Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi

Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi
Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində, dövlət atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi və himni dövlətimizin müstəqilliyinin təcəssümüdür. Azərbaycan xalqının milli düşüncəsində əsas dövlət rəmzlərindən olan bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq şəkildə göstərmiş, xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır.
Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi

Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində, dövlət atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi və himni dövlətimizin müstəqilliyinin təcəssümüdür. Azərbaycan xalqının milli düşüncəsində əsas dövlət rəmzlərindən olan bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq şəkildə göstərmiş, xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır.
Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız suverenliyimizin simvolu kimi müqəddəs dövlətçilik rəmzinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq millətimizin azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Üçrəngli bayrağımız XX əsrin əvvəllərindən bu günə kimi, yüz ilə yaxın bir zaman məsafəsi qət edərək döyüşlərdən, savaşlardan keçmiş, 90-cı illərin əvvəllərində yenidən doğma Azərbaycanımızın səmasında dalğalanmağa başlamış, əbədi müstəqilliyimizin rəmzinə çevrilmişdir.
Bayrağımız qürur mənbəyimizdir, Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Ulu öndərimiz, Heydər Əliyev çıxışlarının birində demişdir: ”Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətimizin rəmzidir”.
Xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının təcəssümü olan Dövlət Bayrağımız, qeyd edildiyi kimi, şərəfli yol keçmişdir. Bu tarixi hamımız yaxşı bilir və onu yetişən nəslə dərindən mənimsətməyə çalışırıq. Azərbaycan bayrağı sadəcə bayraq deyil, o, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına sədaqət nümayiş etdirsin.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən prezident İlham Əliyev Azərbaycanın dövlət atributlarını daim uca tutur. Prezidentin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanın yaradılması haqqında” 17 noyabr 2007-ci il tarixli sərəncamı bunun təsdiqidir. 2010-cu ilin sentyabrında bu sərəncam öz həllini tapdı. Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı istifadəyə verildi. 162 metr hündürlükdə dalğalanan bayrağımız dünyanın ən uca bayrağı kimi Ginnesin rekordlar kitabına düşdü.
2009-cu il 17 noyabr tarixli Sərəncamla hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. Belə bir gün Azərbaycanın mirvarisi olan İsmayıllıda da yaşandı, tədbir ümumxalq bayramına çevrildi.
Tədbir gününə kimi rayonun təhsil müəssisələrində, gənclər təşkilatlarında inşa yazı, rəsm, mahnı, bədii qiraət müsabiqələri, həmçinin idman yarışları keçirildi. Ümumtəhsil məktəblərində, Peşə Tədris Mərkəzində, Dövlət Humanitar və Texnologiya Kollecində bayrağımıza həsr olunmuş dərs saatları tədris olundu. İdarə və müəssisələrdə dəyirmi masalar, müzakirə və söhbətlər təşkil olundu, Dövlət Bayrağı guşəsi yaradıldı.
Noyabr ayının 8-də bayramsayağı bəzədilmiş şəhərimizin Bayraq Meydanında, Heydər Əliyev Mərkəzinin qarşısında böyük bir canlanma var idi. Gənclərin, məktəblilərin, yaşlı və cavan nəslin nümayəndələrinin əllərində üçrəngli bayrağımız dalğalanırdı. Şüarlar, plakatlar bayram təntənəsini daha canlı, daha əzəmətli edirdi.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçəklər qoyuldu, onun xatirəsi ehtiramla yad edildi. Sonra əllərində Dövlət bayrağı tutmuş məktəblilər meydana mahnı ilə yürüş etdilər. Gənc hərbiçilərin paradı xüsusi diqqət çəkdi.
Göylərə yüksəlib üçrəngli bayraq,
Onu ucalardan enməyə qoyma!
Qəlbinin başında qığılcım yanar,
Ey Vətən, sən onu sönməyə qoyma!
Aparıcının dilindən qanadlanan bu şeir və giriş sözü meydanda böyük canlanma yaratdı, alqış sədaları kəsilmədi: ”Azad, müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürur duyaraq, fəxr edərək bir araya gəlmişik, bu günü bayram edirik. Bu bayram azadlığımız, suverenliyimizin, müstəqilliyimizin rəmzi olan Dövlət Bayrağı Günüdür!
Daha sonra hərbi geyimli məktəblilər ”Marş” sədaları altında Dövlət Bayrağını meydana gətirdilər, Azərbaycanın Dövlət himni səsləndirildi.
