Qələbənin 68-ci ildönümünü qeyd edirik

Qələbənin  68-ci  ildönümünü qeyd edirikMüstəqil Azərbaycan Respublikasının bütün vətəndaşları, müharibə və əmək veteranları Alman faşist işğalçıları üzərində qələbəni hər il təntənə ilə qeyd edirlər. Bu il artıq həmin möhtəşəm qələbədən bizi 68 il ayırır. Biz həmin tarixdən nə qədər uzaqlaşsaq da qanlı-qadalı illərin ağrı-acısını heç cür unuda bilmirik. Qələbə üçün tökülən qanlar, yerlə yeksan olmuş şəhərlər, kəndlər, fabrik və zavodlar yaddaşlardan çıxmır. O zamanlar döyüşlər Azərbaycandan uzaqlarda gedirdi. Buna baxmayaraq, minlərlə azərbaycanlı tərkibində olduğumuz Sovetlərin ümumi vətənini qorumuşdur.
Böyük Vətən müharibəsi keçmiş SSRİ xalqlarının, o cümlədən azərbaycanlıların 1941-1945- ci illərdə faşizmə qarşı apardığı müqəddəs savaş idi. Bu döyüşlərdə Sovetlər birliyində yaşayan bütün millətlər əlinə silah alaraq ümumi düşmənə qarşı vuruşmuşdur.
Gözünü ölüm, qan, ən böyük məhrumiyyətlər qorxutmayan, yorulub taqətdən düşsə də, yenə qələbə uğrunda döyüşən əsgərin də, arxa cəbhədə gecə-gündüz çalışıb ön cəbhəni təmin edən qadın və qocaların da səbirsizliklə gözlədiyi qələbə günündən 68 il ötür. Bu qələbə tək bir ölkənin yox, bəşəriyyətin qəsdinə durmuş – 54 milyon insanın məhvinə, 90 milyondan çox insanın əlil olmasına, onlardan qat-qat artıq talelərin şikəstliyinə səbəb olan faşizmin üzərində bütün tərəqqipərvər dünyanın qələbəsidir.
Sovet İttifaqına hücuma keçməzdən əvvəl faşist Almaniyası Avropada bir sıra dövlətləri işğal etmişdi. Bu ölkələrin resursları Almaniya üçün işləyirdi, silah-sursat istehsalı ən yüksək həddə çatmışdı. Almaniya təpədən-dırnağadək silahlanmışdı, döyüş təcrübəsinə malik əsgər və zabit heyətinə malik idi. Sovetlər İttifaqına hücuma keçməzdən əvvəl faşist Almaniyası yüngül qələbə qazanacağına əmin idi. Lakin Sovet adamlarının beynəlmiləl birliyi onların bu arzusunu alt-üst etdi. SSRİ-yə xaincəsinə hücum edərkən Almaniya ordusunun 5,5 milyon canlı qüvvəsi, 4300 tankı, 24980 hərbi təyyarəsi, 190 döyüş gəmisi, 44200 topu vardı. Faşistlər silah cəbbəxanasına görə həmin dövrün ən modern, təkmil ordusuna malik idilər.
Xalq təsərrüfatını yeni-yeni dirçəldən Sovetlərin ordu təminatı çox zəif idi. Bunun üçün gecə-gündüz işləmək lazım gəlirdi. Bundan öncə, SSRİ-də qanlı represiya dalğaları yenicə ara vermişdi. Bu represiyalarda minlərlə ziyalı, dünya və vətəndaş müharibələrində zəngin təcrübə qazanmış yüksək rütbəli zabitlər antisovet damğası ilə məhv edilmişdi. Bu işdə alman kəşfiyyat orqanlarının da əli olması danılmazdır. Bütün bunlar müharibənin ilk illərində daha qabarıq gözə çarpırdı və ilk ayların məğlubiyyətləri də buradan qaynaqlanırdı.
Təcrübəli ordu komandirlərinin olmaması özünü onda göstərdi ki, müharibənin ilk üç ayında almanlar Moskva ətrafına qədər gəlib çıxa bildilər. Müharibənin bir il altı ayı ərzində SSRİ 11 milyon canlı qüvvə itirdi. Bütün bunlar isə o demək idi ki, Sovet ordusu müharibənin gedişində yenidən formalaşır, həm də döyüşürdü.
Bu möhtəşəm qələbənin əldə edilməsində Azərbaycan xalqının qəhrəman oğul və qızlarının da hünər payı vardır. Arxa cəbhədə göstərilən hünərlər haqqında istənilən qədər söhbət açmaq mümkündür. Cəbhəyə lazım olan yanacağın 70 faizindən çoxunu verən Azərbaycan neftçilərinin əməyindən dastanlar yazılsa belə azdır. Kənd əməkçilərinin cəbhə üçün verdikləri taxıl, ət və digər məhsullar qələbənin qazanılmasında mühüm rol oynamışdır.
