Doğma yurda məhəbbətlə…

Dağ kəndi: Bu günün və sabahın qayğıları
Təbiət İsmayıllıdan heç nəyi əsirgəməyib: fəsil-fəsil dəyişən sıra dağları, min bir sərvət məskəni olan sirli-nağıllı meşələri, bol nemət yetişdirən bərəkətli torpağı var. Belə səxavətli diyarın ən ucqar kəndlərində belə işıq yandırıb firavan yaşamaq üçün adamların da, təbiətin də imkanı hədsizdir.
Son illərdə respublikamızın sosial-iqtisadi və mədəni həyatında baş vermiş böyük dəyişikliklər İsmayıllı rayonunda da özünü aydınlığı ilə göstərir: taxıl və heyvandarlıq məhsulları istehsalında diqqətəlayiq nailiyyətlər var, geniş miqyasda tikinti işləri aparılır. Lakin söhbət zəngin ehtiyatlardan və imkanlardan gedəndə qazanılmış nailiyyətləri qənaətbəxş hesab etmək, onlarla arxayınlaşmaq olmaz. Hər şeydən əvvəl, ona görə ki, ”Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Prezident fərmanı və 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası baxımından dağ rayonlarının həll ediləsi problemləri hələ çoxdur. Bu mühüm sənədlərdə regionlarda məhsuldar qüvvələrin inkişaf etdirilməsi, regionların və birinci növbədə, dağ rayonlarının iqtisadi və sosial inkişaf səviyyəsinin bərabərləşdirilməsi, demoqrafik inkişaf və əmək ehtiyatlarından istifadə məsələlərinin həllinə məqsədli, kompleks qaydada yanaşılması qeyd olunur. Bu baxımdan, İsmayıllı rayonuna aid bəzi məsələlər üzərində dayanmağı lazım bilirik.
Əvvəla, İsmayıllıda kəndlərin çoxu dəniz səviyyəsindən 1000-2000 metr yüksəklikdə yerləşir. Onların hər birinin tarixən formalaşmış özünəməxsus məşğuliyyəti olub. Məsələn, Lahıcda və qonşu kəndlərdə zərgərlik, misgərlik, Basqalda kəlağayı toxumaq sənəti geniş yayılıb, sorağı dünyanın ən uzaq ölkələrindən gələn xalçalar, qanovuz parçalar toxunub, xalq sənətinin neçə-neçə nümunəsi yaradılıb. Əhən, Həftəsiyab, Brovdal, Müdri zonalarında maldarlıq, əkinçilik, kartofçuluq və arıçılıq əsas məşğuliyyət sayılıb. Hər təsərrüfatın da böyük əkin sahələri, mal-qara naxırları, qoyun-quzu sürüləri olub, işçi qüvvəsi də çatışıb. Hər kənd bazara bol meyvə, taxıl, ət, süd, yağ, meşələrinin min bir sərvətini çıxarıb.
Lakin illər ötdükcə hündür dağlıq zonada yaşayan camaatın bir qismi köçüb gedib, bir sıra kəndlər boşalıb, qədim el sənətlərinin bir çoxu unudulub. Məsələn, Bığır Vələsin, Zanqı, Varna, Gendərə, Qərçə, Pirəqanım kimi kəndlərin indi, demək olar, adı qalıb. Vaxtilə Lahıc qəsəbəsinin 8500 nəfər əhalisi vardı, indi 886 nəfərə enib. Ərəgit kəndində 5700 nəfər sakindən 708 nəfər yaşayır. Ən qədim və böyük yaşayış məntəqəsi olan Həftəsiyab kəndində hazırda cəmi 28 evdən işıq gəlir. Basqal qəsəbəsinin, Soltankənd və Qalagah kəndlərinin əhalisinin 60-70 faizi iri sənaye şəhərlərinə köçüb. Başqa kəndlərdə də əhalinin sayı yarıbayarı azalıb. Rayonda hətta elə kənd var ki, orada 30-35 adama, 2-3 ailəyə rast gəlirik.
Lahıc zonasında əvvəllər iki təsərrüfat fəaliyyət göstərir və onlar bir-birindən çox aralı olan 23 kəndi əhatə edirdi. “Qələbə” sovxozunun ərazisində 9 təsərrüfat mövcud idi. Ümumiyyətlə, rayonda qabaqlar 108 təsərrüfat olub. Sonralar kolxoz və sovxozlar ləğv edildi, əmlak və torpaq sahələri bölüşdürüldü. Dağ şəraitində torpaqdan səmərəli istifadə etmək, onu əkib becərmək sahəsində ciddi çətinliklər yarandı.
