Gənclərin “qulaqcıq xəstəliyi”


Müasir, inkişaf edən cəmiyyətimizdə gedən yenidənqurma, abadlıq işlərini yüksək qiymətləndirirəm. Yollarımızın asfalt, küçələrimizin işıqlı, fəvvarələrimizin rəngbərəng olması çox gözəldir. Və bütün bunların müsbət nəticəsini görürük. Deyirəm, kaş ki, dəyişiklik yalnız təchizat baxımından olmasaydı, insanlarımızın şüur, intellekt, düşüncə səviyyəsi qalxsaydı nə gözəl olardı. Gənclərin “qulaqcıq xəstəliyi”
Müasir, inkişaf edən cəmiyyətimizdə gedən yenidənqurma, abadlıq işlərini yüksək qiymətləndirirəm. Yollarımızın asfalt, küçələrimizin işıqlı, fəvvarələrimizin rəngbərəng olması çox gözəldir. Və bütün bunların müsbət nəticəsini görürük. Deyirəm, kaş ki, dəyişiklik yalnız təchizat baxımından olmasaydı, insanlarımızın şüur, intellekt, düşüncə səviyyəsi qalxsaydı nə gözəl olardı.
Lakin, müharibələrin, fəlakətlərin hər an baş verdiyi dünyada insanlarımız bir sıra məsələlərə laqeydliklə yanaşırlar. Fəqət bunlara ciddi yanaşmaq lazımdır. Cəmiyyətimizin, ələlxüsus da, gənclərimizin bitib-tükənməyən və hal-hazırda ən aktual problemlərindən biri qulaqcıqların istifadəsi ilə bağlıdır. Gəlin öncə baxaq, insanlar qulaqcıqdan nə üçün istifadə edir? Əlbəttə ki, ilk səbəb kimi sevdiyimiz musiqini daha rahat eşitmək, ətrafdakı səs-küydən uzaq olmaq göstərilir.

Yol ilə gedərkən, avtobusda olarkən, hətta gecələr yatarkən belə musiqi dinləyən insanlar var. Hər gün valideynlərimiz tərəfindən dəfələrlə deyilsə də ki, bu qədər qulaqcıqdan istifadə etməyin. Lakin eşitmirik. Biz özümüz ilə yanaşı ətrafımızdakı insanları da narahat etmiş oluruq. Ətrafdakılar ilə danışan zaman səs tonumuz həddən çox yüksək olur. Və bu da müsbət hal kimi qarşılanmır.
Qulaqcıqdan müntəzəm istifadənin zərərləri barədə bizə kimsə, nə isə desə onların sözlərini qulaqardına vururuq. Bu isə öz sağlamlığımızı düşünməməyimizdən, özümüzə dəyər verməməyimizdən irəli gəlir.
Qulaqcığın səs şiddəti birbaşa qulaq pərdəsinə, oradan da daxili qulağa və qulaq sinirinə ötürülür. Buna görə cihazdan çıxan səsin şiddətli olması daxili qulaqdakı sinirlərə və eşitməyimizi təmin edən hüceyrələrə öldürücü təsir edir. Uzun müddət və yüksək səslə musiqi dinlənməsi nəticəsində qulaqda küy və uğultu meydana gəlir. Səbəbi isə eşitmə sinirinə dəyən zədədir. Nəticədə, get-gedə eşitmə zəifliyi yaranır. Bu da gələcəkdə eşitmə cihazından istifadəni qaçılmaz edir. Gün ərzində 5 saat qulaqcıqdan istifadə etdiyimizdə özümüzü ağır eşitməyə məhkum edirik.

Alimlər xəbərdarlıq edirlər ki, müntəzəm qulaqcıqdan istifadə edən musiqisevərlərin sağlamlığı risk altındadır. Daimi qulaqcıqlardan istifadə etmək gələcək nəslin kütləvi karlıqdan əziyyət çəkməsinə səbəb ola bilər.
İngiltərə və Fransanın həkimləri araşdırma aparıblar və belə bir nəticəyə gəliblər ki, qulaqcıqlardan sıx-sıx istifadə etməyimiz 25 yaşına kimi eşitmə qabiliyyətimizi azaldır.
Qulaqcıqlardan istifadə ölüm hallarına da səbəb ola bilir. Biz yol ilə gedərkən fikrimiz dinlədiyimiz musiqidə olduğundan ətrafımızda hərəkət edən texnikanın gəliş-gedişinə diqqəti yönəldə bilmirik. Fakt olaraq bir il öncə Rusiyanın Sankt-Peterburq şəhərində qulağında qulaqcıqla musiqi dinləyərək dəmir yolu keçidindən keçən gəncin faciəli ölümünü göstərə bilərik.
Bu zaman belə bir sual meydana gəlir. Yəni qulaqcıqdan heç istifadə etmək olmaz?
Olar əlbəttə. Lakin qulaqcıqdan gün ərzində qısa müddətdə və qulaqlarımızda narahatçılıq yaratmayacaq şəkildə taxmaqla istifadə etməli, həmçinin aşağı səslə dinləməliyik.
Çinarə Bəhərçinli

Şərh Yaz