İnsan düşüncəsi şərə kökləndisə, heç

Vasif Turanın rəhbər olduğu “Bölgə xəbər” saytında Elgün Sədalının şərə köklənmiş yazısını oxuduqda bir daha yəqin edirsən ki, ölkədəki, ayrı-ayrı bölgələrdəki inkişafı, yüksəlişi, insanların sosial həyatının bütün istiqamətlərində gedən mənəvi quruculuğu görməmək üçün özünü qəsdən kor edənlər hələ də var. Bəla ondadır ki, bu mənəvi korlar saytlarda, portallarda, elektron KİV-lərdə, bəzi əncir yarpağı həcmində qəzetlərdə yuva salıblar. Yaxşılıq, yaxşı əməllər, insanlara mərhəmətli yanaşma, hər kəsə qayğılı münasibət, tikmək-qurmaq, yaratmaq, abadlaşdırmaq “günəşdən gizlənən yarasaları” bir az da işığa həsrət qoyur, xarabasevər bayquşları təbdən çıxarır.İnsan düşüncəsi şərə kökləndisə, heç

Vasif Turanın rəhbər olduğu “Bölgə xəbər” saytında Elgün Sədalının şərə köklənmiş yazısını oxuduqda bir daha yəqin edirsən ki, ölkədəki, ayrı-ayrı bölgələrdəki inkişafı, yüksəlişi, insanların sosial həyatının bütün istiqamətlərində gedən mənəvi quruculuğu görməmək üçün özünü qəsdən kor edənlər hələ də var. Bəla ondadır ki, bu mənəvi korlar saytlarda, portallarda, elektron KİV-lərdə, bəzi əncir yarpağı həcmində qəzetlərdə yuva salıblar. Yaxşılıq, yaxşı əməllər, insanlara mərhəmətli yanaşma, hər kəsə qayğılı münasibət, tikmək-qurmaq, yaratmaq, abadlaşdırmaq “günəşdən gizlənən yarasaları” bir az da işığa həsrət qoyur, xarabasevər bayquşları təbdən çıxarır.
Elgün Sədalının yuxuda gördüklərini İsmayıllı rayon İcra Hakimiyyəti başçısının ünvanına aid etməsi riyakarlıqdır, şərə, böhtana əsaslanır, allahsızlıqdır. Ağlı, düşüncəsi, fikri, diləyi şərə köklənənlər “etibarlı mənbəyə” yox, özlərinə, gözlərinə inana bilsələr, gəlsinlər İsmayıllıya, ”İsmayıllı xəbərləri” qəzetinin əməkdaşları onları yeniliklərlə tanış etsin. Şahid olsunlar ki, 10 ayda neçə kilometr asfalt yol çəkilib. ”Kosmetik işlər” deyən ağzıgöyçək oğlan Mübariz Orucov küçəsinə baxsın. Orada həyət var ki, abadlığına 10 min manat vəsait sərf olunub. Həyətlərdəki təsərrüfat və məişət obyektlərinin üstü də yeni üslubda dəyişdirilib. Küçə yeni dizaynlə başdan-başa müasirləşdirilib.
Rəşid Mahmudov, M.F.Axundov, Ü.Hacıbəyov, Q.Aslanov, N.Behdiyev, Cavad Məmmədov küçələri asfaltlanıb, ətrafları yenidən tərtib olunub, kol çəpərlər, taxta, dəmir, şifer, tor hasarlar götürülüb. Abadlıqla yanaşı təmizlik, səliqə-sahman yaranıb. Kəndlərə qaz çəkilişi daha geniş miqyas alıb. İsmayıllı-İvanovka-Hacıhətəmli-Mollaisaqlı yolu çəkilib.
Torpaq varsa, palçıq da ola bilər. Lakin uşaqların dərsə gedə bilməməsi fikrini ortalığa atmaq sağlam düşüncədən məhrum olmaq anlamına gəlir. Belə hala əsla rast gəlinmir. Bəli, indiki qarlı-çovğunlu havada ucqar dağ kəndləri Brovdala və ya Yuxarı Cülyana təcili yardım vaxtında çatmaya bilər. Buna yolların düzəlməməyi yox, kəndlərin ən ucqar nöqtədə yerləşməsi səbəbdir. Təbiətdən, iqlimdən gələn çətinliklərin səbəblərini də rayon İcra Hakimiyyətinin başçısında görmək nə dərəcədə ədalətlidir?
