Dağ kəndləri: günün reallığı Tağlabiyanda bir gün

Rayonumuzun qədim dağ kəndlərindən olan Tağlabiyana bu qəfil gediş, kəndlə ətraflı tanışlıq “İsmayıllı xəbərləri” qəzetinin 30 aprel 2013-cü il tarixli sayında dərc olunmuş “Dağ kəndi: Bu günün və sabahın qayğıları” yazısını bir daha mənə xatırlatdı.
Təbii gözəllikləri ilə seçilən Tağlabiyana çox-çox illər öncəsi – təqribən ötən əsrin 80-ci illərində, dədə Şamilin sağlığında getmişdim. Elə dədə Şamildən yazı yazmağa. O gedişdən, ö görüşdən və o yazıdan yaddaşımda çox şeylər qaldı: aşığın maraqlı söhbətləri və bir də qocalığa, xəstəliyə etirazla dolu mahnısından bir beyt çökdü yaddaşıma:
Üzü bəri baxan dağlar,
Mənim sizdə nəyim qaldı?!.

Dağ kəndləri: günün reallığı Tağlabiyanda bir gün
Dağ kəndləri: günün reallığı
Tağlabiyanda bir gün

Dağ kəndləri: günün reallığı Tağlabiyanda bir gün
Rayonumuzun qədim dağ kəndlərindən olan Tağlabiyana bu qəfil gediş, kəndlə ətraflı tanışlıq “İsmayıllı xəbərləri” qəzetinin 30 aprel 2013-cü il tarixli sayında dərc olunmuş “Dağ kəndi: Bu günün və sabahın qayğıları” yazısını bir daha mənə xatırlatdı.
Təbii gözəllikləri ilə seçilən Tağlabiyana çox-çox illər öncəsi – təqribən ötən əsrin 80-ci illərində, dədə Şamilin sağlığında getmişdim. Elə dədə Şamildən yazı yazmağa. O gedişdən, ö görüşdən və o yazıdan yaddaşımda çox şeylər qaldı: aşığın maraqlı söhbətləri və bir də qocalığa, xəstəliyə etirazla dolu mahnısından bir beyt çökdü yaddaşıma:
Üzü bəri baxan dağlar,
Mənim sizdə nəyim qaldı?!.
Heç yadımdan çıxmaz, aşıq oxuduqca qəribə nəzərlərlə açıq eyvandan əl uzatsan çatacaq qədər yaxın görünən Fit dağına, azca yuxarıda sinəsini qabardıb vüqarla dayanan Niyal dağına heyrətlə baxırdım və düşünürdüm: 85 yaşlı aşıq bu dağlaradan daha nə istəyir, gününü görüb, dövranını sürüb. O zaman gənc idim və təbii ki, Dədə Şamilin istəyini anlaya bilməzdim. Tağlabiyana ikinci dəfə illər sonrası bu ilin may ayında getdim və eyni əzəmətlə, eyni qürurla duruş tutan həmin dağları görəndə, o an Dədə Şamili xatırladım. Dağlara müraciət isə artıq öz içimdən gəldi, yaş işini gördü. Sən demə, insan əllini adlayandan sonra qeyri-ixtiyari keçdiyi cığırdan da, qoxladığı güldən də, dünyanın gəliş-gedişini milyon illərdir beləcə seyr edən dağlardan da bu dünyada nəyi qaldığını, iz qoyub-qoymadığını sorurmuş. Nə biləydim… və illər sonrası illər öncəki düşüncələrimçün peşimançılıq hissi keçirdim. Amma nə fayda… Daha nə Dədə Şamil var, nə də dağlarda əks səda verən sazın səsi.
