Kimlər soyqırıma məruz qalıblar: ermənilər, yoxsa türklər?

Hər il ermənilər aprelin 24-ü “soyqırımı günü” kimi qeyd edirlər. Guya, 1915-ci ildə türklər ermənilərə qarşı soyqırımı həyata keçiriblər. Ancaq türklər tərəfindən “gəlin, arxivləri açaq, faktlarla danışaq” təklifi alanda iblis xislətli ermənilər bundan qaçırlar. Təbii ki, faktlar onların uydurma soyqırımını alt-üst edəcək, dünya ictimaiyyəti tamamilə başqa hadisələrlə qarşılaşacaq. Ermənilər də məhz bu həqiqətdən qorxurlar. Erməni bədbəxtlikləri birinci dünya və Türkiyənin öz azadlığı uğrunda apardığı müharibələr dövrünə düşür. İndi biz dəqiq statistik mənbələrdən bilirik ki, 1912 – 1922-ci illər müharibəsində ermənilərin haray çəkdiyi kimi, 1,5, yaxud 2 milyon deyil, 600 minə yaxın Anadolu ermənisi ölmüşdür. Əlbəttə, bu da kiçik rəqəm deyil. Əgər ölən erməniləri sayırıqsa, onda ölən müsəlmanları saymaq zərurəti də ortaya çıxır. Statistika göstərir ki, ermənilərlə bərabər 2,5 milyon müsəlman ölmüşdür, bunların da əksəriyyəti türk idi. Ermənilərin yaşadığı altı vilayətdə 1 milyondan artıq müsəlman ölmüşdür. Bu müsəlmanlar heç də ermənilərdən az faciələr yaşamamışlar.
Vətəndaş müharibəsinin getdiyi bir zamanda erməni və müsəlmanların qaçqın və köçkün problemləri, aclıq və xəstəliklər bütün bunlar ölümə səbəb olmuşdur. Müharibədə təkcə əsgərlər deyil, qadınlar, uşaqlar da ölürlər. Bu ölümlərdən danışarkən Rusiya və Türkiyə arasında gedən müharibəni, türklər və ermənilər arasında gedən icma müharibəsini də unutmaq lazım deyil.
Ermənilərin canfəşanlıqla dünya ictimaiyyətinə sırımaq istədikləri “soyqırımı” hadisələrinə olduğu kimi yanaşmaq lazımdır. Qoy bu işlə vicdanlı tarixçilər məşğul olsunlar. Ermənilərin gözləri həmişə başqalarının torpağında olmuş və onu özəlləşdirməyə cəhd etmişlər.
Türkiyədə erməni probleminin kökləri 1820-ci illərə gedib çıxır. Bu dövrdə Çar Rusiyası bölgədə söz sahibi olmağa başladı və sərhədlərini genişləndirmək üçün Osmanlı torpaqlarına göz dikdi. Qafqazdakı Eçmiədzin kilsəsi ruslara dəstək verdi.
Ermənilər əsil simalarını 1877-1878-ci il Rusiya-Türkiyə müharibəsi və Osmanlının bu müharibəni uduzmasından sonra göstərməyə başladılar. Ruslar ermənilərə Balkan ölkələrindəki xristianlar kimi, müstəqil dövlətlərini qurmağa söz verərək Osmanlı dövlətinə qarşı üsyan və təxribatlara başlamağa təhrik etdi. Lakin Şərqi Anadolu ərazisində erməni dövləti qurmaq planı İngiltərənin mövqeyinə zidd idi. Buna görə də ingilislər 1877-78-ci illər müharibəsinin yekunu olan Sanstefano müqaviləsinə qarşı çıxdılar.
Osmanlı dövləti ərazisində üsyanlar törədildi, minlərcə günahsız türkün qanı axıdıldı, kütləvi qırğınlar başladı.
