Ənənə halını alan turnir

Ənənə halını alan turnirUlu öndərin anadan olmasının 90 illiyi ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də 2013-cü il mayın 1-dən 5-dək keçiriləcək “Tour d`Azerbaıjan” beynəlxalq velosiped turudur. Bir il əvvəl də belə bir beynəlxalq turnir keçirilmişdir. Yarışın artıq ənənə halını alacağı barədə də danışıqlar gedir. Bu ilki turnir isə ulu öndərin 90 illik yubileyinə təsadüf etmişdir.
Yarışda Azərbaycan, Almaniya, Türkiyə, Rusiya, Ukrayna, İspaniya, Avstriya, Niderland, Portuqaliya, İsveçrə, Danimarka, Lüksemburq, İrlandiya, Belçika, Avstraliya, İran, Əlcəzair, Paraqvay, Yaponiya, Qazaxıstan, Belarus, Latviya, Moldova və Litva komandaları iştirak edir.
Beynəlxalq velosiped turunun rəsmi açılış mərasimi aprel ayının 30-da saat 18:00-da Bakıda Dənizkənarı Milli Parkda (Muzey Mərkəzi ilə üzbəüz) başlanmışdır.
I Mərhələ (157,3 kilometr)
Velosiped turunun birinci mərhələsi mayın 1-də Bakı şəhərində, Heydər Əliyev Mərkəzi – Heydər Əliyev prospekti – metronun “Koroğlu stansiyası” marşrutu üzrə 11 dövrə vurmaqla başa çatmışdır.
II Mərhələ (183 kilometr)
Turun ikinci mərhələsi mayın 2-də “Bakı-Qobustan-Şamaxı-İsmayıllı” marşrutu üzrə baş tutmuşdur.
Mayın 2-də İsmayıllının Olimpiya İdman-Kompleksinin həyətində xeyli qələbəlik vardı. Burada velosiped yarışının iştirakçıları olan komandaların qarşılanmasına hazırlıq işləri artıq tamamlanmaq üzrə idi. Maraqlı, beynəlxalq yarış iştirakçılarını qarşılamaq üçün xeyli adam toplanmışdı, hələ gələnlərin ardı kəsilmirdi. Əksəriyyəti gənclərdən ibarət olan tamaşaçıların sayı getdikcə artmaqda idi. Bunların arasında orta nəslin nümayəndələri, qadın və uşaqlar da az deyildi. Olimpiya kompleksinin həyətində uşaq yaradıcılıq mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Lahıc sənətkarlarının əl işləri, xalça məmulatlarından nümunələr və sairdən ibarət sərgilər də buraya gələnlərin marağına səbəb olmuşdur. Buradakılara iaşə xidməti də təşkil edilmişdi. Peşə Təhsil Mərkəzinin şagirdləri əhaliyə xidmət göstərirdi.
Şəhər mədəniyyət evinin “Niyal” xalq çalğı alətləri ansamblı da buradakılara mənəvi zövq verməkdə idi.
Yarış iştirakçılarını qarşılamağa gəlmiş məktəblilər əllərində Azərbaycanın bayraqları, yarışın vımpelləri yellədərək yolun qırağında idmançıları gözləyirdilər. Olimpiya kompleksinin qarşısında, Muğanlı – Qəbələ şosesində finiş xətti çəkilmişdi. Tamaşaçıların gurultulu alqışları altında ilk idmançı finiş xəttinə çatır. Mərhələnin qalibi Türkiyənin “Torku Şəkərspor” komandasının velosipedçisi Sergey Qreçin oldu. İdmançının Türkiyədən olmasını eşidən tamaşaçılar onu daha gurultulu alqışlarla qarşıladılar. İkinci yeri azərbaycanlı idmançı Oleksander Surdukoviç (“Synerqu Baku Cyclinq Project”), üçüncü yeri isə Qazaxıstanın “Astana” komandasından olan Bəxtiyar Kojatayev tutub.
İkinci mərhələ yekunlaşır və qalib idmançıların mükafatlandırılması başlanır. Qaliblər fəxri kürsüyə qalxır, qızlar onlara gül dəstəsi təqdim edir. Yarışın qaydalarına görə mavi, yaşıl və qırmızı köynəklərin təqdimatı da oldu. İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov yaşıl köynəyi Sergey Qreçinə təqdim edir. Azərbaycan Velosiped İdmanı Federasiyasının məsul işçisi Sahib Ələkbərov yarışın dağ klassifikasiyası liderinin qırmızı köynəyini Rikardo Vilelaya (Portuqaliya) təqdim edir. Turnirin ən gənc idmançısı üçün olan ağ-bənövşəyi köynək qazaxıstanlı Bəxtiyar Kojatayevə təqdim olunur. Mükafatlar təqdim olunduqdan sonra Olimpiya-İdman Kompleksinin geniş, bayramsayağı bəzədilmiş foyesində mətbuat konfransı keçirilir. Qaliblər turnirin təşkilindən, əhəmiyyətindən və qələbəyə sərf etdikləri qüvvənin yüksək dəyərləndirilməsindən razı qaldıqlarını bildirirlər. Bununla da ikinci mərhələ yekunlaşır. İdmançılar Qəbələ rayonuna tərəf istiqamət alırlar.
B.Babayev

Şərh Yaz