[Dağ kəndləri: günün reallığı Tağlabiyanda bir gün
Tağlabiyanın girəcəyindəki ilk evin – Tağlabiyan kənd məktəbinin müəllimi Mirzalı Salmanovun müasir görkəmli, milli ab-havalı evində, soyumasın deyə elə hey köz salınan və aramsız dızıldayan samovarın ləzzətli çayından içə-içə qeyri-ixtiyari bütün bunlar yaddaşımdan gəlib keçdi. Sovet dövründə bu kənddə təşkil olunmuş kolxoz “26 Bakı komissarı” adlanırdı və kənd, kolxoz balaca olsa da, uğurları böyük idi: faizlə verilən statistik cədvəllərdə ikinci, üçüncü yerlərdə qərar tutardı. Düşüncələrimi Mirzalı müəllimlə bölüşürəm və… elə ilk cümlələrdən anlayıram ki, qarşımda sadə bir insan, adi bir kənd müəllimi yox, qanıyla, canıyla Ümummilli lider Heydər Əliyev demiş, Azərbaycanlı olması ilə fəxr etməyi bacaran əsil bir Azərbaycan vətəndaşı var və onun vətəndaşlığı doğulub boya-başa çatdığı, fəxr etdiyi bu balaca dağ kəndindən başlayır… Bunu təkcə Mirzalı müəllimin sözlərindən, sözlərdəki vurğudan yox, üzündən əskik olmayan məmnunluq ifadəsindən də çox asanlıqla anlamaq olurdu.
-Bizim Tağlabiyan rayon mərkəzindən 40 km şərqdə Niyaldağ silsiləsinin ətəyində yerləşir, əhalisi 242 nəfərdir. 1886-cı ildə çar Rusiyası tərəfindən aparılan siyahıyaalmada isə kəndimizdə 34 ailə və 360 nəfər adam olub. Əhali artmaq əvəzinə niyə azalıb, bunun səbəbi söhbətin gedişində aydın olacaq, ona görə indi xırdalamıram.
Arxasını Niyal dağına söykəmiş, axarlı-baxarlı bu kiçik kəndimiz hər fəsildə gözəldir. Basqal qəsəbəsindən yuxarı gələnlər nə qədər yorulsalar da, bu təpəyə qalxıb ətrafa baxanda bütün yorğunluqları çıxır. Kəndimizin sakinləri türk mənşəlidirlər. Mənbələrdə Tağlabiyan yazılış formasına çox təsadüf olunur. Tədqiqatçıların fikrincə toponim sözündə tağla (Azərbaycanın qədim təklə tayfasının adının tələffüzündə təhrif edilmiş forması) və biyan (bitki adından) ibarətdir. Biyan sözünün bəzı şivələrdə çöl mənası da var. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. İcra nümayəndəliyi kimi Tağlabiyan, Kəlfərəc və Mücü kəndlərini əhatə edir.
Kəndin qədim tarixini bu gün də tədqiqatçı yolu gözləyən neçə-neçə qəbiristanlıq və XIX əsrdə tikilmiş məscid təsdiq edir. Bu məscid Aşağı Ərəgit, İsmayıllı kənd, Diyallı, Topçu, Mican kəndlərindəki məscidlərlə eyni tarixə malikdir. Həmçinin qəbristanlıqdakı daş kitabələr qədim dövrə təsadüf edir. Eşitdiyimə görə, bu kənddən Həcc və Məşhədi ziyarətlərinə Hacı Ədil, Hacı Salman, Məşədi Həmid, Məşədi Səlim, Məşədi Abuzər və b. gedənlər olub.
