“Xəyanət qoxusu” kitabı haqqında düşündüklərim…

“Xəyanət qoxusu” kitabı haqqında düşündüklərim…
Üz qabığı göy rəngində olan və üzərində Amerika Birləşmiş Ştatlarının pul vahidi kimi tanıdığımız dollar təsvirli bir kitabı oxumaq üçün əlimə götürdüm. Kitabın adı “ Xəyanət qoxusu” adlanırdı. Müəllifi ilə maraqlandım: Firuzə Çiçək İsmayıllı rayonunda anadan olmuşdur. Tələbədir. Kiçik yaşlarından şeirlər, kiçik həcmli hekayələr yazmağa başlayıb. 2006-2009-cu illərdə “Ümid” ədəbi məclisinin üzvü olub. Yerli mətbuatda yazıları dərc olunub…

Kitab “Gecikmiş qisas” adlı bir hekayə və “ Xəyanət qoxusu” adlı povestdən ibarətdir. Gələcəyimiz olan gənclərimizdə hər zaman əzmkarlıq, yüksək intellekt səviyyənin olması arzusundan bu kitab məni özünə cəlb etdi və sakitcə varaqlamağa başladım. “ Gecikmiş qisas” hekayəsini oxumaq həvəsinə düşdüm. Yazıçının sadə, rəvan dili məni elə ovsunlamışdı ki, hər səhifəsini oxuyub tamamladıqda özümü sanki orda baş verən hadisələrin içində hiss etdim. Hekayədə hadisələr Xocalı faciəsi zamanı mənfur, qaniçən düşmənlərimizin törətdiyi vəhşiliklərlə bərabər, həm də onların nə qədər qorxaq, alçaq niyyətli olmaları çox gözəl təsvir olunub.
A.S.Puşkinin “ Sən oğrusan! Sən köləsən! Sən ermənisən!” ifadəsilə başlayan bu hekayədə gənc yazıçı onların törətdiyi əməllərlə rus mütəffəkkirin dediklərini bir daha təsdiqləyir. İndinin özünə qədər millətimizə qarşı olan kin və nifrətlərinin bir-iki nəfəri təsvir etməklə bütün ermənilərin başında çatlayacağını göstərməklə sanki onlara xəbərdarlıq edir. Ermənilər yaxşı bilirlər ki, təkbaşına onlar heç bir zaman bizim millətə qalib gələ bilməyəcəklər. Buna görə də növbəti hiyləyə əl atır və “türkü yalnız türk öldürə bilər” prinsipindən istifadə edirlər. Və bununla da öz acizliklərini nümayiş etdirirlər.Oxucular üçün maraqlı olsun deyə, hekayənin tam məğzini açmaq istəmirəm. Düşmənlərimizin bizə qarşı olan nifrəti burda çox qabarıq göstərilib. Yəni, Xocalı qətliamından sonra gözü doymayan qaniçənlər yenə də 19 ildən sonra məhz həmin gün fevralın 26-si xalqın toplaşdığı “Anım mərasimi”ndə də terror aktı törətmək istəyirlər və…
Bu hekayədə mənim ən çox diqqətimi çəkən xalqımızın milli ruhunun qəhrəmanın damarlarına hopmasıdır və Firuzə xanım bunu elə incəliklə göstərib ki, hər bir azəri-türkü bu hekayəni oxusa qürur hissi keçirər. Xüsusilə bizi nə qədər dəyişdirmək istəsələr də, xəmirimiz, qulaqlarımıza hakim kəsilmiş analarımızın laylalar,ı, heç bir millətə xas olmayan ədəb-ərkanımız, adət-ənənələrimiz, əxlaqi keyfiyyətlərimizlə yoğrulub və bu keyfiyyətlərimiz bizi yenidən özümüzə qaytarır.
Bəlkə də bu, gənc yazıçının cavanlarımıza olan bir çağırışıdır : öz milli dəyərlərimizin qədrini bilmək çağırışı.

Dedektiv janrda yazılmış əsərlərə xüsusi marağım olduğundan və ən çox bu janrda yazan yazıçılarımızdan Natiq Rəsulzadənin və Çingiz Abdullayevin yazdıqlarını sevə-sevə oxumuşam. Belə bir gənc qızın dedektiv üslubuna üz tutması məni bir az çaşdırsa da marağımı daha da artırdı və kitabı diqqətlə oxumağa sövq etdi.
“ Xəyanət qoxusu” adlanan povestdə isə MTN-nin əməkdaşlarının çevikliyi, xəyanət görmüş bir gənc oğlanın qızlara olan inamsızlığı yazıçı tərəfdən çox gözəl qələmə alınmışdır. Haram yollarla pula hərisliyin sonunun nə ilə nəticələnəcəyi povestdə məharətlə təsvir olunub. Lakin ”Su qabı suda sınar” məsəlini atalarımız boşuna deməyibdir. Hər kəs əvvəl-axır öz cəzasını çəkəcəkdir. Burda da hər kəsi ölümlə hədələyən canilər, nəhayət, bir-birilərinin qənimi olur və sonda yenə haqq- ədalət qalib gəlir.
Belə gözəl yazıları ilə oxucusunu düşünməyə vadar edən yazıçı Firuzə Çiçək yeni mövzular üzərində ədəbi fəaliyyətini davam etdirir . O, hələ gəncdir və mən inanıram ki, onun bundan sonra da çoxlu kitabları nəşr olunacaq və biz oxucuları çox intizarda qoymayıb sevindirəcək. Xüsusilə, gəncliyin onun əsərlərinə üz tutmasını tövsiyə edərdim. Çünki Firuzə xanımın povest və hekayələrinin gəncliyimizin düzgün formalaşmasında böyük rolu ola bilər.
Mənə isə Firuzə xanımın boynuna götürdüyü bu şərəfli və məsuliyyətli işində ona yalnız uğurlar və nailiyyətlər arzulamaq qalır.
M. Hacıyeva

Şərh Yaz