“Apardı sellər Saranı”

Aman, Sara, toy-düyünlə gülə-gülə
hara gəlin köçdün belə?
Nə günahı Arpaçayın?!
Kimlər saldı səni selə?
Al-qırmızı gərdəyini

“Apardı sellər Saranı”

Aman, Sara, toy-düyünlə gülə-gülə
hara gəlin köçdün belə?
Nə günahı Arpaçayın?!
Kimlər saldı səni selə?
Al-qırmızı gərdəyini
kim qoparıb bəxşiş etdi qara yelə?
Zarı-zarı el ağladı,
Zülüm-zülüm dil ağladı,
Kirimədi indiyədək,
zaman da il-il ağladı.
Düşünmədi bircə adam
fitnədir bu,
xəyanətdir,
Səmavi bir qəza deyil,
bəşəri bir cinayətdir.
Heç ağla da gəlmədi ki,
bunda kimsə günahkardır,
Gəlin selə salınırsa,
aralıqda fitnə vardır.
Sel qəfildən püskürmür ki, vulkan kimi,
birdən-birə tüğyan etmir tufan kimi.
Sel zəlzələ deyildir ki, nagah coşa,
Axıb gəlir uzaqlardan gurultuyla,
daşa-daşa.
Hələ özü görünməmiş
yer titrədir nəriltisi,
Vahiməli surətilə
geri qovur hər bir kəsi.
Aman, Sara, de, kim verdi səni selə?
Sən ki bir el gülü idin,
kimlər qıydı sənə belə?
El ağladı zarı-zarı,
axtarmadı günahkarı.
Yazıq bizə!
Ayırmadıq çox vaxt ağdan tünd qaranı,
Ona görə səndən əvvəl,
səndən sonra
qurban verdik çox Saranı,
Verdik acı ölümlərə çox balanı,
Saldıq qara zülmlərə Xocalını!
Selə verdik İrəvanı, Zəngəzuru, Kəlbəcəri,
Hər daşqında qərq elədik
neçə-neçə dilbər yeri!
Bəsdir uyduq hiylələrə, təhriklərə,
kora döndük görə-görə.
Xainləri qəhr et, qardaş,
Çirkinləri tanı, bacı!
Yoxsa hələ dönə-dönə
ağlayacaq ellərimiz acı-acı.
Aç gözünü, diqqətlə bax!
Yüzillərlə görmədiyin,
Cəzasını vermədiyin
min qatilə,
Nahaq qanı intiqama haraylayan
min qətlə bax!
Aramızda gör nə qədər
mələk donlu iblislər var,
Xəbisləri sən görməsən,
aramızdan götürməsən,
Vallah, bir gün milləti də sel aparar!
Billah, bir gün dövləti də sel aparar!

Aman, Sara!
Altdan-altdan bizə baxıb gülə-gülə,
kimlər saldı səni selə?
Axı niyə xainləri
öz vaxtında yandırmadıq,
küllərini sovurmadıq qara yelə?..

Oqtay İsmayıllı

Şərh Yaz