Kommunist partiyası dövründə məscidlərə yanaşmaq nədi, məscid adı çəkmək belə yasaq idi. O dövrdə kolxoza rəhmətlik Simran Əsədov rəhbərlik edirdi, çox yaxşı da işləyirdi. Simran müəllim sədr işlədiyi illərdə bizim 26-lar kolxozu rayonda ikinci, ya üçüncü yerdə olardı. Çox təəssübkeş insan idi, kəndin hər daşının, hər qarış torpağının qədrini bilirdi. O zaman kəndin məscidi hələ dururdu, amma çox bərbad halda idi. Simran müəllim fənd işlədərək məscidi kolxoz anbarı adı ilə təmir etdirdi və bir tarixi abidə kimi qoruyub saxladı. İki il öncyə kimi həmin məscid binası qalırdı. Hazırda belə gözəl bir memarlıq abidəsi yoxdur. İndi onun bərpası çox çətindir, bir tək minarəsi qalıb, sanki haray çəkib insanlardan imdad diləyir. Əlbəttə ki, imdada ilk elə biz tağlabiyanlılar çatmalı idik, ancaq… Simran müəllim bu kənd üçün çox işlər görüb. Onun rəhbərliyi ilə 60-70-ci illərdə kənddə demək olar kı, bütün inzibati binalar tikilmişdi: kolxoz idarəsi, kənd soveti, tibb məntəqəsi, kitabxana, mağaza – hamısı xüsusi binada yerləşirdı. Kənd kitabxanasında çox dəyərli kitablar var idi. Tağlabiyan və Kəlfərəc kəndlərinin oxucuları sıx əlaqə saxlayırdılar. Çox təəssüflər olsun ki, bu gün nə kolxozun inzibati binası qalıb, nə tibb məntəqəsi, nə də kitabxanası. Kənd İcra nümayəndəliyinin, bələdiyyənin inzibati binası belə yoxdur. Kəlfərəc və Mücü kəndlərində də elə. Bu kəndlər ibtidai məktəbə belə həsrətdirlər, nəinki kitabxana, tibb məntəqəsi olsun.
Qısa haşiyə: Bir az əvvəl küçədə rastlaşdığımız və kənd adamlarına xas bir səmimiyyətlə bizimlə görüşən qadını – Sayad Comərdovanı xatırlayıram, “təhsilli kitabxanaçıyam, texnikum bitirmişəm, kənd kitabxanasında işləyirdim, sonra niyəsə kitabxananı bağladılar, qaldım işsiz, ailəm, övladım da yoxdur, indi hər gün bu qədər yolu Basqala gedib gəlirəm, aparıb qatıqdan, süddən, yumurtadan satıram ki, çörək pulum olsun. Hələ təqaüd yaşım da çatmayıb!”
Mirzalı müəllimlə söhbətimizi davam etdirik:
– Kənd əhalisinin öz təşəbbüsü ilə indi hər bir həyətə su çəkilib, müəyyən qədər insanlar mədəni yaşayış tərzinə, abadlığa səy göstərir. Lakin bir vaxtlar qaynar həyat tərzi olan kənddə indi bir süstlük, ətalət var, xüsusən payız-qış aylarında. Kəndin girəcəyində bir vaxt sıra ilə tikilmiş yaraşıqlı binalar uçub dağılır. İlk baxışda bir miskinlik, baxımsızlıq, ürək sıxıntısı ilə üzləşməlı olursan. Nə yaxşı ki məktəb fəaliyyət göstərir, qorunub saxlanır. Bizim Tağlabiyan məktəbi 1947-ci ildən ibtidai, 1955-ci ildən isə yeddiillik məktəb kimi fəaliyyət göstərib, indi isə ümumi orta məktəbdir və məktəbin məzunu, şəhid Rafael Məmmədovun adını daşıyır. Neçə illər əvvəl kənd məktəbimizin binası tamam yanmışdı, onda çox qorxmuşduq, fikirləşirdik ki, bunu bəhanə edib məktəbi də bağlayarlar. O vaxt məktəbin direktoru Simran müəllimin oğlu Hümbət müəllim idi. Sağ olsun, təşkilatçılıqda elə atasına çəkib, imkan vermədi məktəbin binasını təmir etdirdi, bu gün də məktəb elə həmin binadadır.

Kənddə bulaqlar kürəbəndlərlə çəkilib. ”İsitmə”, ”Kələxanı”, ”Bəybulağı” kənd camaatını kifayət qədər su ilə təmin edir. Bağlar, bostanlar, əkinlər yalnız dəmyə şəraitində insanlara xidmət edir. Lakin indi torpaqlar kollaşıb, öz gözəlliyini itirib, istifadəsiz qalıb. Kəndin meyvələri, bostan bitkiləri, tərəvəzləri Şamaxı, Ağsu, Kürdəmir və s. rayonlarda adla tanınardı. Kənddə lətənz, gilərzeyi, cıraxanı, kürdükü, sini, mollaşabı və digər alma, armud növləri yetişir.