1914-cü ildə birinci dünya müharibəsinin başlanmasını sevinclə qarşılayan ermənilər bütün ümidlərini Antantaya, o cümlədən Rusiyaya bağlamışdı. Onlar fikirləşirdilər ki, Rusiyanın Qafqaz cəbhəsində uğur qazanması Osmanlı ərazisində erməni dövləti yaratmağa imkan verəcək. Doğrudan da, 1914-cü ilin axırında Qafqaz cəbhəsində rusların uğur qazanması ermənilərin Osmanlı ərazisində heç bir günahı olmayan yerli əhaliyə qarşı soyqırıma başlamasına şərait yaratdı. Osmanlı ərazisində əsrlər boyu rahat və təhlükəsiz yaşayan ermənilər yerli əhaliyə qarşı qırğınlara başladılar. Minlərlə yerli türk dəhşətli işgəncələrə məruz qaldı, evlər yandırıldı.
1915-ci ilin mart ayında ruslar Van istiqamətində hücuma keçdilər. Aprelin 11-də Vanda böyük erməni üsyanı başladı. Ermənilər Vanın türk əhalisini tamam qırdı və Van rusların əlinə keçdi.
Osmanlı dövləti Van hadisəsindən sonra erməniləri Anadoludan ölkənin başqa bölgələrinə köçürmək qərarını müzakirə etməyə başladı. Osmanlı hökuməti ilk olaraq 1915-ci il aprelin 24-də erməni cəmiyyətini, təşkilat və komitələrini bağlamaq qərarına gəldi. Terror və təbliğatla məşğul olan 235 nəfər həbs edildi. Ermənilər də həmin tarixi “soyqırımı günü” olaraq qeyd edirlər. Bundan sonra 1915-ci il mayın 27-də ermənilərin ölkənin cənub torpaqlarına, Suriyaya köçürülməsi qərara alındı…
Türkiyədə rus ordusu ilə birlikdə xeyli qan tökdükdən sonra ermənilər Azərbaycan torpaqlarında qan tökməyə, kəndləri, şəhərləri xarabalığa çevirməyə başladılar. 1918-ci ildə ermənilər Azərbaycanda ağılagəlməz vəhşiliklər törətməyə başladılar. Xüsusilə də, həmin ilin mart ayında Bakıda, Azərbaycanın digər bölgələrində – Zəngəzur, Naxçıvan, İrəvan, Qarabağ, Şamaxı və Qubada dəhşətli qırğınlar törədildi. Təkcə Bakı və ətraf kəndlərdə on minlərlə azərbaycanlıya qarşı yalançı yox, sözün əsil mənasında soyqırımı törədildi…
Ermənilər Şamaxıda vəhşiliklər törətdikdən sonra ətraf kəndlərə də hücum etmişlər. Onlar Ağsuda və İsmayıllının bəzi kəndlərində də öz çirkin əməllərini davam etdirmişlər. Arxiv sənədlərində göstərildiyi kimi, ermənilər həmin ilin martında Tircanda 360 nəfər, Zərnavada 49 nəfər, Bizlanda 100 nəfər, Mücüdə 230 nəfər, Zeyvədə 82 nəfər kişi, qadın və uşaq qətlə yetirmişlər. Kəndlərə milyonlarla rubl məbləğində zərər vurulmuşdur. Bu zərərlər yandırılan, dağıdılan tikililər, evlər və oğurlanan mal-qara, qarətlər hesabına vurulmuşdur. Hacıhətəmli kəndi də dağıntılara məruz qalmışdır. Xoşbəxtlikdən əhali hücumdan əvvəl xəbər tutmuş və gecəykən qaçmışdır. Bu barədə daha geniş söhbət açmaq mümkündür.
Həmişə “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilərin bu sərsəm xəyalları elə ürəklərində qalacaq. Hər yerdə qədim alban abidələrini “erməniləşdirməklə” özlərini bu ərazinin “qədim sakinləri” kimi sübut etməyə çalışsalar da bunun nəticəsi olmayacaq. Bugünkü gəncliyin ən ümdə vəzifəsi erməni məkrliyini, Qarabağda və ətraf rayonlarda, həmçinin ölkəmizin müxtəlif yerlərində törədilmiş terror və Xocalı soyqırımı kimi vəhşiliklərini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqdan ibarət olmalıdır.
İlhamə Yusifli,
Xanagah kənd ümumi orta məktəbin tarix müəllimi

Şərh Yaz