Maraqlı anlar yaşadılar

Maraqlı anlar yaşadılarUlu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar tədbirlər davam etdirilir. E.Məmmədov adına şəhər 3 nömrəli tam orta məktəbdə də belə bir tədbir baş tutmuşdur. Məktəbin iclas zalına şagirdlərlə yanaşı valideynlər, digər məktəblərin nümayəndələri və qonaqlar toplaşmışdı. Məktəbin direktoru Ə.Ələkbərov tədbiri giriş sözü ilə açaraq Heydər Əliyevin həyat və fəaliyyəti haqqında qısaca məlumat verdi, qonaqları salamladı. İbtidai sinif şagirdləri Azərbaycanın Dövlət himnini oxudular.
Veriliş boyu monitorda ulu öndərin həyat və fəaliyyətini əks etdirən kadrlar nümayiş etdirilirdi. Bu kadrların içərisində onun ailə üzvlərinə aid kadrlar da yer almışdı. Aparıcılıq missiyasını öz üzərlərinə götürmüş məktəblilər – Hədiyyə və Toğrul ümummilli liderin həyat və fəaliyyətindən maraqlı faktları tədbir iştirakçılarına çatdırırdılar.
Bütün tədbir boyu ayrı-ayrı siniflərin şagirdləri Vətənə, ulu öndərə həsr edilmiş şeirlər söylədilər. Onu da qeyd edək ki, tədbir üçün qurulmuş zövqlü tərtibat gözoxşayan idi. Zalın girəcəyində ulu öndərin həyat və yaradıcılığına həsr edilmiş foto-sərgi də tamaşaçıların marağına səbəb olmuşdur. Hər kəs burada ayaq saxlayır, buraya qoyulmuş sənədlərlə tanış olurdu.
Musiqili ədəbi-bədii tədbir iki saata qədər davam etdi. Sonda RTŞ-nin aparıcı məsləhətçisi R. Baloğlanov tədbirin əhəmiyyətindən söz açdı, bu işdə əməyi və zəhməti olanlara şöbənin rəhbərliyi adından təşəkkür etdi. O, şagirdlərin xeyli əmək sərf etdiklərini xüsusi qeyd etdi. Tədbirin qonağı olan İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Ş.Rəsulov Ümummilli liderin ölkə və xalq üçün gördüyü böyük işlərdən danışdı, bəzi misallar gətirdi.
Sonda məktəbin direktoru Ə.Ələkbərov tədbiri yekunlaşdıraraq gəldiklərinə görə qonaqlara təşəkkür etdi. O, tədbirin yaddaqalan alındığından, şagird və müəllimlərin çəkdikləri zəhmətin səmərəli olduğunu qeyd etdi. Məktəbin dil-ədəbiyyat müəllimi Arifə Bəşirovanın rəhbərliyi ilə ərsəyə gəlməsini qeyd etdi və ona rəhbərlik adından təşəkkür etdi. Ümumilikdə götürdükdə, tədbir müəllim və şagird kollektivinin birgə əməyinin nəticəsidir. Bunların hər birinə məktəb direktoru təşəkkürünü bildirdi.
Tədbir başa çatandan sonra dağılışan tamaşaçıların fikir mübadiləsindən də başa düşmək olardı ki, onlar maraqlı anlar yaşadılar. Bu da ulu öndərə olan ümumxalq məhəbbətinin nümunəsi idi.
Aqil Qasımov

Şərh Yaz