Yaddas kitabcasi

Su həyatdır

“Su həyatdır” devizi altında Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə keçirdiyi məktəblilərin suya qənaət aylığında rayonun məktəbliləri fəal iştirak etmişlər.
Suya qənaət aylığının keçirilməsində əsas məqsəd məktəblilərdə ekoloji dünyagörüşünün artırılması , su ehtiyatlarının qorunması, səmərəli istifadəsi, bacarıq və vərdişlərin, ekoloji mədəniyyətin, ətraf mühitə məsuliyyətli münasibətin fəal həyat mövqeyinin formalaşdırılması, ətraf mühitin mühafizəsində məktəblilərin fəal iştirakının təmin edilməsindən ibarətdir.
Müdrik xalq məsəlində deyilir: “Meşə sudur, su məhsuldur, məhsul isə həyatdır, dolanacaqdır, firavanlıqdır”.
Aylıq ərzində 4825 nəfər məktəbli arasında suya qənaət ilə əlaqədar sorğu keçirilmişdir.
Ümumdünya Su Şurasının Prezidenti Lui Fovanın məlumatına görə “Bir ildə suyun çatışmazlığı və ya onun aşağı keyfiyyətdə olması planetdə bütün müharibələrdən 10 dəfə çox ölümə səbəb olmuşdur”. Bütün tədbirlərə baxmayaraq dünyada 1,1 milyard insan hələ də təhlükəsiz içməli suya malik deyil, 2,6 milyard insan standartlara cavab verən kanalizasiya sistemindən məhrumdur. Buna görə də hər il infeksion xəstəliklər 1,7 milyon nəfər insanın həyatına son qoyur. Bu məlumatlar məktəblilərə çatdırılan müraciətə əlavə edilmişdir. Müraciətdə deyilir: “Əziz məktəblilər, su mənbələrini, çayları, gölləri, bulaqları təmiz saxlamaqla, çirkləndirilməsinin qarşısını almaqla öz sağlamlığınızı qorumuş olursunuz.
“Su həyatdır” Respublika məktəblilərinin suya qənaət aylığının birinci mərhələsi rayonda yekunlaşdırılmış, İsmayıllı şəhər 2 nömrəli tam orta məktəb birinci, şəhər 7 nömrəli tam orta məktəb ikinci, Ruşan və Buynuz kənd tam orta məktəbləri üçüncü yerə layiq görülmüşdür.
Zümrüd Mirzəli,
Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin dərnək rəhbəri

Şərh Yaz