Şirin xatirələr

Şirin xatirələr
Keçən günə gün çatmaz,
Calasan günü günə.
Bayatı
Təbiət min illər bundan əvvəlki kimi, dəyişmədən bizim sadiq xidmətçimiz, müşahidə obyektimiz olaraq qalır. “Bahara nə qədər qalıb?” deyə günləri, ayları sayır, özümüzü ana torpağa köçməyə tələsdiririk. Uzaq-yaxın keçmişin ağır, məşəqqətli, lakin çox şirin, saxtalıqdan uzaq iliklərimizə qədim tarixin ötürbəötürü ilə işləmiş mütərəqqi adət və ənənələrimiz üçün burnumuzun ucu göynəyir, onların hiss olunmadan birdəfəlik aradan çıxmasına görə ağlamağımız gəlir.Şirin xatirələr
Keçən günə gün çatmaz,
Calasan günü günə.
Bayatı
Təbiət min illər bundan əvvəlki kimi, dəyişmədən bizim sadiq xidmətçimiz, müşahidə obyektimiz olaraq qalır. “Bahara nə qədər qalıb?” deyə günləri, ayları sayır, özümüzü ana torpağa köçməyə tələsdiririk. Uzaq-yaxın keçmişin ağır, məşəqqətli, lakin çox şirin, saxtalıqdan uzaq iliklərimizə qədim tarixin ötürbəötürü ilə işləmiş mütərəqqi adət və ənənələrimiz üçün burnumuzun ucu göynəyir, onların hiss olunmadan birdəfəlik aradan çıxmasına görə ağlamağımız gəlir.
Şirin xatirələr
Basqalda hər fəslin öz gözəlliyi var. Bahar da, yay da, payız da, qış da həssas zövqlü, xoş ovqatlı adam üçün eyni dərəcədə fərəhli olur. Əslində isə, hərəsinin öz sevinci, kədəri, dərdi-səri vardır.
Qış burada adətən, ildən asılı olaraq, oktyabrın ikinci yarısından başlayır. Bu fəsil bəzən aprelin sonuna kimi davam edir. Keçmişdəki kimi, indi də qışa hazırlıq meşədən bol odun gətirməkdən, neft almaqdan başlayır. Yolları qar basır. Etiraf etməliyik ki, keçmişdəki zəhmətsevərlik, həvəs, ünsiyyət, mehribanlıq, çətin anlarda bir-birinə kömək əli uzatmaq, düzlük kimi bəşəri hisslər indi nə qocalarda qalıb, nə cavanlarda, nə də uşaqlarda. Hərə öz qayğısı ilə yaşayır, onu nə özgə maraqlandırır, nə də lap ən yaxın adamın ehtiyacı. Bir də, onu deyim ki, əvvəllər uzunömürlülərin ən çox qeydə alındığı yerlərdən biri Basqal olduğu halda, indi burada adamların əksəriyyəti 70-80 yaşa çatmamış fani dünyadan əbədi mənzilə köçür.
Qış fəslində küçələrdə gediş-gəliş nisbətən azalırdı. Aləmi bürüyən sükutu lap sübh alaqaranlığından toxucu dəzgahların ritmik şaqqıltısı, boyaqçıların danışığı, ocaq, rəngli su qaynayan tiyan ətrafında mübahisələri, pəsdən oxunan mahnıları pozurdu. Uşaqlar günortadan başlamış gecə yarısına qədər buzun üstündə kirşə sürər, yıxılar, durar, şən gülüş, zarafat küçələri bürüyərdi.
Səhər-səhər bazar meydanındakı baqqal, qəssab, başmaqçı, dəmirçi, dərzi dükanları, bərbərxanalarda işləyən adamlar Allahın mehriban adı ilə, gündəlik işlərində uğur qazanmaq duası ilə qabaqlarında közərmiş od olan manqalı hazırlayıb işə başlayırdı.Ticarət zəif, qazanc az olsa belə, “Allah min bərəkət versin!” deyib, razılıqla evlərinə qayıdardılar.
Basqal bazarında dörd-beş yerdə çayxana vardı. Qocaların, ahılların olduğu çayxanaya hörmət əlaməti olaraq cavanlar girməzdilər. Zarafat, gülüş səsləri şən əhval-ruhiyyə yaradardı. Səhər işıqlanmamış tezdən Məşədi Dadaş əminin həlimaşı dükanı adamlarla dolub-boşalardı. Müştərilər özləri ilə təzə nehrə yağı, təzə çörək götürər, dükanda bir-iki qab (bu ölçü qabı təqribən üçdə bir litr olardı) istiotlu, dadlı-ləzzətli həlimaşından yeyər, evlərinə də göndərdikdən sonra karxanaya işləməyə gedərdilər.Həlimaşının müştərisi çox olduğundan bir gün əvvəldən dükana kiçik sərnic, mis qazança qoyardılar. İndi bu adətlər yox olub getdiyi vaxtda da, bir işi qabaqcadan planlaşdıranda basqallılar zarafatla deyirlər: “Deyəsən, həlimaşı üçün qab qoymusan”.
