Sözdən yaranan ümid

Sözdən yaranan ümidHəyatımda 1981-ci ilin ayrı yeri, yaddaşımda silinməz izi vardır, çünki…
Hər şey bir anda, bircə anda baş verdi, tapındığımız, ana dediyimiz, ana bildiyimiz torpaq bir andaca ayağımızın altından qaçdı, ani titrəyiş ismayıllıları isti yuvalarından soyuq, qarlı küçələrə atdı: zəlzələ! Sözün özü qədər vahiməli olan titrəyişlər ara vermək bilmirdi. Bu nə idi, Allahım!
Bəlkə suyu döndü, çarxı ilişdi,
Bu nə zəlzələdi, nə titrəyişdi?
Bəlkə bir dağ uçur, bir dərə dolur,
Yerimiz yenidən yerbəyer olur?
Bu sətirləri Musa Yaqub yazacaqdı – günlər sonra. İndiliksə… qorxu, təlaş içində olan insanlar elə həmin gün məhəllələrdə, küçələrdə qurulmuş çadırlara sığınmışdılar. Nə edəcəklərini, neyləyəcəklərini bilə bilmirdilər – zəlzələ aramsız təkrarlanır, varlığını yada salır, qorxunu unutmağa imkan vermirdi. Belə bir anda rayona xəbər yayıldı: “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev İsmayıllıya gəlir”. Və bu xəbər ismayıllılarla qorxu arasında bir dağ oldu – alınmaz, uca bir dağ.
Heydər Əliyev şəhərdə dağılmış əksər evlərə baxdı, sakinlərlə görüşdü. Mən o zaman yerli qəzetdə işləyirdim və qəzet əməkdaşı kimi bu böyük insanı müşaiyət edən qrupdaydım. Görüşlər zamanı elə bir an oldu ki, mən o zəlzələ üçün də, bu gəliş üçün də Tanrıya dəfələrlə şükür etdim…
Şəhərin mərkəzi küçəsində yaşayan Qaraxanım adlı bir qadının evi zəlzələdən tamam uçmuşdu. Onun nə həyat yoldaşı var idi, nə də oğlu ki, yenidən ona ev tiksin. Özü kimi vaxtsız dul qalmış gəlini ilə yaşayırdı. Heydər Əliyev bu qadının həyətinə girəndə Qaraxanım xala incidilmiş uşaq atasını görəndə necə kövrələrsə, necə dodaq büzüb ağlayarsa eləcə kövrəldi, ağladı və qollarını açıb bir oğul məhəbbətiylə Mərkəzi Komitənin katibini qucaqladı: “Bu yaşımda evsiz qaldım, ay oğul, mənim evimi kim tikəcək”, dedi. O an Heydər Əliyevin elə bir söz dedi ki… “Heç fikir eləmə, ana, sənin evini Azərbaycan hökuməti tikəcək, sənin arxanda dağ boyda Azərbaycan var!”
İndi də düşünürəm: necə oldu ki, belə anlarda bir qayda olaraq hissləri ağlını üstələyən mən əksini bacardım, bacara bildim, “urrrra, yaşasın” deyib qışqırmaqdan özümü saxlaya bildim, səsimi qısa bildim! Axı bizlər o zaman ucadan deyilən, deyilə bilən “Azərbaycan” sözünün acı idik, möhtacı idik!
O illər elə də uzaq keçmiş deyil, ötən əsrin səksəninci illərindən bizi cəmi 32 il ayırır və bu, bu qoca dünya üçün bir göz qırpımı belə deyil. Və o zaman olanları, o dövrün ab-havasını təbii ki, heç birimiz unutmamışıq. O dövrün tələbi tamam başqa idi və hamımızın – rusun da, azərbaycanlının da, gürcünün, tacikin, qırğızın, özbəyin də bir vətəni var idi: SSRİ. Hamımızın bir pasportu var idi: üzərində SSRİ-nin gerbi olan qırmızı sovet pasportu. Belə bir dövrdə SSRİ-ni qoyub, arxa-dayaq kimi, bir dövlət kimi öz respublikasının – Azərbaycanın adını çəkməyi müttəfiq Respublikaların rəhbərləri arasında bir tək Heydər Əliyev bacarardı və bacardı da. Bu, böyük şairimiz Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının dillər əzbəri olduğu Azərbaycan Dövlət Universitetinin məzunu olan mənim üçün gözlənilməz və yaşam gücü verəcək bir söz oldu. Əgər Azərbaycanın birinci şəxsi bu qədər inamla, ötkəm səslə öz ölkəsini vətəndaşına arxa, dayaq görürsə, deməli, onu müstəqil də görə bilir, arzulaya bilir. O gün əmin oldum ki, vəzifəsindən, yaşından, həyatda tutduğu mövqeyindən asılı olmayaraq hər kəsin və ilk öncə İttifaq miqyasında sözünü deyən, dünyada tanınan Heydər Əliyev kimi güclü siyasətçinin qəlbində bir müstəqil Azərbaycan dövləti yaşayır, indilik istək, arzu kimi olsa belə. Deməli…
İşlədiyim qəzetin zəngin kitabxanası var idi və mən o gündən başlayaraq 1969-cu ildən – Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi olduğu gündən bu yana olan “Kommunist” qəzetindən Azərbaycanda görülmüş işlər barədə – yeni yaranmış fabrik və zavodlar, qurulmuş elektrik stansiyaları, açılmış ali məktəblər barədə oxuduqca, qeyri-ixtiyari gözlərimin önündə müstəqil Azərbaycana uzanan yol göründü – bu müəssisələrin hamısı İttifaq əlaqələri olmadan sərbəst işləyə bilməyə hesablanmışdı, hətta İttifaq miqyasında Rusiyadan başqa hərbçi kadrları hazırlayan yeganə məktəb də Azərbaycanda açılmışdı.
O gündən mən Heydər Əliyevin timsalında 15 respublikadan biri olan Azərbaycanı İttifaqsız, müstəqil Respublika kimi gördüm və tanrıya çox şükür ki, elə məhz o insanın rəhbərliyi və səyi ilə o günü gördük, yaşadıq və bu gün də müstəqil, azad Azərbaycanın yaranışı, varlığı, bu günü üçün canıyla, qanıyla azərbaycanlı olan Heydər Əliyevə borcluyuq. Mənim üçün Vətənimin müstəqilliyinin yolu 1969-cu ildən – Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gündən başlayır və sonsuza qədər uzanır.
Lətifə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz