Silsilə dağlara bənzəyən ömür

Silsilə dağlara bənzəyən ömür
Hər kəs keçdiyi ömür yoluna nəzər salanda, unudulmaz, xoş xatirələrə dönmüş anlarını, günlərini xatırlayanda istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq, dostluq etdiyi göz önünə gəlir. Elə insanlar var ki, həyatını bütünlüklə elinə, xalqına, vətəninə xidmətə həsr edib. Müdriklər demişkən, “Xalq üçün, Vətən üçün yaşanan ömür əsil insan ömrüdür”. Belə insanlar çətin, mənalı və şərəfli ömür yolu keçsələr də həmişə el içində başı uca olurlar. Belələri xoşbəxtliyini, varlığını vətənə, xalqa ləyaqətlə xidmət etməkdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək, səhv etmərik. Məsuliyyətlə və qürur hissi ilə deyə bilərəm ki, belə insanlardan biri Əşrəf Saleh oğlu Hüseynovdur.
Silsilə dağlara bənzəyən ömür

Hər kəs keçdiyi ömür yoluna nəzər salanda, unudulmaz, xoş xatirələrə dönmüş anlarını, günlərini xatırlayanda istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq, dostluq etdiyi göz önünə gəlir. Elə insanlar var ki, həyatını bütünlüklə elinə, xalqına, vətəninə xidmətə həsr edib. Müdriklər demişkən, “Xalq üçün, Vətən üçün yaşanan ömür əsil insan ömrüdür”. Belə insanlar çətin, mənalı və şərəfli ömür yolu keçsələr də həmişə el içində başı uca olurlar. Belələri xoşbəxtliyini, varlığını vətənə, xalqa ləyaqətlə xidmət etməkdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək, səhv etmərik. Məsuliyyətlə və qürur hissi ilə deyə bilərəm ki, belə insanlardan biri Əşrəf Saleh oğlu Hüseynovdur.
Onun yaşadığı ömür silsilə dağlara bənzəyir. Əşrəf Hüseynov 40 ildən çoxdur ki, gənc nəslin arzularına çıraq tutur, onların təlim-tərbiyəsi ilə məşğul olur. Yaşaya-yaşaya yanır, yana-yana yaşayır, müqəddəs müəllim adını hər şeydən uca tutur. Çoxları təmtəraqlı ad-sana, yüksək maaşa uyanda Əşrəf müəllim müqəddəs ocağa – məktəbə tələsib.
Cığırların qovuşması yola, bulaqların birliyi çaya çevrilir. Halal zəhməti ilə seçdiyi yol onu pillə-pillə zirvələrə qaldırıb. Ə.Hüseynov orta təhsilini İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbində, ali təhsilini Bakı Dövlət Pedaqoji Universitetində alıb. 1973-cü ildə universitetin coğrafiya fakültəsini bitirərək Aşağı Cülyan kənd səkkizillik məktəbində müəllimlik fəaliyyətinə başlayıb, bir il sonra N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyətini davam etdirib.
Müəllim kimi ilk dəfə sinif otağında, şagirdlər qarşısında keçirdiyi həyəcanlar və romantik duyğular artıq xatirəyə dönüb. Böyük məhəbbətlə peşəsinə bağlanan müəllim həmkarlarından seçilib, məsul vəzifələrə təyin olunub.
Silsilə dağlara bənzəyən ömür
1978-1983-cü illər… İsmayıllı rayon Gənc Təbiətçilər Stansiyasının müdiri, 1983-1986-cı illərdə N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində direktor, RTŞ-də metodist, rayon qiyabi orta məktəbində direktor, şəhər 3 nömrəli tam orta məktəbində müəllim, tədris işləri üzrə direktor müavini, hal-hazırda isə ona doğma, əziz olan İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində tədris işləri üzrə direktor müavinidir.
Əşrəf Hüseynovun işgüzarlığı, zəhmətsevərliyi, peşəsinin kamil bilicisi olması onu hörmət sahibi edib. O ətrafında olan insanlara qarşı həmişə səmimi və qayğıkeşdir. Hansı təşkilatda işləməsindən asılı olmayaraq fəallığı ilə həmişə fərqlənmişdir.
Zəngin pedaqoji fəaliyyəti sahəsində şərəfli ömür yolu keçən Əşrəf müəllimin keçdiyi yoldan neçə-neçə tanınmış ziyalımızın ömür yolu başlayır.
Ə.Hüseynov təkcə coğrafiya müəllimi, tədris işləri üzrə direktor müavini işləməklə kifayətlənmir. O eyni zamanda tədris işləri ilə bağlı səmərəli işlər görür, təkliflərlə çıxış edir. Qabaqcıl təcrübə ilə əlaqədar fikirlərini müxtəlif tədbirlərdə açıqlayır. Şəxsiyyət kimi gözəl insan olan Əşrəf müəllim məktəbi doğma evi, şagirdləri doğma övladları sayır.
