Xocalı faciəsi qan yaddaşımızdır

Xocalı faciəsi qan yaddaşımızdır
Xocalı faciəsi qan yaddaşımızdır

Azərbaycanın başına gətirilən müsibətlərin səbəbi ürəyiyumşaqlığımız olub bəlkə də. Tarixdən bəllidir ki, ermənilər hər zaman bizə qarşı ərazi iddiasında olublar. İmkan düşən kimi fürsət axtarıblar ki, soydaşlarımızı yurd-yuvalarından qovsunlar. Dəfələrlə qırğınlar törədiblər. Biz isə bağışlayan xalqıq. Yenə də bu kafirlərlə xoş rəftar etdik, çörəyimizdən verdik, suyumuzdan içirdik. Nəticə isə, hamıya bəllidir. Soyuq, qarlı qış gecəsində uşaq, cavan, yaşlı, qadın, kişiyə baxılmadan törədilən bəşəriyyətin ən dəhşətli cinayəti…
Xocalı faciəsi qan yaddaşımızdır
Azərbaycanlıların timsalında bütün insanlığa qarşı edilən terror kimi tarixə düşən Xocalı faciəsindən 22 il ötür. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım həyata keçirdi. Müdhiş gecədə 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Dəhşətli gecədə 1275 dinc sakin girov götürüldü, onlardan 150-sinin taleyi indiyədək məlum deyil. Bu vəhşiliklərdən qaçıb canını qurtarmaq istəyən insanlar əvvəlcədən qurulan pusqularda öldürüldü.
Mənim üçün ən dəhşətlisi öldürülən insanların başına gətirilən müsibətlər olub. Televiziyada bu kadrları izləyərkən insan göz yaşlarına hakim kəsilə bilmir. Ölünün baş dərisini soymaq, uşaqların gözlərini çıxarmaq, ağlasığmaz vəhşiliklər törətmək insanlıqdımı?

Erməni vandalları var qüvvələri ilə çalışırdılar ki, bu tarixi həqiqəti gizlətsinlər. Öz yalanlarını dünya ictimaiyyətinə doğru kimi sırısınlar. Lakin, Ulu öndərin qətiyyəti sayəsində bu baş vermədi. Ümummilli lider Heydər Əliyev Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Heydər Əliyev faciəyə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, soyqırım faktının dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra işlər həyata keçirmişdir.
Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi qeyd edilməlidir. Məhz Fondun uğurlu və məqsədyönlü fəaliyyəti sayəsində bu gün Xocalı faciəsi haqqında dünyanın əksər insanları məlumatlıdır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyirlər.
Xocalı soyqırımı haqqında Azərbaycanın hər bir vətəndaşı, xüsusilə gənci məlumatlı olmalı, bu qətliamın tanıdılması istiqamətində əlindən gələni etməlidir.
Xocalı faciəsi qan yaddaşımızdır
Fevral ayının 25-də yüzlərlə rayon sakini Heydər Əliyev Mərkəzinin qarşısında toplaşmışdı. Onları bir araya gətirən Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilən ümumrayon tədbiri oldu. “Xocalı qan yaddaşımızdır”, “Xocalı soyqırımını unutma”, “Xocalı soyqırımı qəlbimizin ağrısıdır”, “Xocalıya ədalət, Qarabağa azadlıq” şüarları yazılan plakatlar qoyulmuş, bu dəhşəti özündə əks etdirən rəsmlər sərgilənmişdir. Öldürülən insanların xatirəsini anmaq məqsədi ilə 613 şam yandırılmış, ətraf qırmızı qərənfillərə bürünmüşdü.
Tədbirin açılışında çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova bildirdi ki, bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli liderimiz, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir. S.Əhmədova qeyd etdi ki, Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdülər. Onlar Qarabağın digər ərazilərində belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər.
Xocalıdan olan məcburi köçkün Zakir Bəndəliyev o gecənin dəhşətindən danışdı. Bildirdi ki, uşaqlara, qoca və xəstələrə belə aman verməyən rus-erməni hərbi birləşmələri həmin gecə xocalılara divan tutdu.
Xocalı faciəsi qan yaddaşımızdır
Yaşının az olmasına baxmayaraq UADM-ın könüllüsü Nilufər Çələbiyeva yetim qalmış uşaqların fəryadını böyük qətiyyətlə, dərin nisgillə dilə gətirdi.
N.Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Minazər Mahmudova söylədi ki, bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamışlar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edənlər şəhid olmuşlar. Vəhşi ermənilər tərəfindən şəhər qana bələnmiş, yer üzündən silinmişdir.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi çıxışı zamanı qanlı gecənin tarixi haqqında ətraflı danışdı. Qeyd etdi ki, biz gənclər bunu daha yaxşı yaddaşımıza yazmalıyıq.
Ağrılı günümüzdə yanımızda olan, səsimizi dünyaya çatdıran dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin nitqi monitor vasitəsilə göstərildi.
İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı ədəbi-bədii kompozisiya böyük maraqla qarşılandı. Kollecin tələbələri və şagirdlər şeirlər söylədilər. Öldürülən gənclərin, uşaqların, ana və bacıların nalələrini, çəkdiyi ağrıları, yarımçıq qalmış arzularını hazırladıqları səhnəcikdə nümayiş etdirməyə çalışdılar. Ədəbi-bədii kompozisiya təqdim edilərkən monitor vasitəsi ilə ermənilərin törətdiyi vəhşiliklər nümayiş etdirildi. Sonda əsgər marşının sədaları altında Azərbaycanın dövlət bayrağını dalğalandıran gənclər səhnəyə çıxdılar. Bu Azərbaycan əsgərinin hazırkı qüdrətindən xəbər verirdi. Marşın sədaları altında havaya 22 yanan şar buraxıldı.Tədbirə beləcə yekun vuruldu.
Çinarə Bəhərçinli

Şərh Yaz