Təxəllüsü ilə böyüklük iddiasına düşən Vasif Turan İsmayıllı rayon İcra Hakimiyyətinin saytına bir balaca zəhmət çəkib baxsaydı, görərdi ki, rayon İcra Hakimiyyətinin başçısı hər həftədə 1-3 kənddə qəbul keçirir. Qəbuldan əvvəl isə yerlərə xəbər verməyə, sualları hazırlamağa, şikayətçilərin sayını azaltmağa, sonda məclis qurmağa çapar göndərmir. Hər kəsin arzusunu, təklifini, istəyini problemini öz dilindən eşidir. Ondan sonra hansı tədbirləri görür? Bunu “etibarlı mənbə”dən yox, hər bir qəlbi işıqlı İsmayıllı sakinindən soruşsanız, müsbət cavab ala bilərsiniz.
Elgün Sədalı kimi işsizliyi “önəmli problem” adlandırmaq olmaz. O, “önəmli” yox, ciddi problemdir. Lakin heç bir məsul şəxs İsmayıllıda bu ciddi problemə biganə qalmır.
Gözümüzün qabağında idi əvvəlki əmək yarmarkaları. Necə keçirildiyini yaxşı görürdük. Bu il aprel ayının 4-də keçirilən əmək yarmarkasına isə 440 iş yeri çıxarılmışdı. 177 nəfər burada daimi iş tapdı. İşsiz olan ali təhsilli gənclər var. Kim bilmir ki, dövlət qulluğuna, hüquq mühafizə, ədliyyə və vergi orqanlarına xidmətə, pedaqoji işə qəbul test üsulu ilə aparılır. “Bölgə xəbər” bunları rayon İcra Hakimiyyətinin səlahiyyətinə daxil edirmi? Onu niyə görmür ki, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci açıldı. Fasiləsiz təhsilin yeni bir mərhələsi kimi əhəmiyyətli olan kollec həm də çoxsaylı müəllimlər üçün iş yerinə çevrildi. Tikildikdən sonra işləməyən İsmayıllı tikiş fabriki klassik qaydada əsaslı təmir olundu, xanımlar üçün nümunəvi iş və məişət şəraiti yaradıldı. 2013-cü ilin avqust ayından yeni fabrikdə 70 nəfərdən çox qadın işləyir. Beşmərtəbəli 2 yaşayış evi tikilir, mədəniyyət mərkəzi əsaslı təmir edilir, şəhərin və yaxın kəndlərin elektrik sistemi yenidən qurulur. Bu sahələrdə neçə-neçə işçi çalışır. Həmin iş yerlərini İsmayıllıda nə Vasif Turan, nə də Elgün Sədalı açıb. Öz vətəndaşının həyatı üçün məsuliyyət daşıyan Azərbaycan dövləti bu şəraiti yaradıb və yaratmaqda davam edir.
Sədalı böyük səs-səda salmaq, öz eybinə kor olub susanları dingildətmək üçün yazır: “Onun gəlişindən sonra keçmiş başçının rayon İcra Hakimiyyətində bəzi kadrları işdən çıxarıldı.” İşdən çıxarılanların insana, soydaşa, dövlətə, dövlətçiliyə qarşı hansı bəd əməllər törətdiyinin uzun illər şahidi biz olmuşuq. Gəlin İsmayıllıya və işdən çıxarılan hər bir kəsin adını öyrənin və kiminsə yanında ondan söhbət salın. Görün qarşınızdakı şəxs adını çəkdiyiniz adamların cinayət xarakterli işdəkləri barədə necə yana-yana danışacaqlar! İmkan yaradırıq, işdən çıxarılan adamlar qəzet səhifəsində haqlı olduqlarını sübuta yetirən yazı ilə çıxış etsinlər. Onu da bilmək lazımdır ki, işdən çıxıb bekar qalan yoxdur. Bir işdən başqa işə keçənlər var.
İsmayıllıya qara fikirlərə əsaslanıb, qara eynəklə baxdığımız üçün obyektiv vəziyyəti görmürsünüz və ya görmək istəmirsiniz. Rayon İcra Hakimiyyətinə yeni vəzifəyə gətirilənlərin, vəzifəsi dəyişdirilənlərin heç biri rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun qohumu deyil. Bunu biz-İsmayıllıda doğulub, yaşayıb, haqqa tapınıb dövlətçilik mövqeyi tutanlar yaxşı bilirik.
