Meşələri oddan qoruyaq


Meşələri oddan qoruyaq

Gözəgörünməz mikroorqanizmləri, vəhşi heyvanları, ağac və bitkiləri qoynunda bəsləyən meşələr təbiətin ayrılmaz hissəsi kimi insanların həyat və fəaliyyətində çox böyük əhəmiyyət kəsb edir. Meşələrin təbiətdə ən böyük rolu hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen verməsidir.
Çox təəssüf ki, meşələrə olan laqeyd münasibət, onların ciddi qorunmaması nəticəsində yanğınlar baş verir, nəticədə, təbiətə böyük ziyan dəyir. Bu yanğınların böyük əksəriyyəti insanlar tərəfindən törədilir. İnsanlar yanğın təhlükəsizliyi qaydalarını pozmaqla meşə yanğınlarına yol vermiş olurlar. Xüsusilə qeyd olunmalıdır ki, isinmək, xörək bişirmək üçün qalanmış tonqallar və meşəni tərk edərkən bu tonqalların tam söndürülmədən qoyulması meşə yanğınlarına səbəb olur. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir. Meşələrə sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərə bulaşmış əsgi və digər materialları atmaq olmaz.
Yanğın təhlükəsindən uzaq olmaq üçün meşədə emal edilmiş hazır meşə materialları açıq sahədə müəyyən edilmiş qaydada yığılıb saxlanmalıdır.
Turist istirahət zonaları, gənclər və uşaq təşkilatları tərəfindən dövlət meşə fondu torpaqlarında keçirilən kütləvi tədbirlər zamanı tonqallar yalnız meşə mühafizəsi və bərpası müəssisəsinin icazəsi ilə bu təşkilatın ayırdığı xüsusi yerlərdə qalana bilər. Tullantıların yandırılması da bütün hallarda həmin təşkilat ilə razılaşdırılmalıdır.
Meşədə yanğınların baş verməsinə şərait yaradan əsas səbəblərdən biri tonqallardır. Buna görə də bir sıra təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Tonqal heç bir halda ağacın altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə od qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud da köhnə tonqal yerindən istifadə etmək lazımdır. Tonqal üçün yer ağaclardan xeyli uzaqda hazırlamaq daha münasibdir. Tonqalı söndürüb oranı tərk edən zaman közün üstü torpaqla örtülməlidir. Tonqal heç zaman nəzarətsiz qalmamalıdır. Söndürülərkən tonqalın üstünə su tökülməlidir. Əgər tonqalın içərisində közərən kömür parçaları qalarsa, tonqala yenidən su tökülməlidir.
Meşələrin yanğın təhlükəsizliyini təmin etmək məqsədilə geniş təbliğat işi aparılmalıdır. Yanğına qarşı plakatlardan, reklam işlərindən geniş istifadə olunmalıdır. Meşə ilə əlaqəsi olan bütün müəssisə, təşkilat, idarələrdə, məktəblərdə və əhali arasında yanğın təhlükəsizliyi ilə bağlı izahat işlərinə geniş yer verilməlidir. Meşə ilə həmsərhəd olan yaylaqlarda çobanlar, ov mövsümü zamanı ovçular odla ehtiyatlı olmalı və yanğın baş verərsə, onun söndürülməsi qaydaları barədə maarifləndirilməlidirlər.
Bir daha xatırladırıq ki, hər bir vətəndaş yadda saxlamalıdır ki, insanların həyat və fəaliyyətində mühüm rol oynayan, sözün həqiqi mənasında meşələrin özünün də daim qayğıya ehtiyacı var. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ötürmək hər bir vətəndaşın müqəddəs borcudur.
Mehman Məhərrəmov

Şərh Yaz