Kəndi axar-baxarlı edən Niyal dağı, Fit dağı, Şərnəki meşəsi təbiəti seyr edənlərə zövq verir. Bir vaxtlar gənclər, müəllim və şagirdlər bu dağlara ekskursiyaya gedər, istirahəti bu yerlərdə keçirərdilər. Kənd camaatı da, kəndə gələn qonaqlar da Fit dağında Mustafa xanın qalasını hökmən ziyarət edərdilər. Ziyarət deyirəm ona görə ki, ululardan əmanət, yadigar qalmış hər şey müqəddəsdir, ziyarətgahdır.
Kolxoz birgə təsərrüfat idi. İnsanların həyat tərzi indikinə nisbətən yüksək idi. Belə ki, kənddə maldarlıq, meyvəçilik əkinçilik yaxşı inkişaf edirdi. Basqal qəsəbəsində meyvə tədarükü məntəqəsi, süd məhsullarının qəbulu və s. bu kimi məntəqələr fəaliyyət göstərirdi. Kənd adamları əldə etdiyi meyvəni məntəqəyə, yaxın məsafədə təhvil verib qazanc əldə edirdi. Kəndin yabanı meyvə və giləmeyvəsi belə insanların köməyinə çatırdı. Birgə təsərrüfat faydalı idi. Hazırda tək-tək adamlar əkin-biçin işini təşkil edə bilmir. Nə dağda, nə də Minkə ərazisində kəndin torpaqlarından səmərəli istifadə olunmur. Bu gördüyünüz düzlərin hamısında taxıl əkilirdi, gübrəsiz-filansız yüksək məhsuldarlıq olurdu. İndi torpağın yiyəsi özümüzük, ancaq tam mənası ilə faydalana bilmirik. Şəhərin yüksək yaşayış tərzi insanları kənddən üz döndərməyə sövq edir. Bəzən də qınaya bilmirsən onları. Bir təzyiq ölçdürmək, bir iynə vurdurmaqdan ötəri 40 kilometr yolu rayona getməli olursansa, oğul-uşağa necə getmə deyəsən?! Necə, nə ilə yoluna sədd çəkəsən?! Bu səddi ancaq dövlət çəkə bilər. İnanın ki, belə getsə bu cür gözəl kəndlərimiz sürətlə boşalacaq. İndi bildiz niyə əhalimiz artmaq əvəzinə azalır? Qabaq bir toyda şəhərdə yaşayan, kəndə qonaq kimi gəlmiş tağlabiyanlılar “Kəndimiz” mahnısını sifariş verib oynadılar. Dözmədim, dedim kənd sevginizi qol götürüb oynamaqla yox, kəndinizdə yaşayaraq sübut edin, bağlı qapıların qıfılını açmaqla, kol-kos basmış torpaqlarımıza yeni həyat verməklə sübut edin, kəndə şəhər həyatını gətirən sizlər olmaqla sübut edin. İncidilər məndən, bu gün də düşünürəm ki, görəsən, hansımız haqlıyıq. Nə isə…
Sükut xeyli çəkir, Mirzalı müəllim nəzərlərini ovçu kimi də, kəndini sevən biri kimi də qarış-qarış gəzdiyi dağlarda, meşələrdə gəzdirərək təskinlik tapır və elə təskinlik üçün də söhbəti dəyişir:
-Rayonumuzun kəndlərində erməni vəhşiliklərinin qurbanlarının dəqiq sayı məlum olmasa da onların sayı minlərlə olmuşdur. Tağlabiyan kəndindən isə 36 nəfər qətlə yetirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ermənilərin törətdiyi soyqırımı araşdırmaq üçün yaratdığı Fövqəladə İstintaq Komissiyasının Şamaxı qəzasına aid tərtib etdiyi protokolda da bu, öz əksini tapıb. Bizim kəndin, eləcə də aşağı kəndlərin əhalisi o zaman Niyaldan Lahıca keçib canlarını ermənidən qurtara biliblər, yoxsa daha çox insan qırılarmış.