Azərbaycan təhsilindəki xidmətləri ilə Əşrəf müəllim yaradıcı müəllim kimi də seçilir, yeni təlim texnologiyalarından bacarıqla istifadə edir, direktor müavini kimi müəllimlərə elmı və metodiki göstəriş və tövsiyələrini verir, fənn birləşmə və metodbirləşmə yığıncaqlarının hazırlanmasını və keçirilməsini təşkil edir.
Ə.Hüseynov hər işdə dəqiqliyi sevən insandır, evdəki problemini heç vaxt məktəbə gətirmir. Çalışdığı, rəhbərlik etdiyi məktəbdə onun da uğur payı var.
Əşrəf Hüseynov ömrünün ən gözəl, kamillik çağını yaşayır. Bir anlığa keçdiyi ömür yoluna nəzər salanda, özü-özünə hesabat verəndə ömrünün hədər keçmədiyini görür. Bununla qurur hissi duyur .
Əşrəf Hüseynov halal zəhməti hesabına ləyaqətli ömür sahibi olmaqla bərabər, öz müəllimlərinin də ümidlərini doğrultmuş müəllim, əsil ziyalı və bacarıqlı pedaqoqdur. O, öz işinə nə qədər sərt, ciddi münasibət bəsləsə də, çox həlim insandır, şagirdlərə qayğı ilə yanaşan, çətin anlarda onları qoruyan, müdafiə edən böyük ürək sahibidir .
Bu yazını hazırlayanda maraq xətrinə kimə yanaşdımsa, böyük hörmət və səmimiyyətlə Əşrəf müəllim haqqında xoş sözlər dedi:
Azərbaycan Respublikasının Əməkdar müəllimi Müsavəddin Kərimov:
– Adətdir, alim tələbəsi, loğman şəfası, bağban da meyvəsi ilə öyünər. Mən də bu gün müəllimim Əşrəf Hüseynovla fəxr edirəm, öyünürəm. Çünki, Əşrəf müəllim o qədər sadə, o qədər səmimi və o qədər pak bir insandır ki, inanmıram, o, indiyə qədər kiminsə qəlbinə toxunmuş olsun. Hətta, ona pislik eyləyən adama da Əşrəf müəllim yaxşılıq elədiyini görmüşəm və buna sevinmişəm. Əşrəf müəllim 40 ildən çoxdur ki, bu çətin və şərəfli peşədə çalışır. İşində dəqiq, intizamlı, hamıya nümunə olan bir müəllimdir. Birlikdə işlədiyimiz uzun müddət ərzində mən onun əmək intizamını pozması halına rast gəlməmişəm. O, dövlətə və dövlətçiliyə həddindən artıq sədaqətlidir Şagirdlərini, ailəsini, ətrafındakı yaxşı insanları çox sevir.
Coğrafiya müəllimi Şahin Gənciyev:
– Həmişə bulaq kimi duru, Ay kimi təmiz görmüşəm onu. Ürəyindən keçməyəni dilinə gətirməyib. Yerişi vüqarlı, gülüşü şaqraq olub. Sözünü ürəyində boğub saxlamayıb. Dostun da səhvini üzünə deyib, kişi kimi.
Böyük arzularla yaşamağı sevib. Allahına sığınandır. Xeyirxah, ləyaqətli əməllər sahibidir. Tükənməz enerjiyə malik insan, istedadlı müəllim, sədaqətli ata, əvəzsiz ailə başçısıdır.
Coğrafiya müəllimi Mahirə Məmmədova:
– Həmkarım Əşrəf müəllim, sözün əsil mənasında ziyalıdır. Coğrafiya fənninin mahir bilicisidir. Onun şagirdi olduğum üçün qürur hissi keçirirəm. Uzun illər keçməsinə baxmayaraq hələ də müəllimdən öyrəndiklərimi unutmamışam. O, yaxşı müəllim olmaqla bərabər, məsuliyyətli ailə başçısı, vətənpərvər, gözəl insandır. Şagirdləri öyrətmək onun həyat amalıdır. Əşrəf müəllim coğrafiya fənnini bizə elə sevdirib ki, bu fənnin sinfimizdə zəif oxuyanı olmayıb. O, bizə həmişə gözəl nümunə olub. Odur ki, mən də müəllimimin ixtisasını seçdim. Pedaqoji ustalığımın artırılmasında onun çox böyük əməyi var. Dəfələrlə açıq və qarşılıqlı dərslərimdə oturub mənə metodik köməklik göstərib.
