Bir əqidə ilə doğulan

Bir əqidə ilə doğulan

Əziz oxucum, tarixin bu ağlı-qaralı səhifəsində mən daha bir insanı xatırlamaq istəyirəm. Onu yaxından tanıdığıma görə haqqında rahatlıqla yaza bilirəm.
Bu şəxs öz vətəninə, millətinə, məsləkinə sadiq olan Müslüm Rəcəb oğlu Məmmədovdur. 1931-ci ilin martında dəfə dünyaya gözünü açanda Lahıcın ab-havasını udub, ana laylasıyla yanaşı bulaqların zümzüməsi ilk eşitdiyi nəğmə olub, coşqun Girdiman ona mübarizliyi, yorulmazlığı öyrədib, ilk həyat dərsini böyüklərin verdiyi öyüd-nəsihətlərdən alıb.
M.Məmmədov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Sonra Cəlilabad rayonunda məktəbdə tarix müəllimi, xalq maarif şöbəsinin inspektoru işləmişdir. O, dövlət təhlükəsizlik orqanında xidmətə göndərilmiş, Azərbaycan SSR DTK-nin əməkdaşı olmuşdur.
Müslüm müəllim 1962-ci ildə partiya işinə irəli çəkilmişdir. Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin mühazirəçilər qrupuna rəhbərlik etmişdir. Sonra Sov. İKP yanında ictimai Elmlər Akademiyasının aspiranturasında oxumuş, dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. O, MK-nin partiya təşkilat işi şöbəsində inspektor vəzifəsində çalışmışdır. 1969-cu ildə Bakı Şəhər Nəsimi Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir. 1976-cı ildən isə müəllimlik işinə keçirilmiş, M.Ə.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda Sov. İKP tarixi kafedrasının dosenti olmuş, kafedra müdiri vəzifəsini icra etmişdir.
1988-ci ilin avqustundan Müslüm Rəcəb oğlu Məmmədov Azərbaycan SSR Xalq Təhsili Naziri təyin edilmiş, həmin ilin dekabr ayından Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilmişdir.
Bu yorulmaz insan Azərbaycan SSR Ali Sovetinin deputatı və SSRİ xalq deputatı, Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının, Bakı Şəhər Partiya Komitəsinin üzvü seçilmişdir. Onun xidmətləri Qırmızı Əmək Bayrağı Ordeni ilə qiymətləndirilmişdir.
Bir çox adamlardan fərqli olaraq bu fədakar insan zəmanəyə görə əqidəsini dəyişməmiş, vətənin, millətin rifahı naminə bütün ömrünü partiya yoluna həsr edir. O partiyaya sadiq olsa da, partiya bir çoxları kimi ondan da üz döndərir.
Zahirən çox yaraşıqlı və ciddi görkəmi olsa da, görünüşünün əksi olaraq qəlbən həlim, ürəyiyumşaq bir insandır. Onun necə etibarlı olduğuna mən dəfələrlə şahid olmuşam. Anası Rüxsarə xanımın vəfatından sonra işləri ilə bağlı vaxt məhdudiyyətinə baxmayaraq hər cümə axşamı qəbir üstünə getməsi (sanki heç kəsə deyə bilmədiyi dərd-sərini onunla bölüşürmüş kimi dayanıb sükutla baxar ) , bir də doğma Lahıcını unutmamasıdır. Adətən, biz çox görmüşük ki, bir az vəzifə sahibi olan bəzi adamlar artıq öz elinə, obasına xor baxmağa başlayır. Hətta, doğulduğu yurdunu da dananlara az rast gəlməmişik. Amma Müslüm Məmmədov belələrindən olmadı. O, hər dəfə Lahıca gələndə sakinlərlə görüşüb təmasda olur, onların yaşam tərzi ilə maraqlanırdı.
1998-ci ildə onun ürək tutmasından qəfil ölüm xəbəri hamımızı sarsıtdı. Hər zaman böyük enerji ilə, tükənməz sevgi ilə öz xalqına, elinə xidmət edən bu gözəl şəxsiyyətin məzarı qarşısında dayanıb qara mərmərdən mənə baxan şəkli ilə söhbət edirəm. Dünyasını dəyişmiş doğmalarının əhatəsində olsa da bu soyuq mərmərdən mənə boylanan sual dolu baxışları sanki, bu dünyanın faniliyindən, vəfasızlığından danışmaq istəyir. Mən isə deyirəm: ruhunuz şad olsun, Müslüm müəllim. Siz bir əqidə ilə doğuldunuz və o əqidə ilə də bu dünyadan köçdünüz. Yeriniz cənnət olsun.
M.Hacıyeva

Şərh Yaz