Dövlətin aqrar siyasətini ardıcıl həyata keçirmək məqsədi ilə sonrakı axtarışlarla əlaqədar olaraq belə qənaətə gəlmək olar ki, ərzaq problemlərinin müvəffəqiyyətli həlli üçün vaxtilə “perspektivsiz” kimi qələmə verilən keçmiş kəndlərin həyatını özünə qaytarmaq, onları dirçəltmək lazımdır. Bu, əlbəttə, asan məsələ deyil. Camaatı həmin yerlərdə məskunlaşdırmaq üçün dağ kəndlərinə münasibəti kökündən dəyişmək, bir sıra problemləri yoluna qoymaq lazım gəlir. Hər şeydən əvvəl, dağ kəndlərinə yol çəkilişi ön planda durmalıdır. Düzdür, dağ kəndlərinə gedən yolların bir hissəsi qaydaya salınıb. Ancaq hələ də rayonun 25 kəndinə yol yoxdur və qış düşəndə həmin kəndlərlə əlaqə kəsilir. Biz onda görürük ki, yollarda təkcə vaxt yox, həm də külli miqdarda mənfəət itiririk. İndi Basqala gedən yola asfalt örtük çəkmək, Lahıcdan Əhən və Həftəsiyab kəndlərinə gedən yolları qaydaya salmaq lazımdır. Lahıc yolunda on milyon manatlığa yaxın iş görüləcək, İvanovka-Qalagah yolu yenidən asfaltlaşdırılacaqdır. Bu və digər tədbirlər bələdiyyələrə bir çox yeni ehtiyatların üzə çıxarılmasına, həmin zonalardakı xırda kəndlərin dirçəlişinə kömək göstərəcəkdir. İməciliklə, habelə təsərrüfatların öz gücü hesabına da yol çəkilişinə qayğı göstərilməlidir. Hamı bu işi özünə doğma saymalıdır: axı indi sirr deyil ki, dağ kəndlərinin boşalmasının bir səbəbi də əslində yolların yoxluğu və ya nasazlığı olmuşdur.
Yol problemlərinin həlli üçün dörd istiqamətdə iş aparılmalıdır:
1) Rayon yol idarəsi İsmayıllı ilə Lahıc arasındakı məsafəni daim nəzarətdə saxlamalıdır. Bura üçün xüsusi buldozer ayrılmalı və təhkim olunmalıdır. Yöndəmsiz qayalar partladılıb yollar genişləndirilməlidir. Burada həmişə mühəndis-kommunikasiya işləri görülməlidir;
2) Təzəkəndin yol ayrıcından Girdiman çayının qırağı ilə 10-12 kilometr məsafədə yol çəkilib Bakı-Qazax magistral şosesi ilə birləşdirilsə, çox yaxşı olar;
3) Şamaxının yol ayrıcından İsmayıllı istiqamətinə uzanan yola xüsusi diqqət yetirilməlidir. Yer sürüşmələri ilə əlaqədar avtomobil yolunun Sulut çayının kənarı ilə Zeyvə kəndinin ətəyindən 5-6 kilometr məsafədə Basqal yolu ilə birləşdirilsə, çox faydalı olar: həm yolun sürüşmədən xilas olunması təmin olunar, həm də Sulut, Qıçatan, Xankəndi, Zeyvə və digər kəndlərin gediş-gəlişi qat-qat asanlaşar;
4) Lahıcla Şamaxının Dəmirçi kəndi arasında 10-15 kilometrlik torpaq yolu təmir olunmalıdır. Bu yolun lazımı olan səviyyədə saxlanılması yay aylarında Ağsu, Kürdəmir, Şamaxı, İsmayıllı maldarlarının yaylaqlara çıxmasını qat-qat asanlaşdırar.
Dağ kəndlərində mədəni-məişət şəraitini yaxşılaşdırmaq, səhiyyə, ticarət xidmətinin səviyyəsini yüksəltmək günün tələbidir. Qəribə olsa da, Lahıc zonasında 23 kənddə cəmi dörd klub var, kitabxana isə yoxdur. Otuzdan artıq dağ kəndi telefon xidmətindən kənarda qalmışdır (Hazırda dağ zonasına rabitə xidməti göstərilir. Red.). Ticarət obyektləri çox yerdə xüsusi evlərdə yerləşir, 107 kənddən yalnız 39-a tibb məntəqəsi açılıb. Bu istiqamətdə bəzi işlərə başlanmışdır, lakin bütün dağ kəndlərində bələdiyyə binaları, yeni yaşayış evləri, mağazalar və məişət xidmət obyektləri inşa etmək çox vacibdir. Həm də dağ kəndlərində bir çox tikinti-abadlıq işi daha ucuz və tez başa gələn yerli materiallar hesabına görülməlidir. Bu sahədə, İvanovka, Talıstan kəndlərinin müəyyən təcrübəsi də vardır. İri həcmli işlər isə yalnız iri həcmli təşkilatların köməyi ilə həyata keçirilə bilər. Lakin rayonda kərpic və kirəmit istehsal edilən zavod tikilməsə, istənilən məqsədə nail olmaq çətindir. Neçə ildir burada əhəng sexi işləyir, onu genişləndirmək lazımdır. Zəlzələ zamanı həmin məsələlər müvafiq təşkilatlar qarşısında qaldırılmışdı. Lakin hələlik bir nəticə görünmür. Vaxtilə Dövlət Geologiya İdarəsi qarşısına məsələ qoyulmuşdu ki, rayonun gil ehtiyatını öyrənsin. Kəşfiyyat işi aparılsa da yarımçıq qaldı. Halbuki, rayonda böyük gil yataqları vardır, keramzit istehsal etmək, yüngül konstruksiyalı divarlar, bloklar və tikintidə işlənən müxtəlif bəzək əşyaları hazırlamaq mümkündür. Hazırda mərmər sexinin tikintisinə və mozaik tavalar istehsalına başlamaq vaxtıdır.