Toxucu karxanası olmayanlar dəzgahı evin bir başında qururdular. Qadınlar dəzgahın altında ipək sarıyar, uşaqlar cəhrəyə bənzər alətdə lülələri ipək sapla doldurar, kişilər isə kəlağayı toxuduqca bütün əzalarını – əllərini, ayaqlarını, bellərini, boyunlarını, hətta, fikirlərini də işlədərdilər.Hər dəzgahda gündə 8-10 kəlağayı toxunardı. Dübbə əminin, Əlbağır əminin, Məşədi Calal əminin toxuduğu al-əlvan ipək yorğanüzülər həmişə təriflənərdi.
XVI əsrdə tikilmiş yaraşıqlı tağları olan hamam yaxın 10-15 ilə kimi, Basqala və ətraf kəndlərə xidmət edirdi. Hamamın tağları, divarlarındakı nəbati naxışlar, sütun elementlərinin dəqiq simmetriyası ilə xalq memarlıq folklorunun yüksək səviyyəsindən xəbər verir. Ulu tariximizi yaşadan abidənin indiki vəziyyəti, gümbəzindəki getdikcə dərinləşən çatlar təşviş doğurur. Təcili təmir olunmasa, uçmaq təhlükəsi yaranacaqdır.
Tehran, Təbriz memarlıq üslubunda tikilmiş, nağılvari görkəmi olan Basqal hamamı orta əsrlər üçün səciyyəvi, gümbəzə bənzər tavanlıdır. Ortada geniş, sağ və sol yanlarda isə hər birinin eni 2,5 metr, uzunluğu 3 metr olan iki yuyunmaq otağından ibarətdir. İsti su xəzinəsinin sağ tərəfində sürtünmək və oturub dincəlmək üçün daha bir kiçik otaq vardır. İçəri girən kimi özünü qədim əyyamda hiss edirsən.
Hamamçı Əlabbas kişi öz işinin mahir ustası idi. Yaxşı havalarda o, kətil qoyub hamamın qabağında oturaraq müştəri gözləyirdi. Soyuq havalarda içəridə oturar, qabağındakı manqalın közünü eşələyərdi. İçəridə yaşlı adam vardısa, hamama gəlmiş cavanlara məsləhət verərdi: “Gedin evə, bir saatdan sonra gələrsiz, filankəslər hamamdadır.” Yaşlılara da uşaqlar, cavanlar hamamda çiməndə belə məsləhət görərdi.
Birinci, soyunma otağının ortasındakı dəyirmi hovuzda su fəvvarə vurardı. Xəfif şırıltı bahar nəğmələri kimi elə ilk qədəmdən adama xoş ovqat bəxş edirdi. Daş döşəmə həmişə tərtəmiz olardı. Üzbəüz, daşdan hörülmüş soyunub-geyinmə səkilərinə həsir salınırdı. Girişdəki enli səki hamamçının öz yeri idi. Ağappaq divarlarda asqılar vurulmuşdu. Çimməyə abır-həya üçün bir qayda olaraq fitə ilə girmək labüd idi. Müştərinin özününkü yox idisə, hamamçı ona fitə verərdi. Kisəçi Xəlil kişi öz işinin mahir ustası idi. O, kisəsi, lifi, tası yanında müştəriyə xidmət göstərməyə hazır oturardı. Səkilərdən pilləkənlə düşüb çimmə zalına girənlər sanki şəfa ocağına daxil olurdular. Hamam isti, yuyunmaq rahat. Kimdə soyuqdəymə vardısa, bədəni yumşalar, şəfa tapar, razılıqla hamamı tərk edərdi. Hamamın lap tinində Məmmədsəlim kişinin çayxanası həmişə adamla dolu olardı. Hamamlananlar minnətdarlıqla mahnı da qoşmuşdular:
Ay bərəkallah, Cin Əlabbas sənə
Bu gün hamam ləzzət veribdir mənə.
Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasındakı hamam epizodu elə bil Basqal hamamında lentə alınıb. Basqalda toy hamamı bu operettadakından daha şən və daha təmtəraqlı keçərdi. Gəlin getməzdən bir gün əvvəl nişanlı qızı dəvət olunmuş əlli nəfərdən artıq qız-gəlin çalğıçıların müşayiəti ilə hamama gətirərdilər. Qız-gəlin hamamda yuyunana, toyu olacaq qıza xüsusi xidmət göstərilənə kimi, çalğıçılar hamamın qarşısındakı meydanda oynaq havalar çalar, oxuyar, hamam mərasimindən sonra bir saat ərzində rəqs edər, daha sonra çala-çala qız evinə yollanardılar. Orada onları bol nahar süfrəsi gözləyirdi.