Gənclərin, ağsaqqalların, ziyalıların, ictimaiyyət nümayəndələrinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi tədbirdə RİH-nin başçısı Mirdaməd Sadıqov Dövlət Bayrağı Günü münasibətilə rayon ictimaiyyətini, bütünlükdə, Azərbaycan xalqını təbrik etdi. Xalqımıza inkişaf, tərəqqi, üçrəngli bayraq altında doğma Vətənimizə əbədiyyət arzuladı. Ölkə prezidenti İlham Əliyevin respublikamızın inkişafındakı xidmətlərini, Azərbaycanın xoşbəxt bir gələcəyə doğru istiqamət götürdüyünü diqqətə çatdırdı. Yenidən prezident seçilməsi münasibətilə cənab İlham Əliyevi ismayıllılar adından təbrik etdi.
İlham Əliyevin on illik uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin sürətli inkişafı, insan kapitalına yüksək dəyər verilməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, regionun lider dövlətinə çevrilməsi xüsusi vurğulandı.
Rayon mədəniyyət işçilərinin, məktəblilərin Dövlət Bayrağına, doğma vətənimiz Azərbaycana həsr olunmuş mahnı, şeir, ədəbi-bədii kompozisiya, rəqslərin ifası bayram təntənəsinə toplaşanlarda xoş ovqat, yüksək əhval-ruhiyə bəxş etdi. Müğənni Sahibə Abdullayevanın, Rövşən Teyyubovun, İntiqam İbrahimovun, Piralı Şıxıyevin, Qalib Güləliyevin, Aşıq Yanvar Bədəlovun ifaları könülləri riqqətə gətirdi.
P.Şıxıyevin ifa etdiyi “Türkün bayrağı” mahnısı türk ellərinin sarsılmaz birliyindən xəbər verməklə, milli mənsubluğumuzu, bayrağımızdakı mavi rəngin türkçülüyümüzün simvolu olduğunu bir daha bizə xatırlatdı.
Şəhər 6 nömrəli tam orta məktəbi şagirdlərinin ifa etdikləri hərbi mahnılar, incəsənət məktəbinin rəqs qrupunun çıxışı, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi Gülnar Teymurlunun ifasında “Qalx ayağa, Azərbaycan!” şeiri ürəklərə yol tapdı, alqışlarla qarşılandı.
“Torpağın üstünə kölgələr salan,
Mənim varlığımın cilası bayraq!
Zəlzələdən doğmuş, Göytürkdən qalan,
Qurdbaşlı bayrağın balası bayraq!”
– söyləyən aparıcı Azərbaycan bayrağının dünyanın bir çox ölkəsində, BMT, Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilatların inzibati binaları qarşısında dalğalandığını, türkçülüyün, islamçılığın, müasirliyin rəmzlərini özündə daşıdığını, xoş gələcəkli günlərimizin hələ öndə olduğunu bir daha diqqətə çatdırdı.
Mahnılar, şeirlər, rəqslər bir-birini əvəz etdikcə müstəqil dövlətimizin əzəməti, gücü, xalqımızın bir bayraq altında sarsılmaz birliyi ortaya qoyuldu. İqtisadi imkanlarımız, hərbi gücümüz, xoşbəxt gələcəyimizin əzəməti daha qabarıq nəzərə çarpdı. Başımız üstündə dalğalanan üçrəngli bayrağımız daha əzəmətli, daha qürurlu göründü.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar,
Onun hüzuruna, salama gəlsin!
Tədbirin sonunda gənc rəssamların, istedadlı şagirdlərin əl işlərindən ibarət sərgi də nümayiş olundu. Ən yaxşı rəsm əsərləri dəyərləndirildi.
Keçirilən bayram tədbiri onu özündə ehtiva etdi ki, 1918-ci ildə yüksələn bayraq xalqımızın tarixi yaddaşında, hər birimizin canında və ruhundadır. Artıq neçə ildir ki, 9 noyabr tarixini Dövlət Bayrağı Günü kimi qeyd edirik. Bütün sevgilərimizin fövqündə dayanan Vətən sevgisi, azadlıq və müstəqilliyimizin rəmzi olan Dövlət Bayrağımız bizi işğal olunmuş torpaqlarımızın xilasına səsləyir, bayrağımızın həmin ərazilərdə dalğalanacağı günlər çox da uzaqda deyil. Bayrağımız dünyanın 180-dən artıq müstəqil dövlətin bayraqları sırasında qürurla dalğalanır.
İsmayıllıda Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri ”Bir dəfə yüksələn bayraq, bir daha enməz” sözləri ilə sona çatdı.
Murad Məhərrəmov,
RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Şərh Yaz