun zərbəsindən bir türk çavuşu həlak olur, elə yerindəcə dəfn olunur (türklərdə qayda belə idi). (Sovet dövründə türk qəbirlərinə düşmən münasibət bəslənilsə də, kənd ağsaqqalı Həmid Ağayev türk çavuşunun qəbrini abadlaşdırmış, daim ona ehsan verir, ruhuna dualar oxuyurdu. 60-cı illərin ortalarında ona Bakıya gələn Türkiyənin o vaxtkı baş naziri S.Dəmirəlin adından Türkiyəyə getmək üçün viza da verilmişdi). Hal-hazırda həmin yerdə Türkiyə hökumətinin dəstəyi ilə Mustafa çavuş şəhidlik abidəsi, habelə Hacıhətəmli kənd qəbiristanlığında kəndi azad edərkən həlak olmuş türk əsgərlərinin şərəfinə abidə ucaldılmışdır və bu abidələr gənc məktəblilərin ziyarət yeridir, əsl tarixi həqiqətləri anlamaq, dərk etmək üçün… Abidənin üstündə yazılmışdır: “Bu kabirde 1918 yılında Türk Kafkaz Ordusuyla Vatanın bu topraklarına gelmiş, savaşmış, şehit düşmüş, TÜRK ASKERLER yatmakdadır”. O vaxtkı hadisələrin şahidləri söhbət edirdi ki, türklər kəndi azad etdikdən bir neçə gün sonra kənd camaatı geri – doğma yurda dönür, lakin görürlər ki, kənddə salamat bina qalmamış, ermənilər tərəfindən talan edilmiş, dağıdılmış, apara bilmədiklərinə isə od vurmuşlar. Vəhşi ermənilər hətta kənd məscidini də yandırmışdılar.
Ermənilər bu cür insanlığa yaraşmayan qəddarlıq etsələr də, türklər kəndləri ermənilərdən azad etdikdə kəndlərdə hərbi məhkəmə qurub yalnız cinayətkarları cəzalandırıb, dinc əhaliyə, arvad-uşağa, qocalara dəyməyiblər (əslində “dinc erməni”nin mövcud olması inandırıcı görünmür).
İsmayıllıda 1918-ci il erməni vəhşilikləri
İsmayıllıda 1918-ci il erməni vəhşilikləri

1920-ci ildən sonra ermənilər qiyafələrini dəyişib Sovet hökumətinin “qayğısı” ilə öz kəndlərinə qayıtdılar, mühüm postları tutmağa başladılar, hüquq-mühafizə orqanlarında səlahiyyət sahibi olub azərbaycanlılara qarşı soyqırımını yeni üsulla (“pambıqla baş kəsmək” üsulu ilə) davam etdirməyə başladılar. Onların apardığı repressiya siyasəti, toponikamızın erməniləşdirilməsi sahəsində gördüyü iyrənc və saxta işlər barədə dəfələrlə mətbuatda çıxış etmişəm və düşünürəm ki, bu məsələ daim tarixçilərimizin diqqət mərkəzində saxlanmalıdır, çünki tarix bizi riyakar, daim torpaqlarımızda, sərvətlərimizdə, lap elə musiqimizdə, kulinariyamızda da gözü olan ermənilərlə qonşu salıb!!!
Təsəvvür edin, Sovet hakimiyyəti əleyhinə Şəki üsyanı baş verir və ya Ağdaşda Hüsü Hacıyev öldürülür, erməni istintaqçılar isə gəlib İsmayıllının müxtəlif kəndlərində ağlı kəsən, ziyalı insanları şantaj edir, adlarını bu üsyan və qətllə bağlayır, həbs etdirir, ən azı incidirdilər. Deməli, onlar heç vaxt silahı yerə qoymayıblar. Həmişə “Böyük Ermənistan” xülyası ilə yaşayıblar və indi də yaşayırlar. Dağlıq Qarabağ məsələsi indi də, Naxçıvan və Qarsla, Axalkalaki ilə bağlı erməni iddiaları da bunu sübut edir.