Daha bir məsələ rayonda bir neçə tikinti təşkilatı fəaliyyət göstərərsə də, ildə cəmi 10-15 milyon manatlıq iş görülür. Ona görə ki, tikintinin istehsal bazası yoxdur, lazım olan material Mingəçevirdən, Bakıdan gətirilir . Yaxşı olar ki, rayonda dəmir-beton məmulatları zavodu tikilsin. İmkan da var tələbat da. Yalnız dövlət səviyyəsində köməyə ehtiyac var.
Dağ kəndlərindən əhalinin çıxıb getməsinin qarşısını almaq üçün rayonda tarixən cilalanmış ənənəvi məşğuliyyət sahələrini bərpa etmək lazımdır. Bu məqsədlə kəndlərdə emalatxanalar, sexlər açmaq lazım gəlir. Müvafiq firmalar yerlərdə bu işə kömək göstərməlidirlər.
Xalq sənətinin, hədiyyə və əl işlərinin inkişafı üçün İsmayıllı rayonunda geniş imkanlar vardır. Bu, camaatın ilboyu işlə təmin olunmasına şərait yaradır.
Torpağa qayğı haqqında xüsusi danışmalıyıq. Dağ kəndlərində min hektarla torpaq istifadəsiz qalıb. Həmin torpaqları əkib becərmək, suvarmaq haqqında ciddi düşünmək lazımdır: bunun üçün dağlarda işləyə bilən çoxlu texnika, yüksək təzyiqli nasoslar tələb olunur, dağ meliorasiya sisteminin yaradılması çox vacibdir. Texnika işləməyən yerlərdə ailə-kəndli təsərrüfatlarının geniş yayılmasına nail olmalıyıq.
Ətlik istiqamətində heyvandarlığı, habelə yemçiliyi inkişaf etdirməyə dağlarda əlverişli təbii şərait var. Odur ki, bu yerlərdə iri fermer təsərrüfatları və yeni tipli heyvandarlıq kompleksləri tikilməli, maldarlara yaxşı əmək və istirahət şəraiti yaradılmalıdır. Həmin torpaqları əkin dövriyyəsinə cəlb etsək, min tonlarla əlavə taxıl istehsalına, yemçiliyin geniş təşəkkül tapmasına, qırmızı dağ kartofunun, Lahıcın, Tircanın, Basqalın alma-armud bağlarının şöhrətinin yayılmasına nail olarıq.
Dağ kəndlərində arıçılığı inkişaf etdirməyə böyük imkanlar var. Arıçılq təsərrüfatları təşkil etmək, həvəskarlara yardım göstərmək, bəlkə də arıçılıq birliyi yaratmaq vaxtı çatmışdır (Artıq bir neçə ildir ki, belə birlik yaradılmışdır. Bu istiqamətdə bir sıra işlər görülməkdədir. Red.).
Hər il min tonlarla meşələrin təbii sərvətləri – yabanı meşə meyvələri, dərman bitkiləri çürüyüb məhv olur. Bu itkidən qaçmaq üçün rayon mərkəzində konserv zavodu tikdirmək lazımdır, lakin onu tezləşdirmək üçün respublikanın əlaqədar təşkilatlarının köməyi gərəkdir. İl ərzində dərman bitkilərinin 60 faizdən çoxunu dağ camaatı verir. Onun qəbulunu bilavasitə yerlərdə təşkil etmək üçün emal sexləri, qəbul məntəqələri açılsa, yalnız xeyri olar.
