Düşünmə dərin, kişi

Düşünmə dərin, kişi
Ayağını isti saxla, başını sərin kişi,
Yeməyinə fikir ver, düşünmə dərin, kişi.

Bir stuldan ötəri min fitnədən keçmisən
İlıq hamam suyuyla dostlarını seçmisən.
Danlağı tərif bilib, süd yerinə içmisən,
Sanırsan ki, biçilmiş boyuna yerin, kişi,
Yamanca dönmüsən sən quluna şərin, kişi.

Sözünə baxmır daha tapşırıq verdiklərin,
Topa iynə gəzdirir cibinə girdiklərin.
Kəsilmiş o ağaclar, yox daha gördüklərin,
Xeyri yox, eyləsən də dilini şirin, kişi,
Haqqı sev ki, gəlməsin gözündən irin, kişi.

Köhnə palan içini açdıransan, sökənsən,
Sənə çəp baxanların torbasını tikənsən.
Gülüb güləm deyirsən, əməllicə tikansan,
Çaqqallar yeyə bilməz payını şirin, kişi
Birini sən özün ye, nəzir ver birin, kişi.

Bölgü harda getsə də, sənin ayrı payın var,
Bir gün təftiş başlasa, olacaqsan günahkar.
Üzbəsurət söyürlər, qulaqların olur kar,
Ölsən, odun sönərdi, olardın sərin, kişi,
Arvad bezib əlindən sənin tək ərin, kişi
Gülər Əmirli

Şərh Yaz