Təmiz qəlbdən gələn sözlər

Təmiz qəlbdən gələn sözlər
Onu neçə illərdir tanıyıram. Sadəliyi, təvazökarlığı, bir qədər də utancaqlığı, əsil azərbaycanlı qadınlara xas olan səmimiyyəti onu tanıdığım digər qadınlardan fərqləndirir. Məktəbdə, müxtəlif tədbirlərdə görüşüb salamlaşanda, hal-əhvallaşanda adamda xoş bir ovqat yaranır. Bu qadının xoş, insanlara müsbət enerji verən aurası var. Onunla bir neçə kəlmə kəsən adam özünü xeyli yüngül hiss edir, sanki qeyri-adi bir mühitə düşmüsən. Haqqında söhbət açmaq istədiyimiz bu qadın İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin dil-ədəbiyyat müəlliməsi Sevda xanım Qasımovadır.Təmiz qəlbdən gələn sözlər

Onu neçə illərdir tanıyıram. Sadəliyi, təvazökarlığı, bir qədər də utancaqlığı, əsil azərbaycanlı qadınlara xas olan səmimiyyəti onu tanıdığım digər qadınlardan fərqləndirir. Məktəbdə, müxtəlif tədbirlərdə görüşüb salamlaşanda, hal-əhvallaşanda adamda xoş bir ovqat yaranır. Bu qadının xoş, insanlara müsbət enerji verən aurası var. Onunla bir neçə kəlmə kəsən adam özünü xeyli yüngül hiss edir, sanki qeyri-adi bir mühitə düşmüsən. Haqqında söhbət açmaq istədiyimiz bu qadın İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin dil-ədəbiyyat müəlliməsi Sevda xanım Qasımovadır.
Təmiz qəlbdən gələn sözlər
Sevda xanımı nəvəm həmin məktəbin yuxarı sinfinə keçəndən sonra daha yaxından tanıdım. Mənəvi zənginliyinə sonralar, yavaş-yavaş bələd olmağa başladım. Doğrusu, etiraf edim ki, indinin özündə də onu olduğu kimi tanıya bilməmişəm. Hər görüşümüzdə onda yeni-yeni keyfiyyətlər “kəşf” etmişəm. Nəvəm Nazim beşinci sinfə keçəndə Azərbaycan dilini və ədəbiyyatı ona Sevda müəllimə tədris etdiyini dedi. Onunla görüşüb söhbətləşmək qərarına gəldim.
Sevda müəllimə nəvəmdən razı qaldığını bildirdi, çalışqandır, – dedi.
Mən isə:
– Müəllimə, Sizdən bircə xahişim var, ona heç vaxt şişirtmə qiymət yazmayın, bir bal aşağı yazın ki, arxayınlaşmasın, yaxşı hazırlaşsın, – dedim.
– Mənim elə xasiyyətim yoxdur ki, şagirdə şişirtmə qiymət yazım, – cavabını aldım.
Mən tez-tez məktəbdə olur, nəvəmin oxuması ilə maraqlanıram. Evdə də ondan nəzarətimizi əsirgəmirik. Müəllimləri də ondan razılıq edirlər. Nəvəm də sağ olsun, bizi müəllimlərin yanında pərt etmir, əla qiymətlər alır, yeni dərs ilində yeddinci sinifdə oxuyacaq.
Aylar keçdikcə, mən Sevda xanım haqqında yeni-yeni məlumatlar alırdım. Məktəbin direktoru, Əməkdar müəllim Şəfaqət Rəsulov mənə məlumat verdi ki, Sevda müəllimə filologiya elmləri namizədidir, iki kitabın müəllifidir. Mən, sözün əsil mənasında, çaşıb qalmışdım. Doğrudanmı, söz deyəndə siması həyadan qızaran bu təvazökar qadın alimdir, bəs mən bunu indiyə kimi niyə bilməmişəm. Sevda xanımla bu mövzuda xeyli söhbət etdik. O, hər iki kitabını avtoqrafla mənə hədiyyə etdi. “Şamaxı şairlərinin əsərlərində onomastik vahidlər” (2008 –ci ildə) və “İsmayıllı – etnolinqvistik yaddaş” (2011-ci ildə nəşr edilib) adlı kitabları alan kimi, ayaqüstü vərəqlədim. İlahi, bu arıq qadında nə qədər səbir, enerji və təmkin var ki, bir belə araşdırma aparıb. Axı bu, samanlıqda iynə axtarmaqla müqayisə edilə bilər. Müəllif Seyid Əzim Şirvani, Abbas Səhhət, Mirzə Ələkbər Sabir və Məhəmməd Hadi kimi şairlərin qələmindən çıxmış inciləri nəzərdən keçirmişdir. Doğrusu, onun bu səbrinə qibtə edilməlidir. Əhsən, bir daha əhsən! Sonralar həmin kitablarla daha yaxından tanış oldum və Sevda xanımı bir daha “kəşf” etdim. Həmin kitabları uzun illər müəllim, direktor işləmiş, ədəbiyyatçı dostum, indi pensiyaçı olan Heydər Xəlilova da tövsiyyə etdim. Kitabları oxuyan Heydər müəllim Sevda xanıma təşəkkürünü çatdırmağı məndən xahiş etdi. Mən də bu missiyanı böyük məmnuniyyətlə yerinə yetirdim.