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodik mərkəzin direktoru Hümbət Əsədov: – Əşrəf müəllim nəinki məktəbin, rayonun, respublikanın qabaqcıl müəllimi, işini günün tələbləri əsasında quran dərs hissə müdiridir. Tədris etdiyi coğrafiya fənninin metodikasını gözəl bilir, işinin ustasıdır. Şagirdləri dövlətçiliyimizin möhkəmləndirilməsi, milli vətənpərvərlik ruhunda tərbiyə edir. O, təhsil işçilərimizə bir nümunədir. İl ərzində Əşrəf müəllim kifayət qədər dərs dinləyir. Dərs dinləmələrin təhlili göstərir ki, məktəbin dərs hissə müdiri çox savadlı, intellektual səviyyəyə malik pedaqoqdur. O, hər dərsi müstəqil dinləyir, dərsin çatışmayan cəhətlərini yerindəcə, dərs sona çatan kimi həmkarlarına çatdırır. Çatışmazlıqların həlli üçün köməyini əsirgəmir.
Əşrəf müəllim dinlədiyi dərslərə təkrar-təkrar qayıdır. Bu onun məsuliyyətli olduğun sübutdur. Müəllimlərdən də elə bu məsuliyyəti tələb edir. İntizamı pozan müəllim və şagirdə güzəşt etmir. Məktəbdə təhsilin yüksəlişinə xidmət edən hər bir tədbirin təşkilində, xüsusilə də “Fənn birləşmə” və “Dayaq məntəqə” sədrlərinin işinin qurulmasında da Əşrəf müəllimin əməyi böyükdür.
Valideyn Fikrət Hüseynov:
-Biz əsil vətənpərvərlərin, mübarizlərin, vətənin qurucusu olan neçə-neçə nəslini yetişdirmiş müəllimlərimizlə fəxr edirik. Sözün həqiqi mənasında gözəl tərbiyəçi olan müəllimlərimiz ən xoş sözlərə layiqdirlər.
-Belə müəllimlərdən biri də Əşrəf Hüseynovdur. Bu sənət fədaisi çox vaxt ailə qayğılarını da unudur. Sənətə ürəkdən bağlı olan bu gözəl qəlbli insan bütün şagirdlərinə ata qayğısı ilə yanaşır. Onların sevinci və kədərini qəlbində daşıyır. Bir valideyn kimi Əşrəf müəllim haqqında söylədiyim fikirlər ola bilsin bəsitdir, çünki onun zəhmətini ifadə etməkdə çətinlik çəkirəm. Məktəbdə təhsil alan övladlarımın bütün uğurları Əşrəf müəllimin səyinin nəticəsidir. Əşrəf müəllimə bir valideyn kimi mənəvi cəhətdən borcluyam. Bu müəllimin əməyi ən yüksək qiymətə layiqdir.
Böyük bir nəslin ağsaqqalı, hamının düzgün yol göstərəni, xırda uğuruna belə sevinən, qayğısını çəkən, dərdinə şərik olan Əşrəf müəllim həm də gözəl ailə başçısıdır. Böyük nüfuz və uğur qazanmasında yüksək intellektual səviyyəyə malik, əsil Azərbaycan qadınına xas olan bütün keyfiyyətləri özündə əks etdirən ömür-gün yoldaşı Bikə xanımın müstəsna rolu olmuşdur. Milli və vətənpərvər ruhda böyüyən oğlu Rəşad Prezident yanında İdarəçilik Akademiyasının politoloq ixtisası üzrə beynəlxalq hüququ bitirmiş, bir neçə əcnəbi dili mükəmməl bilən, zəngin dünyagörüş ensiklopedik savada malik yetkin mütəxəssisdir. ATƏT-in Bakı ofisində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. Qızları evdar qadındır. Yeddi nəvəsi var.
Tələbkar və ciddi, təcrübəli dərs hissə müdiri, mahir pedaqoq kimi tanınan Əşrəf Hüseynovun əmək fəaliyyəti həmişə qiymətləndirilmiş, o dəfələrlə mükafatlandırılmış və müxtəlif Diplom və Fəxri fərmanlara layiq bilinmişdir.
Aydın təfəkkürə, zəngin dünyagörüşünə, sağlam düşüncəyə, həyatda həmişə səliqə-sahmanı sevən, lakin təntənələrdən, dəbdəbələrdən qaçan Əşrəf müəllimin 65 illik yubileyi yaxınlaşır. Bu münasibətlə onu təbrik edirik! Biz-dostları, həmkarları və şagirdləri Əşrəf müəllimə uzun və sağlam ömür, ailə səadəti, pedaqoji işlərində yeni-yeni uğurlar arzulayırıq.
Hacıməmməd Məmmədov,
Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi

Şərh Yaz