Ertəsi gün bir qədər də təntənəli bəyi hamama gətirərdilər. Dəvət olunmuş bərbərlər bəyin və onunla birlikdə toy hamamına gəlmiş gənclərin üzünü, başını təraş etdikdən sonra onlar hamama bəyi yuyundurmağa daxil olurdular. Hamamçı bəy, sağdış və soldış üçün gətirilmiş təzə paltarlardan, ətriyyatdan, şirniyyatdan ibarət qırmızı örtüklü xonçaları qəbul edərdi. Xonçaları gətirənlərə bəy və ətrafındakılar xələt verərdilər. Hamamçı iki rəngli – altı ağ, üstü məxməri rəngli şirin çayı bəyin, sağdış və soldışın qarşısına qoyub xələt alardı. Hamamlanmış toy əhvallı gənclər ortaya qoyulmuş məcməilərə bir-birinin bəhsinə hamamçı və bərbərlər üçün daha çox pul atardılar. Hamamdan çıxan cavanlar musiqinin müşayiəti ilə toy yerinə, yemək-içməkli “bəy gəldi” mərasiminə yollanardılar.
Qış zamanı isti kürsüdə oturub şam yeməyindən sonra yaşlı adamların nağılına qulaq asmaq indiki televiziya verilişlərinə tamaşa etməkdən qat-qat ədəbli və maraqlı olardı. Mahir nağıl ustalarından Camal xalanın, Sahab xalanın, Bahar xalanın, Dəmir dayının nağıllarına qulaq asmaq üçün qonum-qonşu növbə ilə bir-birinin evinə yığışardı.
Çillə girən kimi halvaçı Soltan, Ələsgər, Hacı Nağı oğlu Ağsəlim məşhur Basqal halvası bişirməyə başlayardı. Basqalda bu zərif həm də diqqət və bacarıq tələb edən çətin sənətlə cəmi beş nəfər məşğul olardı. Səməni tökülər, onun cücərtisi qiyməkeşlə döyülüb şirəsi süzülər, bu şirə ilə sonrakı əməliyyatlar başlayırdı. Ədava, istiot, xırdalanmış qoz ləpəsi, şirni halvaya xüsusi istilik və ləzzət verirdi. Təkcə Basqalda yox, ətraf şəhər və kəndlərdə də bu halva təriflənərdi: “Ədavalıdı, ballıdı, bişirəni basqallıdı”.
Qışda, baharda, payızda xoruz, qoç döyüşdürmək, it boğuşdurmaq, at çapıb ötüşdürmək adət idi. Bu işlərin həvəskarları mərcləşər, bəzən mübahisə davaya çevrilərdi.
Basqalın ətrafı bağ-bağatla dolu idi. 1977-ci ildə “Respublikamızı qabaqcıl üzümçülük diyarına çevirmək” devizi altında armud, alma ağacları olan bağlar məhv edildi, yerində üzümlüklər salındı. Lakin aran yeri, isti hava tələb edən bu giləmeyvə sərin iqlimli dağ yerində, necə deyərlər, alınmadı. 1985-ci ildən sonra üzümlüklər söküldü, qədim bağlarımıza məzarlıq sükutu çökdü. Məhv edilmiş bağlarımızda azı iyirmi adda armud: şabranı, nararmudu, sini, homini, kürdüki, mollaşabı, gilərzeyi, qirədım, cıraxan, lətənz, şıxarmudu, xanarmudu, cırhacı və sair turşluğu, şirinliyi bir-birinə bənzəməyən bu meyvə növləri ata-baba sənətkarlığımız kimi yaddaşlardan birdəfəlik silindi.
1964-cü ilin avqust ayından Basqalda və ətraf kəndlərdə elektrik işığı yanmağa başlayıb. Həm işıqdan, həm də getdikcə artan texnikanın səsindən qəsəbənin ətrafındakı Əmrəki, Şərnəki, Qırxbulaq və sair meşələrdəki heyvanat və quşlar uzaqlara, təhlükəsiz yerlərə çəkilmişdir.
Qırxıncı, əllinci illərə qədər isə maralların, cüyürlərin böyürtüsü, kəkliklərin, meşəxoruzların qaqqıltısı, canavarların, çaqqalların ulaşması evlərdə eşidilirdi.
Çayxanalar, pitixanalar, kababxanalar Basqalda təkcə yemək-içməyə xidmət etmirdilər. Xüsusilə, qocaların, ahılların gediş-gəlişi Zeynalın səhərdən axşama qədər işləyən, qocaman qovaq ağacının dibində tikilmiş qədim Soltanəli çayxanasının daha çox müştərisi olurdu. Bura özünəməxsus istirahət, əyləncə, deyib-gülmək, ürək açan zarafat yeri idi. Bəzən kiməsə, yardım etmək, iməcilik təşkil etmək ideyaları da bu çayxanada yaranırdı.
Təəssüf, çox təəssüf! Əcdadlarımızın ruhu onların ərməğan etdiyi qiymətli irsini qoruyub saxlamadığımıza görə bizi bağışlamayacaq.
Miryavər Hüseynov

Şərh Yaz