Sevda xanım tez-tez xarici ölkələrə gedir, həmkarları ilə görüşür, fikir mübadiləsi edir, öyrənir, həm də öyrədir. Sonda bu görüşlər, fikir mübadilələri məqalələrə çevrilir və “İsmayıllı xəbərləri” qəzetinin səhifələrində özünə yer tapır. Doğma kollektivdə isə oralarda gördüyü yeniliklərlə paylaşır. Bu da öz növbəsində yenilikdir, inkişafdır.
Onu da qeyd edək ki, Sevda xanım Türkiyədə dərc edilən “Antalya sanat” adlı ədəbiyyat dərgisinin Azərbaycan üzrə təmsilçisidir. Onun köməyi ilə bu dərgidə İsmayıllı yazarlarının bir neçəsinin şeir və hekayələri də dərc edilmişdir.
Sevda Bəkir qızı Qasımova İsmayıllı şəhərində anadan olmuşdur. Şəhər 1 nömrəli tam orta məktəbini bitirib. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinə daxil olub, 1990-cı ildə oranı bitirib. Ali təhsil aldıqdan sonra müxtəlif işlərdə çalışıb. 1996-cı ildən şəhər 1 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.
S.Qasımova Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda aspiranturada təhsil almışdır. Elmi işini müdafiə edərək filologiya elmləri namizədi (indiki fəlsəfə doktoru) adını almışdır.
Bu ilin aprel ayında yolum şəhər 1 nömrəli məktəbə düşmüşdü. Direktor Şəfaqət Rəsulovdan eşitdim ki, Sevda müəllimənin X sinifdə nümunəvi dərsi olacaq. Məni də dəvət etdi, sevinclə razılıq verdim. Mənim üçün yaxşı fürsət idi, şəxsiyyətinə də, savadına da böyük hörmət bəslədiyim bu xanımı iş prosesində görəcəm. Müəllimin ustalığı, savadı burada üzə çıxmalı idi. Bəri başdan onu deyim ki, dərsdən çox razı qaldım, mənə xüsusi ləzzət verdi.
Təmiz qəlbdən gələn sözlər
Nümunəvi dərsin mövzusu da çox uğurlu seçilmişdi: Şair Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeirinin təhlili idi. Dərsə başqa məktəblərdən də bu fəndən dərs deyən müəllimlər dəvətli idilər. Dərsə hazırlıqla əlaqədar həm müəllimə, həm də şagirdlər xeyli tədqiqat işi aparmışlar. Repressiyaya məruz qalmış yazıçılar haqqında xeyli məlumat toplanmışdı. Uşaqlar bu zaman xeyli bilik əxz edə bilmişlər. İstifadə edilmiş video görüntülər dərsin daha canlı keçməsinə kömək idi. Şagirdlər şeiri necə deyərlər, “söküb, yenidən quraşdırdılar” . Bu da dərsin canlı və maraqlı keçməşinə səbəb oldu. Dərsdə iştirak edən həmkarları da bu barədə yüksək fikirdə oldular.
Dərsin yekunlaşdırılması zamanı müəllimə haqqında deyilənlərdən iki sitat gətirmək istərdim. Məktəbin dil-ədəbiyyat müəllimi, respublikanın Əməkdar müəllimi Mirvari Musayeva onun təvazökarlığından, çalışqanlığımdan söz açaraq: – O öz işindən danışmağı xoşlamır, həmişə də fəaliyyətindən narazıdır, – dedi.
Məktəbin direktoru, respublikanın Əməkdar müəllimi Şəfaqət Rəsulov dedi:
– Sadədir, işgüzardır, o gördüyü işləri reklam etməyi xoşlamır, köməyini də heç kəsdən əsirgəmir.
Həmin dərsdə Sevda xanımın bir “sirri” də üzə çıxdı. Sən demə, onun şairliyi də varmış. Bu xəbər mənim üçün əsil sürpriz oldu. Necə oldu ki, mən onun bu keyfiyyətindən xəbər tutmamışam.
Bu yaxınlarda “Anadolu şairleri antolojisi” adlı bir dərgini gətirdi redaksiyaya Sevda xanım. Dərgidə xeyli Anadolu şairinin şeirləri dərc edilmişdi. Vərəqlədim dərgini, Sevda xanımın 12 şeirinə rast gəldim orada. Oxudum onları birnəfəsə. Mən burada onun bədii yaradıcılığını təhlil etmək fikrindən uzağam. İkiyə bölünmüş Vətən mövzusunda yazdığı “İnanmayın mahşer ola” şeirindən sitat gətirəcəyəm:
İstemirem ayrılıktan, bölünmekten
Habersizler bana gülsün.
Vatanında qarip olan,
Ayrılıktan anlayanlar varsa, gelsin.
Şah Hatayim, Settar Hanım,
Hiyabanım (Xiyabani) hayır dua,
Ulu Tanrım kuvvet versin.

Eger yokuz, ölmüşüzsek,
Kefen-defin eylesinler bu milleti,
Yok, varızsa, milletizse, bizimkise bu topraklar,
Sahib çıkıb hakkımıza
Bitirelim bu hasreti, dünya görsün.
Mən adda-budda fikirlərimlə, sitatlarımla bir insan – sözün əsil mənasında adı böyük hərflərlə yazılası İNSAN-ın portretini yaratmaq istədim. Bilmirəm, buna nail ola bildim, ya yox. Əgər məqsədimə çata bilmişəmsə, çox yaxşı. Amma, səmimi deyirəm, nə yazmışamsa, təmiz qəlbimdən gəlib.
Bəybala Babayev

Şərh Yaz