Dağ kəndləri: günün reallığı Tağlabiyanda bir gün
Mirzalı müəllimin oğlu Elvinin sayəsində haqqında eşitdiyimiz yerləri, Qızıl təpəni, Şərnəki meşəsini, burada Mirzalı müəllimin təşəbbüsü ilə salınmış “Komsomol” bağını gəzmək, Niyaldağın ətəyinə qədər getmək də nəsibimiz olur. Kəlfərəcə gedib Əsmər müəllimənin qonağı oluruq, yaşı 100-ü haqlamaqda olan Səkinə nənə ilə söhbət edirik. Hərf belə tanımayan Səkinə nənə bizə dastan danışır, bayatı çağırır, nağılı andıran ömür kitabını çözələyir.
Gəzməyə, görməyə dəyən bu yerlər – Vətənin, Azərbaycanın bu bir parçası ürəyimdə bir dünya xoş təəssürat oyadır. Baxmayaraq ki, yolları daşlı-kəsəkli kənd yoludur, baxmayaraq ki, düzləri əkinçi əlinə həsrət qalıb, baxmayaraq ki, əhalisinin sayı artmaq əvəzinə azalır, bədbin olmuram. Çünki bu kənd bizimdir, bu dağlar bizimdir, bu Vətən bizimdir və o hər halı ilə gözəldir. Və ən əsası dağ vüqarlı bu insanları ilə. Onlar qoymazlar, qıymazlar bu kəndləri yetim qalmağa. Gedənlər gələcək, qalanlar artacaq, törəyəcək, o bağlı qapıların qıfılı pas atmadan açılacaq. Bəlkə elə lap Mirzalı müəllimin arzuladığı kimi, Tağlabiyan respublikanın ən yaxşı bir turist ünvanı olacaq, bu dağlara kanat körpülərlə əl, ün yetəcək, Fit qalasının, Niyalın əsrlik sükutunu turist axınları pozacaq. Kim bilir?!
Ancaq hər halda bu ümidlərin reallıq ola bilməsi üçün, dağ kəndlərimizin belə sürətlə boşalmaması üçün hərəkətə keçilməlidir. Onsuz da bu sahədə çox vaxt və sayagəlməz imkan itkisi olub. Söhbət ondan getmir ki, şəhəri kəndə gətirək, yox, əsla. Kənddə rahat yaşayış üçün şərait yaradılmasına nə söz, bunu ki, etmək olar. Niyə hər kəndimizə rahat, asfalt yol çəkilməsin? Niyə kəndlərimizə hər növ minik maşınları gedə bilməsin?! Niyə Elvin və həmkəndliləri, digər kəndlərin cavanları ürəkləri istəyən maşın yox, məhz “Niva” sürməlidirlər? Niyə hər kənddə qaz, kitabxana, məktəb, tibb məntəqəsi, lap elə internet olmasın?! Niyə?.. Niyə?..
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun bir rayon rəhbəri kimi, qarşıya qoyduğu ən böyük məqsədlərdən biri dağ kəndlərinin inkişaf etdirilməsidir. Bundan yəqin ki, Tağlabiyan da faydalanacaq, yetər ki, Mirzalı müəllim kimi kəndini, torpağını sevən insanlar da bu işdə əlbirliyi, el birliyi göstərsinlər. Bax onda dağ kəndlərinin özünün yox, adının qalmasına səbəb olan sadaladığımız və sadalamadığımız problemlər nisbətən tez və asan həll olunar, kəndlərimizin işığı daha gur yanar.
P.S. İyunun 18-də Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun sədrliyi ilə müşavirə keçirilmişdir. Müşavirədə kəndlərin sosial problemlərinin həlli məsələsi müzakirə olunmuşdur. Müşavirə iştirakçıları Mirdaməd Sadıqovun İsmayıllının kəndlərində bir sıra sosial obyektlərin, o cümlədən kitabxana və tibb məntəqəsi açılması barədə Azərbaycan Respublikasının baş naziri Artur Rasizadəyə ünvanladığı məktub və məktuba verilmiş müsbət cavabla tanış olmuşlar.
Beləliklə, ümidlər doğrulur…
Lətifə Əliyeva,
Azərbaycan Jurnalistlər birliyinin üzvü

Şərh Yaz