1418 gün davam etmiş ikinci dünya müharibəsinin ilk günlərindən ismayıllılardan 40 mindən artıq vətəndaş səfərbər edilərək düşmənlə mübarizəyə göndərildi. Ümumilikdə isə, 700 minə yaxın azərbaycanlı düşmənə qarşı vuruşmuşdur. Onlardan 300 min nəfərdən çoxu döyüş meydanlarında canını qurban vermişdir.
İkinci dünya müharibəsində xalqımızın qəhrəmanlıq tarixinə şanlı səhifələr yazan soydaşlarımız dillərdə dastan olan şücaətlər göstərmişlər. Onların döyüş rəşadəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, orden və medallara layiq görülmüşdür. Müharibə ərzində 11 min döyüşçü Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Bunlardan 130 nəfəri azərbaycanlıdır. Həmyerlimiz, Sulut kəndindən olan Bəhyəddin Şahvələd oğlu Mirzəyev də onların sırasındadır. “Şöhrət ordeni”nin hər üç dərəcəsi ilə təltif edilmiş 1794 nəfərdən 34-ü azərbaycanlıdır. Həmin ordenin iki dərəcəsi ilə təltif edilən döyüşçülərdən 8 nəfəri İsmayıllıdandır. Feyruz Muradov, Əli Qurbanov, Əziz Məmmədov, Zeynal Ramazanov, Canalı Şirəliyev, Qriqori Sergeyev, Miron Puzanov və Sergey Vasiliyev belələrindəndir.
Xalqımızın qələbəyə verdiyi töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. Kənd və şəhər əməkçiləri ön cəbhəni lazımınca təmin etmək üçün yorulmaq bilmədən çalışmışlar. Burada əsas ağırlıq qocaların, qadınların və yeniyetmələrin çiyinlərinə düşmüşdür. Kəndlərdə vəziyyət çox ağır idi, ərzaq, paltar və sair çatışmırdı. Arxada döyüşçülərimizin qələbə müjdəsi ilə yolunu gözləyən həmvətənlərimiz əmək cəbhəsində misilsiz fədakarlıqlar göstərmişlər.
Bütün bunlar xalqımızın qəhrəmanlıq ənənələrinin davamı idi. Müharibə veteranlarının göstərdikləri hünər, igidlik nümunələri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün əhəmiyyətli olmaqla yanaşı, həm də onların döyüş ruhunun formalaşmasında əsas rol oynayır. Bu nümunələr torpaqlarımızın erməni işğalçılarından azad edilməsində gənclərə örnəkdir.
Bütün tərəqqipərvər bəşəriyyət hər il mayın 9-da faşizmin üzərində qələbəni böyük təntənə ilə qeyd edir.
Təəssüflər olsun ki, ötən əsrin 90-cı illərin əvvəllərində müharibə veteranlarının şərəfli fəaliyyətinə, ümumbəşəri ideallar uğrunda mübarizəsinə qeyri-sağlam, laqeyd münasibət bəsləyənlər vardı. Yalnız ulu öndərimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra faşizm üzərində qələbə günü ölkəmizdə təntənə ilə qeyd edilməyə başladı. Ən əsası isə qələbə günü müstəqil Azərbaycanda dövlət səviyyəsində keçirilən mötəbər bayramlar sırasına daxil edildi. Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı olan prezidentimiz, Ali Baş Komandan İlham Əliyev də müharibə iştirakçılarına diqqət və qayğını davam etdirir. Bu qayğı hər zaman, hər yerdə hiss olunmaqdadır. Bu yaxınlarda isə Prezident veteranlara birdəfəlik yardım göstərilməsi haqqında Sərəncam imzalamışdır.
Əziz müharibə veteranları, biz sizdən öyrəndik qəhrəmanlığı, dözümü, mərdliyi. Veteranlar gənc nəsillə görüşlərində onlara məhz bu keyfiyyətləri aşılamağa çalışırlar. Fəxrlə qeyd edə bilərik ki, savadlı, vətənpərvər gənclərimiz böyüməkdədir. Bunu gənclərimiz Qarabağda erməni işğalçılarına qarşı gedən döyüşlərdə yaxşı sübut etdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi, məsul bir missiya da məhz gənclərin üzərinə düşür. İnanırıq ki, bu missiya da yaxın zamanlarda yerinə yetiriləcəkdir.
Əziz veteranlar, hər birinizin şərəfli həyat yolu bundan sonra da neçə-neçə əsərin mövzusu olacaqdır. Hər birinizə möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulayıram.
Abduləli Əliyev,
İsmayıllı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri

Şərh Yaz