Rayon Təhsil Şöbəsinin Şura iclasında


Rayon Təhsil Şöbəsinin Şura iclasında

1974-cü ildən rayon xalq maarif şöbəsinin, sonralar isə təhsil şöbəsinin şura iclaslarını müşahidə etmişəm. Görməmişəm ki, rayon rəhbərləri burada iştirak etsin. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 18 may 2013-cü il tarixdə rayon təhsil şöbəsinin şura iclasında iştirak edib.
İclasda şagirdlərin olimpiadaların rayon və respublika turlarında iştirakının nəticələri müzakirə olunub. Metodiki kabinetin müdiri Hümbət Əsədov məsələni təqdim edib. Məktəb direktorlarından Aydın Əzizov, Şəmsiyyə Əhmədova, Şəfaqət Rəsulov, Xalid Seyidov, Xurşud Cəfərov rayon təhsil şöbəsinin müdiri Rasim Orucov, Uşaq bağçasının müdiri Qalibə Əsədova və başqaları çıxış ediblər. Təəssüf ki, A.Əzizov, Ş.Rəsulov və Ş.Əhmədovadan savayı kiminsə çıxışında səmərəli təklif, olimpiadaların daha yüksək nəticəli olması üçün yeni fikirlər səslənmədi.
RİH-nin başçısı Mirdaməd Sadıqov çıxışında zəngin təcrübəli təhsil işçisi kimi İsmayıllı təhsilinin dəqiq təhlilini verdi, bu sahədə yeniləşməyə, təkmilləşməyə, müasir düşüncə tərzi əsasında təhsilə rəhbərliyin meyl olmamasını qeyd etdi. İlk nümunə kimi onu göstərdi ki, olimpiadaların nəticələri uzun illərdir ki, eyni formalı, təkrar məzmunlu arayış əsasında müzakirə olunur. fizika, riyaziyyat, kimya, informatika fənləri üzrə Beynəlxalq olimpiadalarda İsmayıllıdan hansısa bir məktəbin şagirdi iştirak etməyib. Ümumiyyətlə, elmi tutumlu fənlərə və sahələrə maraq tərbiyəsinə zəif diqqət yetirilir.
Təhsilin, təlimin idarə olunması təkmilləşməli, binaları müasirləşməli, tədris üçün şərait yaradılmaqla həm də şagirdlərdə yüksək zövq tərbiyə edilməlidir. Ümumtəhsil müəssisələrində kadrların tərkibi yeniləşməlidir. Təhsil işçiləri öz fəaliyyətlərini tənqidi baxımdan təhlil etməli, düzgün nəticəyə gəlməlidirlər. İdeoloji və siyasi işlərdə hər bir təhsil işçisinin, məktəb direktorunun, müəllimin məslək, əqidə mövqeyindən iştirakı olmalıdır.
Məsələlərə tənqidi yanaşma ondan irəli gəlir ki, rayonda bir neçə ay əvvəl gördüyünüz və indi də qismən davam edən mənzərə tezliklə yeni-yeni layihələr əsasında dəyişəcək. Bu yeniləşmədə hər kəsin fəal iştirakına ehtiyac var.
İclasda şərait yaradıldı ki, hər kəs öz fikrimi, təklifini bildirsin, xahişini etsin.
Şura iclasında rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova və rayon ictimai ağsaqqallar birliyinin sədri Fərman Bəşirov iştirak etmişlər.
V.Salehov

Şərh Yaz