Mübariz kimi mübariz olaq

Məktəbdə oxuyan zaman, ibtidai sinif müəllimim mənə ilk olaraq, Ana və Vətən sözlərini yazmağı öyrətmişdi. Həmişə deyərdi, əziz uşaqlar, siz ananızı necə sevirsinizsə, Vətəninizi də elə sevməlisiniz. İnsanın anasına olan sevgisi qədər möhkəm və ülvi hissdir vətənpərvərlik.
Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı torpağa, elinə, obasına, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin, vətənpərvərlik təkcə Vətəni sevmək deyil,. Vətənpərvərlik həm də Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda canından keçməyi gözə almaq, acısını bölüşmək, uğuruna sevinməkdir.

Mübariz kimi mübariz olaq
Mübariz kimi mübariz olaq

Azərbaycan xalqı şanlı keçmişi, əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edib. Bu xalq Vətənini canından çox sevən, yağı düşmənin silahından qorumağı bacaran gənclər yetişdirib. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, milli ruhundan asılıdır. Azərbaycan gəncliyi ölkənin tale yüklü məsələlərində öz sözünü deməyi bacarıb. Gənc nəsil xalqımızın illərdən bəri gələn ənənələrini, mədəniyyətini həm yaşadır, həm də gələcək nəsillərə ötürür.
Bu gün Azərbaycana vətənpərvər gənclər lazımdır. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu gənclər siyasəti məhz buna xidmət edir. Ulu öndər həmişə Vətəni sevən gənclərlə fəxr edirdi: “Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən gəncliyi var”.
Bu sözləri doğrultmaq, onlara layiq olmaq bizim vətəndaşlıq borcumuzdur.
Azərbaycan xalqı tarixin bütün dövrlərində sübut edib ki, onun oğulları yağı düşməni məhv etməyə qadirdir. Belə qəhrəmanlarımızın adı tarixə qızıl hərflərlə yazılıb.
Hər zaman onun-bunun malına, torpağına göz dikən acgöz ermənilərin növbəti hədəfi Qarabağ oldu. Düşmənlər yaranmış siyasi vəziyyətdən yararlanaraq torpaqlarımızı işğal etdilər. Atəşkəs elan edilsə də, buna yenə məhəl qoymadılar. Bəlkə də düşünürdülər ki, Azərbaycan ordusunun əsgərləri onlardan çəkinəcək…
Lakin, Mübarizin qəhrəmanlığı onların yanlış düşüncəsinə son qoydu. Yaşasaydı 7 fevralda bu gənc qəhrəmanın 26 yaşı tamam olacaqdı. Mübarizin ruhu hər bir azərbaycanlının, hər birimizin qəlbində əbədi taxt qurub.
İsmayıllı gəncləri Mübarizin doğum günündə səhər saatlarından rayonun mərkəzi meydanına toplaşmağa başladılar. İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bir araya gələn fəal gənclər qəhrəmanımızın mübarizliyinə həmrəy olduqlarını nümayiş etdirdilər.
Əllərində Mübariz İbrahimovun şəkilləri, qırmızı qərənfillər və dövlət bayrağı tutan gənclər “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı altında qəhrəmanlıq mahnıları oxuyaraq, yürüşə başladılar. Tədbirə Qarabağ müharibəsi əlilləri və veteranları da qoşulmuşdu. Yürüş iştirakçıları iki kilometdədək məsafəni qət edərək, rayonun Şəhidlər xiyabanına gəldilər və xatirə lövhəsinin önünə tər güllər düzdülər.
Tədbir iştirakçıları önündə rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək Mübariz İbrahimovun gələcəyin əsgərləri üçün ən yaxşı nümunə olduğunu bildirdi. QMƏVŞA ictimai birliyi rayon şöbəsinin sədri Vidadi Zərbiyev söylədi ki, müharibə şəraitində yaşayan bir ölkədə Mübariz kimi qəhrəmanların keçdiyi həyat yolu öyrənilməli və təbliğ edilməlidir. O, Mübariz İbrahimovun həyatı haqında geniş məlumat verdi.
Digər çıxış edənlər Mübariz İbrahimovun qəhrəmanlığından danışdılar. Bildirdilər ki, Vətənin böyüklüyü onun sıravi vətəndaşlarının Vətəni necə sevmələri ilə müəyyən olunur.
Mübariz İbrahimov əsil qəhrəmanlıq, cəsurluq simvolu kimi yaddaşlarda qaldı. O, ömrünün mənasını Vətənə xidmətdə gördü və Vətən uğrunda şəhid oldu.
Yürüşün məqsədi Milli Qəhrəmanın həyat yolunu xatırlamaq və yetişən nəsli Mübariz kimi mübariz olmaq ruhunda tərbiyə etməkdən ibarətdir.
**
Həmin gün rayonun Hacıhətəmli kənd tam orta məktəbində də Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş mərasim keçirilib. Yürüşə qatılanlar öncə kənd qəbiristanlığında əbədi uyuyan şəhidlərin məzarlarını ziyarət ediblər.
Kəndin məktəbində baş tutan tədbirdə Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mübariz kimi mübariz olaq
Çıxış edənlər – RİH-in əməkdaşı Valeh Salehov, “Azərbaycan bayrağı” ordenlilər – Eynulla Bağırov, Taleh Nəcəfov, RTŞ-nin əməkdaşı İlham Vahabov, İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin hərbi müəllimi Əsgər Manafov, məktəbin direktoru Nazim Ağakişiyev gənc nəsli Mübariz kimi igid, cəsur olmağa səsləyib.
Kəndin yetirməsi, şair Tərlan Saleh Mübariz İbrahimova həsr etdiyi şeirini söyləyib.
Mübariz İbrahimovun döyüş yolundan bəhs edən film nümayiş etdirilib.
Tədbirin sonunda məktəb uşaqlarının hazırladıqları “Mübariz kimi nübariz olaq!” adı altında ədəbi-bədii kompozisiya təqdim edilib.
Çinarə Bəhərçinli

Şərh Yaz