1918-ci ildə İsmayıllı ərazisində ermənilərin törətdikləri qəddarlıqla bağlı müəyyən araşdırmalar aparmışam. Azərbaycandakı Türkiyə səfirliyi vasitəsilə əldə etdiyim arxiv materiallarında İsmayıllının bir sıra kəndlərində törədilmiş cinayətlər haqda əlavə bilgilər əldə etdim və onların bəzilərini oxucuların diqqətinə çatdırmaq istəyirəm. “Azərbaycan bilgilərində erməni sorunu” (1918-1920) adlı arxiv materiallarından rayonumuzun daha bir neçə kəndində baş vermiş hadisələri izləyək. Bu mənbədə 1919-cu ildə istintaq komissiyasının apardığı işlər və əldə etdiyi məlumatlar, rəsmi faktlar göstərilir. Məsələn, orada oxuyuruq: “Şamaxıya daxil olan Tircan kəndində kənd muxtarı (ağsaqqalı) İbrahim Əkbəroğlu tərəfindən yazılan 12 aprel 1919-cu il tarixli izahatda göstərilir ki, 1918-ci ilin martında kənddə ermənilər tərəfindən 300 kişi, 40 qadın, 20 uşaq öldürülmüş, evlərin yandırılması nəticəsində 3 milyon rubl, 2 min baş iribuynuzlu, min baş xırdabuynuzlu mal-qara məhv etməklə 13 milyon rubl, ümumilikdə, 21,9 milyon rubl məbləğində ziyan vurulmuşdur. Akt kənd səlahiyyətlisi və şahidlər tərəfindən təsdiqlənmişdir.
Zərnava kəndinin muxtarı Cəlal İbrahimoğlu tərəfindən imzalanan aktda kənddə 40 kişi, 4 qadın, 5 uşağın ermənilər tərəfindən qətlə yetirilməsi, 3,13 milyon rubl məbləğində camaata ziyan vurulduğu bildirilir.
Bizlan kəndində isə 50 kişi, 30 qadın, 20 uşaq öldürülmüş, 60 ev yandırılmış, 6,45 milyon rubl maddi ziyan vurulmuşdur.
Mücü kəndinin muxtarı Məşədi Teymur Əliməmmədoğlu ifadəsində 150 kişinin, 55 qadının, 25 uşağın qətlə yetirildiyini, 7,15 milyon rubl ziyan vurulduğunu göstərir.
Zeyvə kənd muxtarı Əlibaba Əşrəfoğlu öz izahatında ermənilər tərəfindən 30 kişi, 20 qadın, 32 uşağın amansızcasına qətlə yetirilməsini, cəmi 30 evin salamat qalmasını, qalan evlərin yerlə yeksan olmasını, əhaliyə 1,84 milyon rubl məbləğində ziyan vurulduğunu söyləyir.
Faktlar çoxdur, lakin erməni qəddarlığını duymaq, tarixi həqiqətləri bilmək üçün bunlar da kifayətdir. Axtarmalıyıq, aşkar etməliyik, öyrənməliyik, yadda saxlamalıyıq, yaddaşımıza əbədi həkk etməliyik ki, bir vaxtlar olduğu kimi, “Biz sizdən öyrəndik qəhrəmanlığı” şüarı ilə cəllad Şaumyanın rəhbərlik etdiyi “26-lar”ı, xalqımızın başına olmazın oyunlar gətirmiş, tariximizi saxtalaşdırmış Mikoyanlar, Leninin “qayğısı” ilə əfv olunmuş quldur, Şamaxıda, İsmayıllıda və başqa bölgələrdə saysız-hesabsız amansızlıqlar törətmiş S.Lalayanları bizə qəhrəman kimi “sırımasınlar”. Həqiqət hər şeydən yüksəkdə durur, biz əsl həqiqəti bilmək üçün daim keçmişimizi öyrənməliyik, müdriklər demişkən, tez-tez arxaya boylanmalıyıq ki, haradan gəldiyimizi və haraya getdiyimizi yaxşı bilək.
Mehdi Məmmədov,
tarix müəllimi

Şərh Yaz