Yaddas kitabcasi

Gəlmişəm

Gəlmişəm
Ən müqəddəs bir insanı anıb mən,
Doğma yurda, ocağıma gəlmişəm.
Valideyni qibləgahım sanıb mən,
Ana yurdum, qucağına gəlmişəm.

Bu torpaqda doğulmuşam anadan,
Bu yerlərə ayna tutub yaradan.
Gör bir gəlir qonaqları haradan,
Bu yerləri xalis cənnət bilmişəm.

Hava təmiz, əsən sərin mehə bax,
Girdimanda axıb gedən selə bax.
Hər yan gözəl, elə seyr et, elə bax,
Gözəlliyə, vallah, heyran qalmışam.

Gül-çiçək içində mənzərə hər yan,
Hər gülün özü də yüz dərdə dərman.
Sanki kimsə deyir: tələsmə, dayan,
Məftun olub mən xəyala dalmışam.

Vətənimdir ən müqəddəs bir ocaq,
Doğma kəndim, doğma yurdum, üzün ağ.
Könlüm hələ neçə nəğmə yazacaq,
İlhamımı bu yerlərdən almışam.

Nizami Girdimançaylı

Şərh Yaz