Yanğından qoruyaq

Yanğından qoruyaq
Artıq kənd təsərrüfatı işlərinin qızğın dövrü, ot tədarükü, taxıl biçini mövsümü başlayır. Kənd əməkçiləri bu mövsümü zərərsiz başa vurmaq üçün bir sıra tədbirlər həyata keçirməlidirlər. Taxıl tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində yanğın təhlükəsizliyi daim diqqət mərkəzində olmalı, bununla əlaqədar bütün zəruri tədbirlər həyata keçirilməlidir.
Kənd təsərrüfatı məhsullarının yanğından qorunması təkcə yanğından mühafizə orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə çalışan bütün əməkçilərin, mexanizatorların, sürücülərin ümdə vəzifəsi olmalıdır.
Xüsusi olaraq qeyd edək ki, mülkiyyət formasından asılı olmayaraq, hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Ot biçini və taxıl yığımı başlayandan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar.
Taxıl və ot yığımı başlamazdan əvvəl mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat rəhbərləri, biçində iştirak edəcək hər bir şəxs texnikanı yanğına qarşı hazırlamalı, texnikanı ilkin odsöndürmə vasitəsilə tam təmin etməlidirlər. Dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün əmrlə cavabdeh şəxslər təyin olunmalıdır.
Məhsul yığımında iştirak edən traktorçu və kombaynçılar, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi proqram üzrə yanğına qarşı təlimat keçməlidir. Bu proqram üzrə təlimat keçməyən şəxsə məhsul yığımında iştirak etməyə icazə verilməməlidir.
Məhsul yığımında iştirak edən texnikanın hamısı işə mövsüm başlamazdan əvvəl yanğına qarşı texniki müayinədən keçirilməli, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılmalıdır. Məhsul yığımında iştirak edən bütün texnikaların mühərriklərinin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməlidir. Kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır.
Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlama işləri aparılarsa, onda şum traktorları mütləq qığılcımsöndürənlərlə təmin edilməlidir.
Mühərrikin çıxış kollektoruna küləşin, otun düşməsinin qarşısını almaq məqsədi ilə örtüksüz (kapotsuz) və ya açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir.
Mühərriki akkumulyatorla işə salınan kombayn, traktor və özüyeriyən kənd təsərrüfatı texnikalarının akkumulyatorları işlədicilərdən ayıran açarla təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı izolyasiya olunmalı, birləşmə yerləri möhkəm sıxılmalı, eləcə də sürtünmələrdən və mexaniki zədələnmələrdən qorunmalıdır. Naqillər gövdə və iti künclərdən keçən yerlərdə rezin, yaxud plasmas borularla mühafizə olunmalıdır.
Yığımda iştirak edən texnikaların yanğın təhlükəsizliyi tələblərinə uyğun olması hər bir müəssisədə təşkil olunmuş xüsusi komissiya tərəfindən yerli Dövlət Yanğın Nəzarəti orqanı əməkdaşı ilə birgə yoxlanılmalıdır.
Taxıl yığımı və ot tədarükü zamanı kombaynın kənar adam tərəfindən işə salınması, onun yedəyə alınmaqla və yüksəklikdən buraxmaqla işə salınması, kombayna əlavə oturacağın quraşdırılması, yanacaq və yağların sızmasına yol verilməsi, işdən sonra texnikanın sahələrdə saxlanması, kombaynlarda əlavə yanacaq və yağlama materiallarının saxlanması qəti qadağandır.
Meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların araları biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır. Taxıl yetişən zaman cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədilə xüsusi keşikçilər ayrılmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən, xırmanlardan və sair yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda yerləşdirilməlidir.
Tarla düşərgələrində, taxıl xırmanlarında, ot və küləş tayaları yığılan sahələrdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalı və həmin yer ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, eləcə də üzərində “Siqaret çəkmək yeri” yazılmış lövhə asılmalıdır. Digər sahələrdə siqaret çəkmək, açıq oddan istifadə etmək qəti qadağandır.
Biçin aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədi ilə kotanlı traktor olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi onların mühərrikləri söndürüldükdən sonra yanacaqdolduran maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı maşınların yanacaqla doldurulması qəti qadağandır.
Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralıda yerləşdirilməlidir. Xırman sahələri bitki örtüyündən (otdan) mütləq təmizlənməli, ətrafı 4 metr enində şumlanmalıdır.
Bir daha xatırladırıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəf işi olmalıdır. Unutmamalıyıq ki, taxıl bərəkətdir, ruzidir və o, böyük zəhmət hesabına yetişdirilir.
Mehman Məhərrəmov,
Şimal-Qərb Regional DYNİ-nin DYNŞ-nin baş inspektoru, daxili xidmət mayoru

Şərh Yaz