Həyat bizə haqdan gəlib

Həyat bizə haqdan gəlib

Həyat bizə haqdan gəlib, solası bir çiçəkdir,
Haqqa bizi nişan verən təmiz qəlb, saf ürəkdir.
Bu dünyada savab işə qovuşmaqdan ötəri,
Ehtiyacı olanlara əl uzatmaq gərəkdir.

Bəxş eləyib tanrı bizə nurlu həyat, yaşayaq,
Nəfsi qovaq içimizdən, əsla həddi aşmayaq.
Allah bizə ömür verib, ruha qida daşıyaq,
Əl tutmaqda, mərhəmətdə öndər bizə örnəkdir.

Varlısansa, lovğalanma, imkansıza əl uzat,
Xeyirxahlıq yolunu tut, olsun qəlbin qoy azad.
Körpü saldır, yol da çəkdir, ruhun üçün qazan ad,
Qoy desinlər: “Kişi oğlu haqq yolunda zirəkdir”.

Dön bir geriyə bəsirətin gözü ilə, özünə bax,
İçindəki şeytanları atəşlərə, odlara yax.
Qapı pusma, qeybət etmə, ürəklərə məlhəm ol, ax,
Razı qalar hər kəsə səndən, deyər haqqa dirəkdir.

Bu dünyada dövlətin çox, varın hədsiz, hüdudsuz,
O dünyaçün heç nəyin yox, qəlbin sönük, duyğusuz.
Davranırsan hər kəs ilə təkəbbürlü, sayğısız,
Kimsə sənə deməyəcək qəlbi təmiz, kövrəkdir.

Maddiyyata hərislərdən çox yaralar almışam,
Yalnız haqqa, ədalətə mən mehrimi salmışam.
Dövlətimin, rəhbərimin mövqeyində qalmışam,
Dualarım yaxşılara alqış, arzu, diləkdir.

Qalınlaşmış ürəklərə çatmaz yetim nəvası,
Mədədədir, kiminçünsə bu dünyanın səfası,
Təmizlənib, saflaşıbdı bu yerlərin havası.
Sən də düzəl, sən də saflaş, vallah, ömür gödəkdir.
S.Valeh

Şərh Yaz