Şərəfli keçmişimizdən: 126 yaşlı Basqal məktəbi

Böyük ziyalı ordusunun – alimlərin, görkəmli dövlət xadimlərinin, müxtəlif peşə sahiblərinin, xalq qədrini bilən, onun kədəriylə qüssələnən, şad günü ilə sevinən, həyatda doğru-düzgün yol tutan insanların yetişməsində Basqal məktəbinin müstəsna rolu olub.Şərəfli keçmişimizdən: 126 yaşlı Basqal məktəbi
Şərəfli keçmişimizdən:
126 yaşlı Basqal məktəbi

Böyük ziyalı ordusunun – alimlərin, görkəmli dövlət xadimlərinin, müxtəlif peşə sahiblərinin, xalq qədrini bilən, onun kədəriylə qüssələnən, şad günü ilə sevinən, həyatda doğru-düzgün yol tutan insanların yetişməsində Basqal məktəbinin müstəsna rolu olub.
Çar Rusiyasının müstəmləkəçilik məqsədlərindən asılı olmayaraq Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin inkişafı yerli amillərin təsiri ilə ildən-ilə daha artıq hiss olunurdu. Çarizmin ucqarlarda xalq maarifi sahəsindəki mürtəce siyasəti ilə əlaqədar müəllim kursları hazırlamaq üzrə Azərbaycan şöbəsinin uzaqda-Qori şəhərində açılmasına baxmayaraq onun təşkili XIX əsr müəllim kadrları hazırlığında mühüm mərhələ təşkil edir. Azərbaycan xalq pedaqogikasının qiymətli incilərindən qidalanan, mütərəqqi rus dünya pedaqogikasının görkəmli nümayəndələrinin təlim-tərbiyə ideyalarından və məktəb təcrübəsindən faydalanan ilk xalq müəllimləri elm və maarif məşəlini uzaq-uzaq kəndlərimizə apararaq dünyəvi təhsildən kənarda qalmış uşaqların gözünü əsaslı savad nuru ilə işıqlandırmaq üçün böyük ruh yüksəkliyi bu çətin, lakin çox şərəfli bir işə başlayırdılar. Azərbaycanlılardan müəllim kadrları hazırlanması Azərbaycan kəndlərində və şəhərlərində yeni-yeni məktəblər açılmasına şərait yaratdı və bu işi sürətləndirdi.
Belə məktəblərdən biri 25 avqust 1887-ci ildə mədəniyyətin, incəsənətin qədrini bilən, varlı, gözüaçıq sahibkarların, tacirlərin çox olduğu qədim sənətkarlıq yurdu Basqalda açıldı. Məktəbi himayəsinə götürməyi yazılı şəkildə öhdələrinə alan nüfuzlu ağsaqqalları elə ilk gündən onun ehtiyacları ilə yaxından maraqlanmışlar. Məktəb açmağın yeni xərcini, o cümlədən yeni bina tikməyi, tikilənə qədər isə tədris binası, gəlmə müəllimlərin isə mənzil ilə, yanacaq ilə təmin edilməsini öz öhdələrinə götürmüşlər.
Basqalda məktəbin açılması böyük sevincə səbəb olmuşdur. Açılışda iştirak edən rəsmi və nüfuzlu şəxslər sırasında gələcəyin məşhur pedaqoqu Rəşidbəy Əfəndiyev də var idi. O zaman 24 yaşı olan gənc pedaqoq, yazıçı, etnoqraf Qori Seminariyasını və Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunu bitirmişdi. O, çıxış edərək məktəbin faydasını izah etmişdir. (Sirkulyar KUO, № 10, səh. 124, 1887-ci il).
