Müqavilə imzalanacaq


Yaponiyanın İto və Azərbaycanın İsmayıllı şəhərləri arasında qardaşlaşma müqaviləsi imzalanacaqdır. Bu müqavilə qədim və zəngin mədəniyyətə malik iki xalqın bir-biri ilə daha sıx əməkdaşlığına, dostluğuna xidmət edəcəkdir.
[Müqavilə imzalanacaq
Yaponiyanın İto və Azərbaycanın İsmayıllı şəhərləri arasında qardaşlaşma müqaviləsi imzalanacaqdır. Bu müqavilə qədim və zəngin mədəniyyətə malik iki xalqın bir-biri ilə daha sıx əməkdaşlığına, dostluğuna xidmət edəcəkdir.
Bu sözləri İto şəhərinin Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının prezidenti Fucihiro Ohnuma AzərTAc-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində bildirmişdir.
Hazırda müqavilənin hazırlanma mərhələsində olduğunu diqqətə çatdıran F.Ohnuma qeyd etmişdir ki, bu təklif həm Yaponiyada, həm də Azərbaycanda yaxşı tanınmış “Kosugi Zohen Co. LTD” landşaft dizaynı şirkətinin prezidenti Saki Kosuqi tərəfindən irəli sürülmüşdür: “Xatırladım ki, bu şirkət İsmayıllı şəhərindəki Heydər Əliyev parkında salınmış “Yapon bağı”nın müəllifidir. Həmin bağın açılışında iştirak etmiş Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə işlərin davam etdirilməsinin hər iki xalq üçün səmərəli olacağını bildirmişdir”.
Təklif hər iki ölkənin rəhbərliyi tərəfindən bəyənildikdən sonra bu istiqamətdə müzakirələr aparılmış və müqavilənin hazırlanmasına başlanılmışdır. Məsələ burasındadır ki, öz nadir təbiəti ilə bu şəhərlər bir-birinə çox bənzəyirlər. Təklif irəli sürüldükdən sonra İto şəhərinə səfər edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə rəhbərliklə ilkin danışıqlar aparmış, sonra müvafiq sənədlərin hazırlanmasına başlanılmışdır.
F.Ohnuma daha sonra demişdir: “Yeri gəlmişkən qeyd edim ki, şəhərimizin meri Hiromi Tsukuda da ötən ilin oktyabrında Azərbaycana səfər edərək İsmayıllı şəhərində olmuş, oradan zəngin təəssüratla qayıtmışdı. Səfərdən sonra mer “Şizuoka” qəzetinə verdiyi müsahibədə Azərbaycanla əməkdaşlığa hazır olduğumuzu bildirmişdi. İto şəhər meriyasında müzakirələr aparılmış və cari ilin martında iki şəhər arasında qardaşlaşma müqaviləsinin imzalanması barədə qərar qəbul edilmişdir. Biz İsmayıllı rayon rəhbərliyinin cari il ərzində Yaponiyaya səfər edəcəyini və qardaşlaşma müqaviləsinin imzalanacağını gözləyirik”.
Yaponiya hökumətinin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi diqqət yetiridiyini bildirən F.Ohnuma qeyd etmişdir ki, bundan məqsəd qarşılıqlı mübadilənin təşkili əsasında inkişafın təmin edilməsi, dostluq əlaqələrinin genişləndirilməsidir. Həmin xətti əsas götürən İto şəhər rəhbərliyi də Yaponiyada insanların istirahətinin təşkili ilə bağlı yaxşı ad qazanmış şəhəri beynəlxalq aləmdə tanıtmağa çalışır. “Gözəl təbiəti, isti su mənbələri, okean sahilində yerləşməsi ilə çoxlarının diqqətini cəlb edən İto, fikrimizcə, azərbaycanlı turistlər üçün də yaxşı istirahət yeri olacaqdır. Digər tərəfdən, son illər sürətli inkişafı ilə bütün dünyaya səs salan Azərbaycan da yaponlar üçün çox maraqlı ölkədir və düşünürük ki, bizim də sakinlər sizin vətəninizi, nadir təbiəti ilə seçilən İsmayıllını görməyə can atacaqlar”-yaponiyalı müsahib vurğulamışdır.
Şübhəsiz ki, qardaşlaşma müqaviləsi qədim və zəngin mədəniyyətə malik iki xalqın bir-biri ilə daha sıx əməkdaşlığına xidmət edəcəkdir. F.Ohnuma qeyd etmişdir ki, hər iki xalqın bir-birindən öyrənə və faydalana biləcəyi şeylər çoxdur. İki şəhər arasında gələcəkdə təşkil ediləcək mədəni proqramlar, müxtəlif iqtisadi layihələr, təcrübə mübadiləsi xalqlarımız üçün çox faydalı olacaqdır.
F.Ohnuma vurğulamışdır ki, Azərbaycan-Yaponiya münasibətlərinin tarixində ilk dəfə olaraq İsmayıllı və İto qardaşlaşmış şəhərlər elan ediləcəkdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz