Xalqa məhəbbət körpüsü

Xalqa məhəbbət körpüsüHaqq-ədalət qaynağı, milli-mənəvi, dini dəyərlərin daşıyıcısı, millətinin dayağı, xeyirxahlıq, mərhəmət və humanizm kimi, ali insani keyfiyyətlərə malik olan ümummilli liderimiz Heydər Əliyev haqqında söz demək məsuliyyətini dərindən dərk edərək əlimə qələm alır, dünya dəyərli rəhbərin İsmayıllıya, xüsusilə qədim Lahıca göstərdiyi qayğıdan söhbət açmaq istəyirəm. Bu qayğını biz hər zaman, xüsusilə, ulu öndərin İsmayıllıya səfərləri zamanı yaxşı görmüşük, dərindən duymuşuq.
1981-ci il iyul ayının 23-də partiya-təsərrüfat fəalları yığıncağında rayonumuz barədə ümummilli liderin dediyi aşağıdakı sözləri bir daha xatirələrdə canlandırmaq istərdim! “Sizin rayon bildiyiniz kimi, respublikamızın ərazisində təbiət etibarı ilə, iqlim etibarı ilə, torpaq etibarı ilə gözəl guşələrdən biridir və böyük tarixə, böyük ənənələrə malik olan bir rayondur. İsmayıllı rayonunun tarixi sizə yaxşı məlumdur. Əsrlərdən-əsrlərə keçmiş tarixi abidələr, arxitektura abidələri, həm Lahıc, həm Basqal kəndlərinin timsalında, bütün sizin rayonun ərazisində olan başqa abidələrin timsalında özünü göstərir.”
Milli təmsilçimiz, bütün zamanlarda ümidgahımız olan Heydər Əliyevin bu dəyərli sözləri hər bir İsmayıllı sakini tərəfindən minnətdarlıqla qəbul olunmuş, hər kəsdə bir mənəvi səfərbərlik yaratmışdır. Səfəri zamanı Heydər Əliyev İsmayıllı-Muğanlı yolunun çəkilişi ilə maraqlanmış, Girdiman çayının Tircan yaxınlığından keçən hissəsində salınan körpüdə yol inşaatçıları ilə görüşmüşdür. Burada tarixiliyi, qədimliyi, mədəniyyəti, xalq sənətkarlığı ilə tanınan Lahıca getmək istədiyini bildirmişdir. Respublika rəhbərinin etimadına layiq işləyən birinci katib Qəşəm Aslanov isə yolların narahatlığına görə bu gedişə razı olmamışdı. Ümummilli liderimiz Yol Tikintisi naziri Rafiq Xələfova tapşırdı ki, elə edirsən, gələn il Lahıca bütün nəqliyyat vasitələri getsin. Belə də oldu. Coşqun iş başlandı. Gəndo kəndi ərazisində Girdiman çayının üstündən yeni bir körpü salındı. Lahıcda və ətraf kəndlərdə yaşayan insanlar körpünü “Heydər Əliyev” körpüsü adlandırdılar.
Qeyd etməyi lazım bilirəm ki, bu körpülər salınana, yol çəkilənədək neçə-neçə insan ömrünü sellər yarıda qoymuş, faciələrə səbəb olmuşdu. Odur ki, körpülərdən keçənlər Heydər Əliyevə rəhmət diləyir, ruhuna dualar edirlər.
Lahıc camaatı qədirbiləndir, edilən yaxşılıqları unudan deyil. Yol çəkilişi başa çatanda ümummilli liderimiz Heydər Əliyev artıq Moskvada idi. Çoxsaylı minnətdarlıq teleqramları Lahıcdan Moskvaya göndərilirdi. Möhtərəm cənab Prezidentimiz İlham Əliyevdən də biz bu qayğını, xalqa məhəbbəti, insana mərhəməti, xeyirxahlığı gündəlik həyatımızda görürük. Sevinirik ki, ümummilli liderimizin, millət atasının müəyyən etdiyi yollar cənab Prezidentimiz tərəfindən dəyanətlə, sədaqətlə, yaradıcılıqla davam etdirilir. Azərbaycan vətəndaşı olmaq şərəfini sevinərək yaşayırıq.
Ümummilli liderimiz, ulu öndərimiz bütün zamanlarda, ən çətin anlarda xalqının yanında olmuşdur. 1981-ci ilin iyul ayında yaxşı işləri görməyə və qiymətləndirməyə, rayonun qabaqcıl təcrübəsini Respublikaya yaymağa gəlmişdisə, həmin ilin dekabr ayının 5-də zəlzələdən ziyan çəkən ismayıllıların imdadına yetmişdi. Ulu öndərimiz insanlarla görüşdü, çoxsaylı evlərə baxdı, hamını qəlb genişliyi, rəhbər səbri ilə dinlədi, zəlzələnin vurduğu ziyanların tezliklə aradan qaldırılacağını bildirdi. Heydər Əliyev öz mübarək səfəri ilə insanları qorxudan xilas etdi, hamıda həyatın davamı üçün böyük ümid yaratdı. Rəhbərin gəlişi, görüşü təbii fəlakətin təsirini sanki yox etdi. Ardınca İsmayıllı əsil tikinti meydanına çevrildi. Çoxsaylı yaşayış binaları, fərdi evlər, məktəblər, sənaye obyektləri, xəstəxanalar tikildi. Bütün bunların nəticəsi olaraq bir daha rəhbər qüdrətinin nələrə qadir olduğunu gördük. Bu gün də ulu öndəri ən ülvi hisslərlə xatırlayırıq. Övladlarımıza da Heydər Əliyev dühasından, Heydər Əliyev dəyanətindən, əyilməzliyindən, böyük azərbaycançılığından, millətimizə gətirdiyi şərəf və şöhrətdən ürəklə danışırıq. Onlar da cənab Prezident İlham Əliyevin Azərbaycanı daha xoşbəxt gələcəyə apardığını görür, dövlət siyasətinə, dövlətçiliyə, vətənə, torpağa daha qırılmaz tellərlə bağlanırlar. Allah tərəfindən milli taleyimizə xilaskar kimi göndərilən Heydər Əliyevin yolu İsmayıllıda bu gün daha inamla davam etdirilir.
Hacı Hüseynağa Kamilzadə,
Lahıc qəsəbə sakini

Şərh Yaz