Vasif Turan və Elgün Sədalı o dərəcədə həddi aşırlar ki, cənab Prezidentin yol çəkilişi üçün vəsait ayrılması barədə verdiyi sərəncamı da təftiş etməyə cəhd göstərirlər. Görünür ”yazarlar” münəccimlik kursuna da gedib-gəliblər. Bir məsələni də qeyd etməyi vacib bilirik. ”Bölgə xəbər” saytının rəhbəri və yazarı başa düşmür ki, onlar “Nizami Ələkbərovun vəzifədən azad edilməsində rayon sakinlərinin böyük təsiri oldu. Vətəndaşlar istəsələr Mirdaməd Sadıqovu da kreslosundan edə bilərlər” cümlələri ilə sakinləri kütləvi itaətsizliyə, iğtişaşlar törətməyə, dövlət strukturlarına qarşı çıxmağa təhrik edirlər. Aid orqanlar belə hərəkətlərə görə müəlliflərdən hüquqi məsuliyyət tələb edə bilərlər. İsmayıllıda ara qarışdırmağa çalışanlara, öz bəd niyyətlərini həyata keçirmək istəyənlərə, bu günümüzü gözü götürməyənlərə deyirik:
-Biz istəyimizə möhtərəm cənab Prezidentin 14 fevral 2013-cü il tarixli sərəncamı ilə çatmışıq. Kimsə başqa fikrə düşüb, özünü yormasın.
Rayonda işgüzar mühit, səmimiyyət yaranıb. Rayon rəhbərliyi bütün resursları insanların sosial həyatının yaxşılaşmasına, daha çox ehtiyaclı ailələrin problemlərinin və uzun illər diqqətdən kənarda qalmış məsələlərin həllinə, ən ucqar kəndlərdə məktəb tikintisinə, su və qaz çəkilişinə, əmək qabiliyyətli hər bir sakinin işləməsinə yönəldir. Bu, dövlətin sosial siyasətinin tələbidir və tələbə də məsuliyyətlə cavab verilir. Kimin nə yazması isə rayon rəhbərliyini maraqlandırmır.
“Azadlıq” radiosunun rayondakı müxbiri həmişəki mövqeyinə sadiq qalaraq düzəldilən, abadlaşan, asfaltlaşan küçələrdən gözlərini yumub keçərək, palçıqlı yerləri görür. Bunu biz də görürük və çox yəqinliklə dərk edirik ki, rayon rəhbərliyi bunu hamıdan daha yaxşı görür, çarəsini də qılır. 10 ayın təcrübəsi də bunu göstərir.
Yalnız nöqsanlardan yazmaq istiqamətində qələmi işləyən həmkarlarımız İsmayıllıda yaxşı nəyisə heç görmürlər. Şəhərin “Yuxarıbaş”, “Aşağıbaş”, Mican məhəllələrində görülən işlər, düzəldilən küçələr, tikilən sosial obyektlər niyə “yazarlar”ın gözünə qaranlıq gətirir. Yaxşını görmək üçün gərək özün də yaxşı olasan, qəlbin nurlu, məqsədin, fikrin, amalın düz olsun. “Yollar olduqca yararsızdır” deyən adamın indiyədək kim hansı yararlı hərəkətinin şahidi olub.
Həmyerlimiz Elçin İsmayıllı müəllimliyi ilə insani böyüklüyü vəhdət təşkil edən nüfuzlu bir ziyalının adından öz şər-xəta fikirlərini yazır. İsmayıllıda özbaşınalıq axtaranların arzusu öz içlərində dəfn olunacaq. Rayonun hər bir vətəndaşı sosial həyatı ilə birgə diqqətdədir, hər kəsin şikayətinə obyektiv baxılır, dərdlərə carə edilir, problemlər qanunauyğun həll olunur. Əməkdaşlarımız rayon İcra Hakimiyyətində, yerlərdə keçirilən qəbullarda iştirak edir, hər bir sakinə dövlət qayğısının çatdırılmasının şahidi olurlar. Dediklərimizdə inandırıcı olmayan nəsə hiss etsəniz, qəzetimizin saytına – ismayilli-xeberleri.info -ya müraciət edin.
Sonda vaxtilə rayona uzun illər müvəffəqiyyətlə rəhbərlik etmiş böyük ziyalı Qəşəm Aslanovun yaxşılıqdan, yaxşı işdən sevinməyənlərə tez-tez ünvanladığı sözləri yada salmaq istəyirik. O deyirdi:
– “A qarayaxa, iş görmək əvəzinə qara bloknotunu alıb əlinə durursan pusquda, görək iş görən nə vaxt nöqsana yol verəcək, onu öz qara bloknotuna qeyd edəsən, öz qara fikirlərini də üstünə gəlib, ora-bura ötürəsən”
Xeyirxah əməl sahiblərinə uğurlar olsun!
“İsmayıllı xəbərləri” qəzeti redaksiyası

Şərh Yaz