Gələcəyi perspektivli olacaq

Heydər Əliyev Mərkəzində indiyədək müxtəlif tədbirlər keçirilib. İyunun 28-də burada baş tutmuş tədbir İsmayıllı rayonu üçün daha əhəmiyyətli idi. Yığıncağa rayonun bir sıra idarə və təşkilat rəhbərləri, əksər məktəb direktorları, müəllimlər, əmək veteranları, təqaüddə olan qocaman müəllim və kənd təsərrüfatı mütəxəssisləri və digərləri dəvətli idilər. Bu gün haqqında çoxdan söhbət gedən bir vacib məsələ həllini tapdı. İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova yığıncağı giriş sözü ilə açaraq şəhərimizdə aparılan tikinti və abadlıq işləri barədə qısaca söz açdı. Sonra toplantının məqsədini açıqladı. Sevil xanım elan elədi ki, rayonumuzda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci açılır, bu barədə daha ətraflı məlumat vermək üçün sözü icra başçısı Mirdaməd Sadıqova verirəm.Gələcəyi perspektivli olacaq

Başçı rayonda yeni təhsil müəssisəsinin açılması münasibətilə ismayıllıları təbrik etdi və bu barədə toplantı iştirakçılarına ətraflı məlumat verdi. Azərbaycan Prezidenti İlham Əliyevin rayonumuza göstərdiyi qayğını xüsusilə vurğuladı. Baş nazirin bu işə köməyini də qeyd etdi. Kollecdə rayona lazım olan ixtisaslı kadrlar hazırlanacaq. Burada məzunlara subbakalavr dərəcəsi veriləcəkdir. Kollec özünümaliyyələşdirmə hesabına fəaliyyət göstərəcəkdir. M.Sadıqov qeyd etdi ki, burada hər cür şərait yaradılacaq.
Kollecin açılması təkcə rayonumuzun deyil, həm də ətraf rayonların ixtisaslı kadrlarla təmininə yardım göstərəcəkdir. Kollec 11 ixtisas üzrə kadrlar hazırlayacaq. Bu il kollecə müalicə işi, məktəbəqədər təlim və tərbiyə, kompüter şəbəkələrinin və texnikasının təmiri və servis xidməti, informatika müəllimliyi (ümumi orta təhsil bazası üçün), aqrar (fermer) təsərrüfatının təşkili, mühasibat uçotu, dekorativ tətbiqi incəsənət və xalq sənəti, turizm və onun təşkili, ət və süd məhsullarının texnologiyası, şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası, həmçinin taxıl və taxıl məhsullarının saxlanılması və emalı texnologiyası ixtisasları üzrə tələbə qəbul olunacaq. Ümumilikdə, bu il kollecdə 285 nəfər tələbə adını daşıyacaq. Gələcək illərdə tələbələrin sayı xeyli artacaq. Məktəbə ümumi orta və tam orta təhsilli gənclər qəbul olunacaqlar. Tələbələr həm əyani, həm də qiyabi təhsil almaq imkanı əldə edəcəklər.
Hazırda rayonumuzun tibb ixtisaslı, məktəbəqədər təlim və tərbiyə kadrlarına daha çox ehtiyacı var. İnşa edilməkdə olan uşaq bağçalarına belə kadrlar çox lazım olacaq.
Rayonda turizmin inkişafı üçün imkanlar çoxdur. Bununla əlaqədar rayonda xalq sənətkarlığının inkişafı, turistlər üçün milli suvenirlərin hazırlanması kimi sahədə xeyli iş görmək lazım gələcək. Turizmin təşkili də gələcək kadrlardan çox asılı olacaq. Bütün sadaladığımız və sadalamadığımız peşələr inkişaf etdikcə rayonun, həm də əhalinin iqtisadi durumu yüksələcək. Rayonda emal müəssisələrinin inşası ilə əlaqədar kadrlara olan ehtiyac da artacaq. Yuxarıda qeyd etdiyimiz kimi, bu sahə üçün kadrlar hazırlanacaq. Yaxşı haldır ki, həmin kadrlar iş axtarmaq üçün başqa yerlərə getməli olmayacaqlar.
Tədbirdə çıxış edən RTŞ TİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova, MRX-nın baş həkiminin müavini İsrayıl İsmayılov, kənd təsərrüfatı mütəxəssisi, əmək veteranı Alıcan Süleymanov çıxış etdilər. Tədbir iştirakçıları kollecin rayonun gələcək perspektivində mühüm rol oynayacağını xüsusi qeyd etdilər.
Tədbirin sonunda RİH –nin işçisi Valeh Salehov iştirakçılar tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış müraciəti oxudu.
B.Babayev

Şərh Yaz