Rəşidbəy Əfəndiyev irad etdiyi nitqində demişdir: “Əziz atalar və babalar! Sizi çox vacib və həqiqətən çox faydalı işin başlanması münasibəti ilə təbrik edirəm. Sizin pulunuzla açılan bu məktəb uşaqlarınızın burada aldığı elm, bilik, əməksevərlik və düzgünlüyü heç vaxt, heç kəs onlardan ala bilməz. Uşaqlarınız məktəbdə təlim almaqla əməyə və intizama alışaraq nəyin düz, nəyin əyri olması haqqında təsəvvürə malik olacaqlar. Onlar məktəbi bitirdikdən sonra yaxşı işçi və təsərrüfatçı olacaqlar” (“Kafkaz” qəzeti №135, 1887-ci il ).
Qəza mərkəzindən göndərilən rəsmi şəxslər və yerli əhalinin nümayəndələri siyahıda olan 20 nəfər şagirdi də məktəbin açılışı münasibəti ilə təbrik edib onlara Allahdan uğur dilədilər.
Rəşidbəy Əfəndiyev iki sinifli məktəbdə dərs deyəcək müəllimləri – Qori Seminariyasının məzunu, anası basqallı, atası Gəncəli olan Məmmədəli Nəsibzadəni və Şamaxıda “Üsuli-cədid” məktəbini bitirmiş Xaliq Fətəlizadəni əhaliyə təqdim etdi.
Dərslərə elə açılışın ertəsi günü yuxarı məscidin həyətindəki ikimərtəbəli yaraşıqlı hücrənin üst mərtəbəsində başlandı.
Şərəfli keçmişimizdən: 126 yaşlı Basqal məktəbi
1975-ci ilin yanvar ayında baş vermiş yanğın zamanı məscid binası və hücrə yanaraq külə dönmüş, lakin möcüzəvi təsadüf nəticəsində ictimaiyyət üçün qiymətli olan bir yığın sənəd dəmir mücrüdə salamat qalmışdır. 1898-1899-cu dərs ili üçün tərtib edilmiş tədris planına Azərbaycan, rus, fars və ərəb dilləri, hesab, rəsm daxil olub.
Məktəbdə təhsil müddəti əvvəlcə 4 il, 1916-1917-ci dərs ilindən isə 7 il olmuşdur.
Əldə edilən sənədlərdəki statistik rəqəmlərdən məlum olur ki, əvvəllər ata-analar uşaqlarını məktəbədə bir qədər həvəssiz verirdilər. Lakin vaxt keçdikcə təlimə həvəs gücləndi, əhali təhsilin əhəmiyyətini daha aydın dərk etməyə başladı. Əsrin əvvəllərində Basqal “Zemstvo” məktəbində 55-60 şagird oxumuşdur. Məktəbi bitirənlər Azərbaycan, rus və fars dillərində sərbəst yazır, oxuyur və danışırdı.
1894-cü ildə məktəbin müəllimləri Basqalın varlı zümrəsi və ziyalıları ilə birlikdə Rusiya Xalq Maarif Nazirliyinin Bakıdakı nümayəndəliyinə xahiş ərizəsi ilə müraciət etmiş və məktəb binası tikilməsi üçün vəsaitin bir hissəsini öz öhdələrinə götürmüşlər.
1895-1897-ci illər ərzində Dəmirçibazar məhəlləsinin nisbətən geniş sahəsində 8 hündür, işıqlı sinif otağından ibarət məktəb binası inşa edildi. Döşəmədən tavana qədər hündürlüyü olan slindirik divar sobalarından, enli, uca, yaraşıqlı, qapı-pəncərələrin quruluş üslubundan məlum olurdu ki, binanı yüksək ixtisaslı rus mühəndisləri layihələşdirib. İçərisi odadavamlı kərpiclə hörülmüş dəmir sobalar bütün sinif otaqlarında dəhlizdən yandırıldığından içəridə heç vaxt tüstü olmazdı. Təəssüf ki, 1987-ci ildə qəsəbədən xeyli uzaqda, maşınların intensiv işlədiyi, həmişə təhlükə gözlənilən yolun kənarında yeni məktəb binası istifadəyə veriləndən sonra qoynunda övladlar yetişdirmiş, hələ on illərlə də belə möhtəşəm, nəcib işə xidmət edə bilən həmin məbəd xaosun qurbanı oldu-söküldü, daşındı, izsiz yox oldu.