Dağ kəndlərində yaşayan gənclər haqqında ciddi düşünməliyik. Onlar kənddə qalmaq istəsələr də, asudə vaxtlarını keçirməyə yer tapa bilmirlər. Ona görə də ucqar kəndlərdən köçüb rayon mərkəzinə yaxın təsərrüfatlara gəlirlər. Düzdür, burada onlara torpaq verilir, ev tikmək üçün kömək göstərilir. Lakin söhbət onları öz doğma yurdlarında saxlamaqdan gedir. Buna görə də həmin kəndlərdə klub, kitabxana açılmasına, işdən sonra gənclərin istirahətinə kömək edəcək obyektlərin tikintisinə, gənclərin oxumaq, öyrənmək tələbatına, müxtəlif dərnəklərin təşkilinə, məktəblərdə kənd təsərrüfatının profilinə uyğun əlavə və dərslərin keçirilməsinə geniş yer verilməlidir. Yalnız bu yolla kənddə texniki tərəqqiyə kömək edə biləcək sahələrin inkişafı mümkündür. Bununla kəndin özündə kadr məsələsi həll edilmiş olar.
Hazırda gəncləri kənddə saxlamaq üçün bir sıra işlər görülür. İvanovka. Talıstan, Tircan, Diyallı, Təzəkənd, Sulut kəndlərində müvafiq şərait yaradıldığından onlar artıq başqa yerlərə getmirlər. Qubaxəlilli və Hacıhətəmli kənd orta məktəblərinin məzunları doğma kəndlərində qalıb işləmək haqqında təşəbbüs irəli sürmüşlər. Lakin bir sıra başqa kəndlər haqqında bunu deyə bilmərik. Əlbəttə, burada yerli özünüidarə orqanlarının, həmkarlar ittifaqı təşkilatlarının, ərazidəki işgüzar adamların təqsiri az deyildir. Onlar daxili imkanlar hesabına gənclər üçün şərait yaratmaqda ləng tərpənirlər. Unutmaq olmaz ki, gənclər gedirlərsə, deməli, kənddə işçi qüvvəsi qalmır. Buna görə də indi dağ kəndlərində yaşayan əhalinin çoxunu yaşlılar təşkil edir. Onların da əksəriyyəti qadınlardır. Məsələn, Əhən kəndində 16-29 yaşlılar arasında 41 nəfər kişi 88 nəfər qadın var. Bir sıra başqa kəndlərdə də vəziyyət belədir.
Yaxşı olar ki, Ximran, Qoydan, Dvoryan kənd icmaları üçün Serpili düzündə yerli şəraitə uyğun evlər tikilsin, bu xırda kəndlər bir yerə cəmləşdirilsin. Girdiman çayı üstündə tikintisi yarımçıq qalmış körpünün inşası (Həmin körpü bir neçə ildir ki, istifadəyə verilib Red.) və təbii qaz xəttinin çəkilişi davam etdirilsin. Lahıclar həmişə dabbaq sənəti ilə, gön-dəri aşılamaqla məşğul olublar. Lahıc qəsəbəsində gön-dəri zavodu tikilsə, xeyli adam üçün iş yeri açılar. Təbiətin qorunmasına, ekoloji məsələlərə diqqət yetirilsə, burada bir çox məsələlər həll oluna bilər. Əgər respublikamızda nazirliklərin və baş idarələrin, habelə iri sənaye müəssisələrinin hərəsi öz xətti ilə dağ kəndlərində bir-iki tədbirə əl qatsa, bu gün meydana çıxan problemlərin əksəriyyəti öz həllini tapar. Məsələ belə durur: üzümüzü dağ kəndlərinə çevirək, onların ehtiyacını öyrənib aradan qaldıraq.
Bir sözlə, dağ kəndlərinin problemləri çoxdur, öz həllini gözləyir və bu işin müvəffəqiyyəti məsələyə kompleks yanaşılmasını tələb edir.
Əkbər Kərimov,
İqtisad elmləri namizədi

Redaksiyadan: Ximran kəndində dünyaya göz açmış, iqtisad elmləri namizədi olmuş həmyerlimiz, mərhum Əkbər Kərimovun bu yazısı 2005-ci ildə “İqtisadiyyat və audit” jurnalının 7-ci nömrəsində dərc edilmişdir. Mövzu bu gün də aktuallığını saxladığı üçün onu qəzetimizdə verməyi qərara aldıq. Müəllifin qaldırdığı problemlərin bəziləri artıq həllini tapıb, bir qismi də perspektiv layihələrdədir. Yeni RİH başçısı Mirdaməd Sadıqovun rayon sakinləri ilə görüşlərdə etdiyi çıxışlarda yazıdakı bu və ya digər problemlərdən daha geniş söhbət açılır.
Basqalda kəlağayı istehsalını canlandırmaq, xalça sexlərinin fəaliyyətə başlaması, yeni iş yerlərinin açılması, yolların çəkilməsi, meyvə emalı və digər müəssisələrin tikilib istifadəyə verilməsi məsələləri diqqət mərkəzindədir. Ümidvarıq ki, yazıda qaldırılan məsələlər yaxın gələcəkdə öz həllini əsaslı şəkildə tapacaqdır.

Şərh Yaz