Heydər Əliyev yoluyla davam edir həyatım

Heydər Əliyev yoluyla davam edir həyatım “Qoy Azərbaycan xalqı məndən inciməsin. Heydər Əliyev Azərbaycanın hüdudlarına sığmırdı”. Bu dəyərli kəlmələr dünyanın nəhəng, qüdrətli dövlətlərindən biri olan Rusiyanın prezidenti V.Putinə məxsusdur. Dünyanın siyasət nəhəngləri Heydər Əliyevdən çox şey öyrəndiklərini, onun böyüklüyünü, bənzərsiz, müqayisəyə gəlməz xüsusiyyətlərini, uzaqgörənliyini açıq söyləməyi, səmimi etiraf etməyi özlərinə borc bilirlər.
H.Əliyev təkcə bir xalqın, millətin deyil, bəşəriyyətin xilası naminə dəyərli töhfələri, misilsiz xidmətləri ilə tarixə düşmüş, ürəklərdə yer tapmışdır. Bütün dünyanın sağlam düşüncəli xalqları, millətləri, dini azlıq və etnik qrupları onun şəxsiyyətinə dərin hörmət və ehtiramlarını ifadə edirlər. Bu gün Heydər Əliyev qədər anılan, sevilən, öyrənilən ikinci bir şəxsiyyətin olmamasını hamımız bilir, belə bir şəxsiyyətin azərbaycanlı olmasından hamımız qürur duyuruq.
Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi, nadir tarixi şəxsiyyətin qurduğu, möhkəmləndirdiyi, hərtərəfli inkişafına nail olduğu bir dövlətin vətəndaşı adını daşıyır. Biz həm də ona görə xoşbəxtik ki, ümummilli liderimizlə bir dövrdə yaşayaraq onun böyük, tərifəsığmaz işlərinin şahidi olmuşuq. Özümü bu xoşbəxtlər ordusunda sıravi bir vətəndaş kimi görməkdən məmnunluq duyuram.
1981-ci ilin isti yay günlərindən biri idi. Rayonda rəhbər vəzifədə çalışanlardan bir qrupu ilə Ağsu-İsmayıllı sərhədində – Girdiman çayının sahilində yorulmaq, dincəlmək bilməyən Heydər Əliyevin bölgəyə gəlişini qarşılamağa çıxmışdıq. Çox gözləmədik. O, avtomobildən düşən kimi, xoş təsir bağışlayan bir çevikliklə hamımızla görüşdü. Hamımızın işindən, şəxsi vəziyyətindən hal-əhval tutdu. İlk dəfə H.Əliyev səmimiyyətini, dahi insan qayğıkeşliyini və böyüklüyünü onda gördüm.
Xatirəyə dönmüş o vaxtda 28 yaşım vardı. İsmayıllı rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi vəzifəsində çalışırdım. Əlbəttə, bu görüşün mənim sonrakı əmək fəaliyyətimə böyük təsiri oldu. Necə deyərlər, gördüm, götürdüm.
Ötən illər ərzində özümü həmişə H.Əliyevə xatirə şəkilində olduğu kimi, yaxın bilmişəm.
Bu ölməz insan aramızdan cismən getmişdir. İndi onun ideyaları, məsləhət və tövsiyələri bizimlədir. Onun göstərdiyi yol düz yol, inkişafa aparan yoldur. Bu yolda qazandığımız uğurlar bəllidir. Qazanacağımız uğurlar da onun adı ilə bağlı olacaqdır.
Bu gün möhtərəm prezidentimiz İlham Əliyev ölkəmizi uğurla, inamla idarə etməsindən, gördüyü böyük işlərin xoş əks-sədasından ulu öndərimizin ruhu rahatlıq tapır. H.Əliyev ruhuna ehtiram olaraq onun layiqli davamçısının rəhbərliyi altında ölkədə gedən qlobal quruculuq işlərində çalışmaq, fəallıq göstərmək əsil vətəndaşlıq borcumuzdur.
Sevinirəm, fəxr edirəm ki, ümummilli liderimizin göstərdiyi yolla davam edir həyatım. Gündən-günə qüdrətlənir ölkəm, Beynəlxalq aləmdə söz sahibidir dövlətim, zəngindir soydaşlarımın həyatı.
Alıcan Süleymanov,
İsmayıllı şəhər sakini

Şərh Yaz