İynəli dördlüklər

İynəli dördlüklər

Gündüz burda yallanır, gecə orda hallanır,
Çoxüzlü, çoxsifətli hara gəldi tullanır.
Xəbərləri satılmır, matahına yox yiyə,
Görürsənmi, umsuğun dodaqları sallanır.
* * * *
Boyu balaca gədə böyük fikrə düşübdü,
Özü batıbdı zığa, niyə məndən küsübdü?
Qoltuğuna veriblər xırdaca bir qarpızı
Əxlaq nərdivanından yamanca sürüşübdü.
* * * *
Qaz yerişi yeriyir, quyruğunda piy artıb,
Bilirsənmi, bu əbləh nə qədər adam satıb?
Cibə girməkdən yana dönüb xırda siçana
Neçə-neçə adamın bostanına daş atıb.
* * * *
Öz xoşuna əl çəkmir, gənə təki yapışıb,
Ömrü boyu bədliyə meyl edib, həm çalışıb.
Artıq onu sayan yox, üzə çıxıb paxırı
Kibritsiz də hər zaman tüstülənib, alışıb.
* * * *
Fikir-xəyal içində nəzər saldım hər yana,
Gördüyüm xəyanətlər sığmaz hesaba, saya
Hamı dedi, danladı, bu geni çürük oğlan
Çəkinib usanmadı, etmədi əsla həya.
* * * *
Külüng, bel də əlində bizə quyu qazırdı,
İnsanlıq dünyasından gen dolanıb azırdı.
Əppək almır əlindən sahibsiz it də indi.
Yeri gəldi-gəlmədi hər gün “donos” yazırdı.

Valeh Salehov

Şərh Yaz