Tanınmış maarifçi, Basqalda ilk məktəb müdiri olmuş Məmmədəli Nəsibzadədən başlamış bu tədris ocağının hazırda 126 yaşı var. Xalqımızın ictimai fikir tarixində, tərəqqisində, milli ziyalılar hazırlanmasında Basqal məktəbi müstəsna rol oynamışdır.
Azərbaycanın əməkdar müəllimi kimi şərəfli ada layiq görülmüş Ağarəzi Qasımxanlı 1902-ci ildən 1933-cü ilə kimi doğma Basqal məktəbində müəllimlik etmişdir.
Ağarəzi Qasımxanlı gözəl maarifçi, dərin təfəkkürə, biliyə malik olan bir insan idi. Xalqın elmlənməsinə fizika-riyaziyyat elmləri namizədi Bakı Dövlət Universitetinin dosenti Fətəli Qasımxanlı, Böyük Vətən müharibəsi Qəhrəmanı Kamal Qasımova və başqa layiqli övladlar vermiş bu nüfuzlu insana “xan”, “bəy”, “seyid” sözləri qorxulu atribut kimi vahimə saçanda belə, ona hamı xan nəslindən olduğu üçün “Ağarəzi xan” kimi müraciət edirdi.

Ağarəzi Qasımxanlının çox ustalıqla təşkil etdiyi tədrisin əyaniliyi üsulu, şagirdlərin proqram materiallarını şüurlu sürətdə mənimsəmələri üçün imkan yaradırdı. Xarakter bütövlüyü, idarəetmə bacarığı, ictimai fəallığı, peşə vurğunluğu, dərin müşahidə qabiliyyəti, tələbkarlığı A.Qasımxanlının çoxşaxəli fəaliyyət göstərməsinə, səmərəli işləməsinə təkan vermişdi. Xalq ona inanır, ona bir paklıq mücəssəməsi kimi etibar edir, çətinliklərinin həlli üçün həmişə ondan məsləhət alırdı. Xalq yazıçısı Ə.Əbülhəsən 1913-1918-ci illərdə Ağarəzi xanın dərs dediyi siniflərdə oxumuşdur. Yazıçı onun nurlu obrazını özünün “Dünya qopur” romanındakı Nəcmi müəllim surətində təsvir etmişdir.
Keçən əsrin 20-30-cu illərində Basqal məktəbində rus dilindən dərs demiş, Qori Müəllimlər Seminariyasını bitirmiş İsgəndər bəy Səfərəlibəyov öz mənəvi gücü, biliyi, bacarığı və həyat eşqi, yaradıcılıq əzmi ilə gələcəyimiz olan uşaqların ağlına, varlığına, qəlbinə işıq verir, zəka ocağı yandırırdı. Onun qardaşı, tanınmış tibb alimi, professor Mehdi bəy Səfəriləbəyov da Basqalın o vaxtki ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Bu nəcib ailədən bir çox məşhur elm və mədəniyyət xadimi öz həyatlarını doğma xalqına xidmətə həsr etmişdir. İstedadlı televiziya rejissoru İsmət Səfərəlibəyov da İskəndər bəyin qardaşı oğludur.
İskəndər bəyi həmyerlilərindən uzun illər ayırsa da, bu cəfakeş insanın uşaqlara xitabən dediyi mənalı sözlər indi də tez-tez xatırlanır: “Mən müəlliməm. Müəllim isə sanki neftsatandır. Kim zəhmətilə o neftdən alıb çırağına töksə, həm özü mənfəətdar olacaq, həm də başqaları ondan ziyalanacaq.
Çox kədərli haldır ki, bütün qüvvəsini xalqının maariflənməsinə həsr etmiş bu vətənpərvər insan əssazsız ittihamla “xalq düşməni” kimi 1937-ci ilin bədnam represiyasının qurbanı olmuşdur.
Şərəfli keçmişimizdən: 126 yaşlı Basqal məktəbi
Tarixə xalq müəlliminin nümunəsi kimi daxil olmuş, müəllimlik sənətinin vurğunu olmuş, böyüyən nəslə bilik verməyi öz qarşılarına ali məqsəd kimi qoymuş, özlərini millət yolunda şam kimi əritmiş Rəfi Əliyev, Saleh Mustafayev, Turə Hüseynova, Saleh Əfəndiyev, Dəmir Nəzirov , Qüdrət Soltanov, Əziz Hüseynov, Aza Məmmədova, Ağaələkbər Ələkbərov, Əlicabbar Novruzov, Kimyə Novruzova və onlarla başqa təhsil mücahidlərinin hər biri bir tarixi şəxsiyyət, hər biri bir yorulmaq bilməyən sənətkar, ustad olmuşlar.
Dövlət məktəbinin təşəkkülündən bəhs edərkən Basqalda ruhani təhsilin əhalinin savadlanmasında, mənəvi inkişafında böyük rol oynamasından da danışmamaq mümkün deyil. Uzun ömür sürmüş, XIX əsrin axırları, XX əsrin əvvəllərində Basqal mədrəsəsində dərs demiş Məşədi Əlibala Əzizov öz həmyerliləri Axund Əhmədin, Axund Dadaşın yazılarına istinad edib danışırdı ki, Basqalda hələ XI-XII əsrlərdə ruhani məktəbləri mövcud olub. XIX əsrdə Basqal mədrəsələrində orta ruhani təhsili almış onlarla gənc müqəddəs Nəcəfül-Əşrəf şəhərində uğurla ali dini təhsil alaraq Azərbaycanın müxtəlif şəhərlərində dini fəaliyyətlə məşğul olmuşlar.
Əldə edilmiş sənədlərdən məlum olur ki, uşağın ruhani məktəbinə qəbul yaşı 7-8 yaş hesab edilirdi. Ata uşağı məktəbə gətirər və “Əti sənin, sümüyü mənim” deyərdi. “Rəhmət atana” deyən molla ilə ata arasındakı razılığı uşaq sonralar başa düşərdi.
Şagirdlər hərflərlə tanış olmazdan əvvəl mexaniki olaraq dua əzbərləyirdilər. Sonra əlifba ilə tanışlıq başlayırdı. Əlifba təlimi qurtardıqdan sonra Quranın oxunmasına başlanırdı. “Quranı avazla oxuyurlar, avazla qulaq asırlar və hörmətlə də başa düşürlər (“Kavkaz” qəzeti -1882-ci il).
Quran keçildikdən sonra fars ədəbiyyatı ilə tanışlıq başlayırdı. Fars dili özünün gözəlliyi və zənginliyi ilə Şərqdə şeriyyət dili hesab edilirdi. Şagirdlərə Füzulinin, Hafizin, Sədinin fars dilində şeirlərindən nümunələr öyrədilirdi.
Dövlət məktəbinin açılması heç də ruhani təhsilinin əhəmiyyətini kölgədə qoymamış, Sovet hakimiyyətinin ilk illərinə kimi Basqalda mədrəsə fəaliyyət göstərmişdir.
Uzun, çətin, şərəfli yol keçmiş Basqal qəsəbə tam orta məktəbi öz yetirmələri ilə fəxr edir. Respublikanın bir çox dövlət, elm, mədəniyyət xadimlərinin əsaslı bilik, həyat vəsiqəsi aldıqlarına görə doğma məktəblərinə və sevimli müəllimlərinə minnətdar olduqlarını bildirirlər.
Miryavər Hüseynov

Şərh Yaz